PDF Oxu

Müxalifət

  • 10

Pənah Hüseynov Müsavatla AXCP (i)-nin birləşməsinə mane

Pənah Hüseynov Müsavatla AXCP (i)-nin birləşməsinə mane
Son zamanlar müxalifət düşərgəsində təmsil olunan partiyalar qarşıdakı parlament seçkilərində birlik forması yaratmaq ətrafında baş sındırırlar. Düşərgədə yaranmış olan süstlüyü, məhz bu cür yolla aradan qaldırmağa çalışan müxalifət başbilənləri öz aralarında qalmaqal və münaqişə yaratmaqla, gündəmin nəbzini tutmağa çalışırlar. Elə bu məqsədlə də müxalifət düşərgəsində çürük ideyalar sahibi olan Müsavat, "Demokratiya Uğrunda İttifaq", "Azadlıq" bloku qarşıdan gələn parlament seçkilərində birlik yaratmaq adı altında təşəbbüslərlə çıxış etmələri düşərgəni, sözün əsil mənasında, alt-üst edib. Bu ziddiyyətlər müxalif düşərgədə yeni münaqişələr və qarşıdurmalar yaradıb. Çünki düşərgədə təmsil olunan partiyaların birinin digərini görməyə gözü olmadığından, onların qarşılıqlı əməkdaşlıq müqabilində göndərdiyi təklifləri də ziddiyyətlə qarşılayırlar.
Müsavat partiyasının ilk olaraq AXCP (i)-yə əməkdaşlıqla bağlı təklif göndərməsi müəyyən mənada xoş qarşılansa da, sonradan rədd edilib. Buna başlıca maneə kimi isə "Demokrtiya Uğrunda İttifaq"ın təmsilçisi olan Pənah Hüsynovun AXCP (i) - Müsavat birliyinə əngəl yaratmasıdır. Elə bu səbəbdən də, hər iki partiya arasındakı heç də yaxşı olmayan münasibətlər açıq formada düşmənçiliyə keçib.
Qeyd edək ki, bir müddət öncə, düşərgədə Müsavatla AXCP (i) arasında birliyin yaranması, ümumi müxalifətin bu iki partiya ətrafında birləşməsi barədə təkliflər səsləndirdi. Sonradan isə AXCP (i) sədri Əli Kərimovla İsa Qəmbərov arasında birlik yaranarsa, bölünəcək pay bölgüsündə aralarındakı anlaşılmazlıq nəticədə bu məsələnin də söz olaraq bitməsinə səbəb oldu. İndiki halda isə düşərgədə hamıdan cəld tərpənməyə çalışan Müsavatın "Azadlıq" blokunda təmsil olunan partiyalara əməkdaşlıqla bağlı təklif göndərməsi müsbət qarşılanmayıb. Nəticə isə, həmişə olduğu kimi, müxalifətin daha da çıxılmaz olaylara düçar olması ilə yekunlaşdı.
   Bir məsələni də qeyd edək ki, müxalifət düşərgəsində Müsavat-AXCP (i) qarşılaşmasından sonra "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan qüvvələrlə "Azadlıq" blokunda təmsil olunan partiyalar arasında da xeyli dərəcədə gərginlik baş verdi. Məhz "DUİ" sədrlər şurasının sədri Mirmahmud Fəttayevin "Azadlıq" blokuna qarşıdan gələn parlament seçkilərində birgə iştirakla bağlı əməkdaşlıq təklifi göndərməsi də, düşərgədə tarıma çəkilmiş əsəblərin daha da gərilməsi ilə nəticələndi. M.Fəttayevin təklifinə daha sərt reaksiya verən isə "Azadlıq" blokunda təmsil olunan "VİP" sədri Əli Əliyev oldu. Guya AXCP (i) sədri Ə.Kərimovu canından çox istəyirmiş kimi görüntü yaratmağa çalışan Ə.Əliyev heç nədən özünə düşmən qazandı. Sonradan isə məlum olub ki, Ə.Kərimov Ə.Əliyevə heç də bu qədər əmək sərf etməyin lüzumsuz olduğu barədə məsləhət də verib. İndi isə Ə.Əliyev M.Fəttayevlə aralarındakı münasibəti Ə.Kərimova görə korladığından, möhkəm təəssüf hissi keçirir. Bütün bunlar müxalifətin əbədi olaraq bitib tükənməyən daxili ziddiyyətləridir. Çünki burada təmsil olunan şəxslərin heç biri normal müstəvidə cəmiyyətə xidmət etmək niyyətindən tam uzaqdırlar. Ona görə də, onların dediklərini özlərindən başqa heç kim eşitmir.

Digər xəbərlər