Müxalifəti uğursuzluğa düçar edən səbəblər
İstər seçki öncəsi, istərsə də digər məqamlarda və zamanlarda müxalifət düşərgəsində onları məşğul edən və əsas peşələrinə çevrilən bir məsələ var ki, bu da aralarında yaratdıqları münaqişələrdir. Bu münaqişələri onlar arasında özləri yaradırlar. Necə deyərlər, sapı özlərindən olan baltalardır.
Lakin bu düşərgədə yer alan bəzi insanlar, xüsusən də, müxalifət partiyalarının rəhbərləri zaman-zaman iddialı çıxışlar edirlər. Bu çıxışlarla onlar özlərini daha da gülünc vəziyyətə salmış olurlar.
Müxalifəti uğursuzluğa düçar edən çox səbəblər var. Qeyd etmək yerinə düşər ki, uzun illərdir bu düşərgədə təmsil olunan partiyaları məğlubiyyətə aparan səbəblər hələ də aradan qaldırılmır. Səbəblərin aradan qaldırılmaması isə müxalifətçi "bəy"lərin siyasi liderlik qabiliyyətinin olmamasından, bir-birlərinə qarşı dərin nifrətindən irəli gəlir. Son zamanlar AXCP (i) sədri Əli Kərimov, Müsavat başqanı İsa Qəmbərov, ALP-nin sədr əvəzi Əvəz Temirxan, AMİP lideri Etibar Məmmədov arasında baş verən və səngimək bilməyən qarşılıqlı münaqişələr ölkəmizdə keçiriləcək parlament seçkiləri öncəsi bir daha müxalifətin yerlərdə sürünən nüfuzunu daha da sarsıldı. Artıq müxalifətçi bəylər çarəsiz durumda qaldıqlarını çox yaxşı anlayırlar. Bəzi vaxtlar onlar özləri də çıxılmaz vəziyyətdə qaldıqlarını etiraf edirlər. Biz müxtəlif zamanlarda bəzi radikal "bəy"lərin müxalifətçilər arasında, müxalifət düşərgəsində özünü lider adlandırmasının, at oynatmaq niyyətində olmasının şahidi olmuşuq. Lakin onlardan heç biri öz arzularına çata bilməyib. Bir-birlərinin arzularını gözlərində qoyan müxalifətçi "qardaşlar" hər zaman gərgin vəziyyətlərlə qarşılaşıblar. Belə ki, Ə.Kərimovun müxalifət partiyaları haqda "siz müxalifət üçün heç nə etmirsiz" sözlərinə dərhal cavab verən Ə.Temirxan onu yalançı, ikiüzlü kimi dəyərləndirdi. Sonra isə bir neçə müxalifətçi "bəy"lər birləşərək, Müsavat başqanına sərt ittihamlar səsləndirdilər. Hətta Rauf Arifoğlu da İsa Qəmbərova itaətsizlik edərək, onunla artıq eyni cəbhədə olmayacağını bildirdi və yeni partiya yaratmaq arzusunu dilə gətirdi. Bütün bunlar dağılma ərəfəsində olan Müsavat partiyasına daha da ciddi zərbələr vurmuş oldu. Bu zərbələrin təsirindən özünə gələ bilməyən Müsavat rəhbərliyi artıq parlament seçkilərində məğlub olacağını indidən etiraf etməyə başlayıb.
Müxalifətçilərin məğlub durumunun səbəbləri təkcə bunlar deyil. Onların öz daxilində bir neçə səbəblər var ki, zaman-zaman bu səbəblər barədə də danışılacaq.