PDF Oxu

Müxalifət

  • 5

Seçkiərəfəsi növbəti qarşıdurma

Seçkiərəfəsi növbəti qarşıdurma
Gözlənildiyi kimi, müxalifətin bloku adı altında birləşmək məcburiyyətində qalan partiyalar arasında artıq fikir ayrılıqları parçalanmaya yol açıb. Ayrılmağın bir addımlığında qalan təşkilatları heç əvvəlcədən, əslində, heç bir ümumi mənafe və ya maraq birləşdirməmişdi. Ayrı-ayrı şəxslərin korporativ maraqlarının qurbanına çevrilən siyasi partiyaların rəhbərlərinin son anda bir-birilərini aldatmaq istədikləri özləri tərəfindən də etiraf edildi.
Belə ki, hələ "Azadlıq" blokunu yaratmaq ideyasını ortaya atdığı zaman AXCP (i) sədri Əli Kərimovun əsil istəyi bəlli idi. Bir neçə kiçik partiyanı ətrafına yığıb özünü siyasi qüvvə kimi təqdim etmək və konkret olaraq, bir neçə müxalift liderini sıradan çıxarıb, "müxalifət" adını inhisara almaq üçün qurduğu planı şantajla həyata keçirən AXCP (i) sədri, digər tərəfdən də, Müsavat partiyasında qeyri-rəsmi hakimiyyət dəyişikliyində tərəf olaraq İsa Qəmbərovu seçkidə iştirak etməkdən çəkindirdi. Müavinlərinin əlində əsirə çevrilmiş Müsavat başqanı isə separatçı müavinlə santajçı keçmiş müttəfiqin iradəsinə tabe olmaq yolunu seçdi. Ardından seçkiyə qatılmaqla və ya qatılmamaqla heç bir fəaliyyət ortaya qoya bilməyəcəyini, əksinə, xalqın onlara olan nifrətinin daha da artacağını dəqiq bilən və heç olmazsa meydanda tək qalmaq istəməyən "ANİF" də boykotçu komandaya qoşuldu. Hər keçirilən seçkinin nəticələrini tanımamaq kimi absurd bir sənəd ortaya çıxaran boykotçular elə öz tərəfdaşları, keçmiş dostları tərəfindən xəyanətdə suçlanırlar. Nəticədə isə seçkinin şəffaf, demokratik və azad bir şəraitdə keçməsinin həm daxili, həm də xarici siyasi qüvvələr, beynəlxalq aləm tərəfindən bəyan edilməsi boykotçu müxalifəti siyasi arenadan sildi. Bu gün isə, qarşıdakı parlament seçkisi ərəfəsi xalqın, dövlətin həyatında heç bir siyasi çəkisi olmayan bu partiyalar yenə də bir-birlərinə qarşı siyasi etikaya yaraşmayan hərəkətləri ilə gündəmə gəlmək istəyirlər. Bir müddət öncə, "MƏM" ("Müxalifətin Əməkdaşlıq Mərkəzi") yaratdıqlarını elan edən bu partiya rəhbərləri sonradan bu qruplaşmanı "VƏM" ("Vahid Əməkdaşlıq Mərkəzi") şəklində və bir təşkilat kimi ictimaiyyətə təqdim etməyə başladılar. Təbii ki, bu təqdimatın da arxasında bir sıra maraqlar dayanırdı...Yaranan boykotçu qruplaşmada əsas söz sahibi olduğunu hər addımbaşı nümayiş etdirmək stəyən AXCP (i) və sədri bir müddət öncə, boykotçu təşkilatların bir partiyada birləşmə perspektivindən ağız dolusu danışmağa başladı. Təbii ki, nəzarətində olan qəzetlərdə də bu tip yazılar yazdıran AXCP i) sədri Əli Kərimov onunla razılaşmayan boykotçu dostlarını köhnə üsulla ağıllandırmaq fikrində idi. Yəni, az keçmədi ki, etiraz edənlərə qarşı yeni şantaj kampaniyasına başlandı. AXCP (i)-nin nəzarətində olan qəzetlər etirazçıları "müxalifətin birliyini istəməyən", "hakimiyyətlə əlbir" kimi ənənəvi ifadələrə "qonaq etdilər". Bəs AXCP i) -nin bu kampaniyanı aparmaqda məqsədi nə idi? Artıq rəsmi surətdə parçaladığı Müsavat partiyasının ona sadiq olan hissəsini ələ keçirmək, siyasi arenada son günlərini yaşayan Lalə Hacıyevanın partiyasını ələ keçirmək, hələ özünə gəlməmiş "VİP"-in qanadlarını sındırmaq və vahid müxalifət lideri postuna yiyələnmək istəyən Ə.Kərimov absurd, nağılvari, gülməli arqumentlərlə hakimiyətin ona qarşı "təxribat" hazırladığını bəyan etməkdən çəkinmirdi. Boykot məsələsinə bu seçkidə də rastlaşacağını güman edən Ə.Kərimov yenə də altdan-altdan işlər görməkdədir. Bu dəfə ona etiraz edən müttəfiqləri mətbuatda sətiraltı ifadələrlə Ə.Kərimovun hansı işlərlə məşğul olduğunu da açıqlamağa başlayıblar. Müsavat partiyasının nəzarətində olan mətbu orqan tələsik şəkildə partiyanın 2010-cu il parlament seçkilərində iştirak edəcəyini qətiləşdirdiyini yazmaqla cəmiyyətə "səhv etmişik" mesajını verir. Hətta bu barədə danışan partiyanın parlament təmsilçilərindən biri məsələnin dəqiqləşdiyini deməkdən də çəkinmir. Beləliklə, Ə.Kərimova tabe olmayacaqlarını bildirən Müsavat partiyası yavaş-yavaş keçmiş dost-düşmənlərindən ayrılmaq xətti tutub.
ALP-nin vəziyyəti isə daha pisdir. Neçə ildir özünə sədr tapa bilməyən, sədr əvəzinin ümidinə qalan partiyada L.Hacıyevanın perspektivinə inanan qalmayıb. Cəmisi bir neçə üzvü olan partiyanı itirməmək üçün bütün vasitələrə əl atan L.Hacıyeva indi əvvəlki seçkilərdə iştirak etməməklə səhv etdiyini anlayır. Ə.Kərimovun onların partiyalarını ələ keçirmək istəyində olduğunu dərk edən L.Hacıyeva müxalifətin parlament seçkisi ərəfəsi yaradacaqları yeni birliyin yaranmasına ciddi-cəhdlə yox deyir. L.Hacıyeva səbəbini açıqlayaraq bildirib ki, belə olacağı təqdirdə, o, həmin təşkilatda həmtəsisçi qismində deyil, Ə.Kərimovdan asılı bir şəxs statusuna malik olacaqdır. Artıq şantaja başlayan AXCP (i) sədri məcbur edir ki, digərləri ya onun sözlərinə tabe olsun, ya da onun yanından getsin və bütün günahlar da onun boynunda qalsın, Ə.Kərimovun dövlətçiliyə, millətə xəyanəti, xarici qüvvələrlə işbirliyi ikinci plana keçsin. L.Hacıyeva isə artıq sayca ikinci olan "Azadlıq" blokunun dağılmayacağı təqdirdə, məntiqlə ikinci birliyə ehtiyac olmadığını söyləyir. O, yeni blok yaranacağı təqdirdə, "Azadlığ"ın kölgədə qalacağını arqument kimi dilə gətirir. Bu isə, bir daha göstərir ki, ALP lideri həmtəsisçilikdən vaz keçib, kiminsə müavininə çevrilmək istəmir.
Beləliklə, parlament seçkiləri ərəfəsi ölkənin siyasi palitrasından silinən qüvvələr bir-birləri ilə yeni qalmaqala başladılar. Onların xisləti hamıya yaxşı bəllidir. Yalnız pafoslu, quru danışığa əsaslanan "fəaliyyətlərindən" isə cəmiyyət xəbərdardır. Yalnız partiyalararası didişməyə başları qarışan bu insanlar siyasi mübarizə haqqında düşünməyə vaxt belə tapa bilmirlər. Çünki anlayırlar ki, onlar artıq məğlub olublar və xalq onlara inanmır. Elə bunun nəticəsidir ki, öz sədrlərini ciddi-cəhdlə qorumağa çalışan funksonerlər də onların siyasi səhnədən getməsinin vacibliyindən danışırlar.

Digər xəbərlər