Birləşmək istəyərkən ayrıldılar
Tarix boyu gördük ki, müxalifət düşərgəsində bir neçə blok, birlik yaransa da, çox tez bir zamanda dağıldı. Müxalifətçi "bəy"lərin bir-birlərinə qarşı olan nifrətləri, kinləri, qəzəbləri onların uzunmüddətli birgə fəaliyyət göstərməsinin qarşısını aldı, iş proseslərinə ciddi zərbə vurdu və aralarında olan qalmaqalları xeyli dərinləşdirdi. Ya da ki, bəzi vaxtlar onlar öncədən birləşmək niyyətində olduqlarını açıqlasalar da, sonra bu ideya, bu arzu puç olub. Yenə də seçki öncəsi müxalifət cəbhəsində müxtəlif partiyaların birləşməsi, seçkidə blok halında çıxış etməsi, birliklər yaratması kimi bəzi fikirlər səslənməkdədir. Artıq bu fikirlər, uzun müddətdir ki, arasıkəsilmədən səslənir. Lakin heç bir blok, heç bir birləşmə görüntüsü müşahidə edilmir. Əksinə, müxalifət partiyalarının bir-birlərinə bəslədikləri nifrətin, kinin daha da dərinləşdiyinin şahidi oluruq. Növbəti qarşıdurma isə müxalifət cəbhəsində olsalar da, bir-birlərinə kəskin əks-mövqedə olan AXCP (i) və "Ümid" partiyaları arasında yaranıb.
Belə ki, bir neçə gün bundan öncə, belə fikirlər səsləndi ki, AXCP (i) və "Ümid" partiyaları birləşmək qərarına gəliblər. Lakin tezliklə AXCP (i)-nin sədr müavini Nurəddin Məmmədli bildirib ki, "Ümid" partiyası ilə birləşməkdən söz gedə bilməz. O, həmçinin qeyd edib ki, AXCP (i) və "Ümid" partiyası heç vaxt bir masa arxasında oturub müzakirə aparmayıb və heç vaxt AXCP (i) "Ümid" partiyası ilə bir masa arxasında oturmaz. Sədr müavini açıq-aydın bildirir ki, "Ümid" partiyası müzakirə aparılmağa layiq olacaq bir partiya deyildir. Həmçinin, N.Məmmədli açıqlamasında bir daha təsdiq edir ki, "Ümid" partiyası ilə aralarında ciddi münaqişə hökm sürməkdədir.
AXCP (i)-nin bu bəyanatlarına hələ ki, "Ümid" partiyası tərəfindən heç bir açıqlama gəlməyib. Lakin tezliklə sərt bəyanatların veriləcəyi məlumdur. Çünki "Ümid" partiyasının sədri İqbal Ağazadə və partiya rəhbərliyi AXCP (i)-nin həm də digər bəzi müxalifət partiyalarının - Müsavat və AMİP-in qəddar düşmənidir. Bu düşmənçilik İ.Ağazadəni mütləq vadar edəcək ki, o, tezliklə N.Məmmədliyə sərt cavab versin.
Bir məsələ də məlumdur ki, müxalifət düşərgəsində hər hansı iki partiya arasında münaqişələr başlayırsa digər partiyalar da bu münaqişələrə gizli də olsa müdaxilə edirlər. Çünki müxalifətdə təmsil olunan bütün partiyalar bir-birlərinin tezliklə süqut etməsini, çökməsini istəyirlər. Ona görə də, bir-birlərinə dərin quyular qazırlar. Bu, onların ən birinci və ən mühüm peşələridir.
Sonda onu da qeyd edək ki, bu münaqişə çərçivəsində, ola bilər ki, AXCP (i) və ya "Ümid" partiyası təklənmiş duruma düşsün. Müxalifətçilər arasında heç vaxt görmədiyimiz səmimiliyi, mehribanlığı, dostluğu, müttəfiqliyi, iş birliyini indi də görmürük və heç vaxt da görməyəcəyik. Çünki radikalların iş fəaliyyətində yeganə bir məqsədləri var, o da budur ki, onlar yalnız bir-birlərinə quyu qazmaqla məşğuldular. Müxalifətçilərin bir-birlərinin pis günlərinə sevinmələri də, mənfi münasibətlərə səbəb olan amillərdəndir.