PDF Oxu

Müxalifət

  • 10

İsa Qəmbərovun

İsa Qəmbərovun
"seçki" ssenarisiMüsavatda bu il başqan dəyişikliyi olacaq. Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlunun da dediyi kimi, "bu, artıq dayandırılması mümkün olmayan prosesdir." Ona görə də, Müsavat başqanı İsa Qəmbərov yeni taktika düşünüb. Partiyadakı qruplaşmaların öhdəsindən gələ bilməyəcəyini anlayan İ.Qəmbərov indi yeni ssenari hazırlayıb. Belə ki, Müsavat daxilindəki mənbənin bildirdiyinə görə, qurultayda Müsavatın nizamnaməsinə dəyişiklik ediləcək və Məclis sədrinin səlahiyyətləri artırılacaq, əvəzində isə başqan postu adi bir səlahiyyətsiz funksionerlikdən fərqlənməyəcək, bütün qərarları indi Məclis sədri verəcək və başqan isə yalnız formal xarakter daşıyacaq. Bir sözlə, İ.Qəmbərov Müsavata öz şəxsi təsərrüfatı kimi baxmaqda davam edir və onu nəzarətindən buraxmaq istəmir. Amma bu, o demək deyil ki, Müsavatdakı funksionerlər də onunla razılaşırlar. Artıq Sülhəddin Əkbər və Arif Hacıyev öz iddialarını ortaya qoyaraq, başqan səlahiyyətlərinin toxunulmaz olaraq qalmasının vacibliyini bildiriblər. Qeyd edək ki, hər iki funksionerin partiyada çox ciddi dayaqları var və başqanlığa real namizədlər hesab olunurlar. Amma buna baxmayaraq İ.Qəmbərov başqanlığa öz həmyerlisi Qubad İbadoğlunu gətirmək niyyətindədir. Hətta İ.Qəmbərovun səyi ilə onun başqanlığa daha şanslı namizəd olması görüntüsünü yaratmaq niyyətilə bu yaxınlarda saytlardan birində sorğu təşkil edilmiş və qəsdən Qubad İbadoğlunun xeyrinə səslər artırılmışdı. Bunu Müsavatda da hər kəs başa düşüb və sorğu ilə Müsavatdakı vəziyyətin üst-üstə düşmədiyinin fərqindədirlər. Sadəcə, hər kəs qurultay gününü gözləyir ki, öz istədiyi namizədə səs versin. Amma İ.Qəmbərov qəti qərara alıb ki, kimə səs verirlərsə versinlər, qutudan Q.İbadoğlunun adı çıxmalıdır, həm də Məclis sədrinin səlahiyyətlərinin artırılması ilə bağlı təklifə də hamı yekdilliklə "səs verməlidir". Müsavat Gənclər Təşkilatının sədri Tural Abbasova isə tapşırılıb ki, qurultaya qədər və ondan sonra məlum ssenari əleyhinə çıxmağa çalışanları hətta təhqir etməkdən belə qorxmasınlar, onları xəyanət etməkdə günahlandırsınlar və partiyadan getməyə məcbur etsinlər. Bu tapşırığın nəticəsi olaraq MGT sədri bu günlərdə verdiyi müsahibədə bildirib ki, "Başqanı sona qədər qoruyacağıq". Müsavatın daxilində başqanı kimdən qoruyacaqlar, təbii ki, nizamnaməyə dəyişikliklərə və öz istədiyi şəxsi başqan postuna gətirmək ssenarisinə etiraz edənlərdən. Onların sayı isə hər gün daha da artır.

Digər xəbərlər