PDF Oxu

Müxalifət

  • 10

“Azadlıq" bloku İsa Qəmbərovun təklifini rədd etdi

“Azadlıq" bloku İsa Qəmbərovun təklifini rədd etdi
Son vaxtlar bəzi partiya sədrləri cəmiyyətin diqqətini özlərinə cəlb etmək üçün radikal siyasi kurslarına barışdırıcı çalarlar əlavə etməyə çalışırlar. Bu metodla dağınıq və pərakəndə halda olan müxalifət partiyalarını bir araya gətirib, blok yaratmağa səylər göstərirlər. Hətta "KAXCP" sədri Mirmahmud Fəttayev bir sıra partiya sədrləri ilə görüşərək, yeni qurumun yaradılması ətrafında onlarla söhbətlər aparmışdır. Ancaq tərəflərin birinin digərini qəbul etməməsi M.Fəttayevin blok yaratmaq arzularını puça çıxarmışdır. M.Fəttayev "Səs"ə verdiyi açıqlamasında birliyin baş tutmamasında "Azadlıq" blokunda təmsil olunan partiyaların günahkar olduğunu bildirib:"Müxalifətin inteqrasiyasından danışan AXCP (i) sədri Əli Kərimov əməldə fərqli mövqe sərgiləyir. O, daha çox özünə yaxın bildiyi partiyalarla birliyin yaradılmasına ümid bəsləyir ki, bu da qeyri-ciddi siyasi mübarizənin əsasını qoya bilər".
Qeyd edək ki, AXCP (i) sədri Ə.Kərimov kənardan ona ünvanlanan tənqid və təhqirlərə baxmayaraq, qarşısına qoyulan sifarişləri yerinə yetirmək üçün fəaliyyətini davam etdirməkdədir. "Yurd" şefinin ultimativ bəyanatlar səsləndirməsi və "Azadlıq"ətrafı blokun yaradılmasına səylər göstərəcəyini bildirməsi müxalifətin birliyinə göstərilən cəhdlərin nəticəsiz qalacağını deməyə əsas verir. Düzdür, ADP sədri Sərdar Cəlaloğlu "Ümid"-ADP-"Azadlıq" blokunda təmsil olunan partiyalardan ibarət seçki bolkunun yaradılacağını bildirib. Onu da qeyd edib ki, onlar yaranacaq yeni qurumda Müsavat partiyasının təmsil olunmasını arzu etmirlər:"Müsavatın bütün fəaliyyəti müxalifətin birliyini pozmağa yönəlib. İsa Qəmbərov düşünülmədən müxalifət partiya sədrlərinə qarşı əsassız ittihamlar səsləndirir. Buna görə İ.Qəmbərovu məsuliyyətsiz partiya sədri də adlandırmaq olar".
Bir sözlə, baş verənlərə əsaslanaraq, onu demək olar ki, ADP sədri S.Cəlaloğlu və AXCP (i) sədri Ə.Kərimov müxalifət düşərgəsində yaranan boşluqdan istifadə edərək, təşəbbüsü ələ almağa çalışırlar. Bu da eyni iddiada olan Müsavat başqanı İ.Qəmbərov tərəfindən süngü ilə qarşılanır. Nəticədə, tərəflər arasında hazırda müşahidə olunan çəkişmələr yaranır. Aradabir proseslərə "KAXCP" sədri Mirmahmud Fəttayev də qoşulur. Yəni M.Fəttayev iddialardan heç də geri qalmadığını nümayiş etdirmək üçün ardıcıl addımlar atır. "KAXCP" sədri gah Qarabağ forumu keçirməyi planlaşdırır, gah da müxalifətin birliyinin yaradılması üçün təşəbbüslərlə çıxış edir. Amma istər Qarabağ forumu, istərsə də, müxalifətin birliyinə nail olmaq üçün irəli sürülən ideyalar elə düşərgə təmsilçiləri tərəfindən rədd edilir. Bu da "KAXCP" daxilində M.Fəttayevin özünə qarşı inamsızlığın yaranmasına gətirib çıxarır. Müəyyən hallarda "KAXCP" sədri Zəlimxan Məmmədlinin sədrə qarşı ittihamlar irəli sürməsi də, məhz yuxarıdı qeyd olunan inamsızlıqla bağlıdır. Hər halda, görünən proseslər bunu deməyə əsas verir.

Digər xəbərlər