Müsavatda İsa Qəmbərov "erası" sona çatıb
Qarşıdan gələn parlament seçkisi öncəsi müxalifət düşərgəsində mövcud durum daha da çıxılmaz vəziyyətə düşüb.
Artıq partiyalar arasında bir neçə ay sonra baş verəcək tədbirə qatılmaq və hansı formada bu məsələdə mövqe nümayiş etdirmək uğrunda, sözün əsil mənasında, mübarizə gedir. Bir çox müxalifət partiya rəhbərləri özlərini, həmişə olduğu kimi, kimlərəsə göstərməyə çalışırlar. Bu məqsədlərinə nail olmaq üçün Müsavat başqanı İsa Qəmbərov hamıdan cəld tərpənərək, müxalifətin onun rəhbərliyi altında birləşməsi variantını irəli sürüb. İ.Qəmbərovun bu təklifinə müsbət cavabı ilk və son olaraq sonuncu dayanacaqda olan AXCP (i) sədri Əli Kərimov verib. Baxmayaraq ki, onun təmsil olunduğu "Azadlıq" bloku ilə Müsavat partiyası arasında hal-hazırda əsil savaş gedir. Amma Ə.Kərimov onun üçün ayaqda qalmaq qədər dəyərli olan bu şansı əldən buraxmaq istəməyir. Hətta müttəfiqi olduğu ALP-nin sədr əvəzi Əvəz Temirxana İ.Qəmbərova qarşı ehtiyatlı davranmağı da məsləhət görür. Bundan əlavə isə "Demokratiya Uğrunda İttifaq"ın əməkdaşlıqla bağlı İ.Qəmbərova göndərdiyi təklifə başqan da özlüyündə müsbət reaksiya verib. ADP isə bu məsələdə kiminləsə əməkdaşlıq qurmağa ehtiyatla yanaşır. Qurumun sədri Sərdar Calaloğlu hazırda düşərgədə onunla əməkdaşlıq edə biləcək səviyyədə hər hansı bir qurumun olmadığını bildirib. Bütün bunlar isə İ.Qəmbərovun bir göz qırpımında düşərgədə aranı necə qatdığını bir daha təsdiqləyir. Onun formal olaraq başqanlıq etdiyi partiyada isə vəziyyət gündən-günə daha da ağırlaşır. Çünki partiyada təmsil olunan bəzi gənclər başqanlığa iddialı olduqlarını açıq şəkildə bildiriblər. Onlar iddia irəli sürüblər ki, ilk növbədə, partiyada gəncləşmə siyasətinə nail olmaq lazımdır. Bunun ardınca isə müsavatçı gənclərin parlamentdə də təmsil olunmaq iddialarının olduğu bildirilir.
Qeyd edək ki, oxşar hadisə bir il bundan öncə də baş vermişdi. O zaman "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu partiya rəhbərliyində olan şəxsləri kəskin hədəfə alaraq onları qorxaqlıqda və ikiüzlülükdə ittiham etmişdi. Sonradan isə partiya başqanı İ.Qəmbərov müəyyən vasitələrdən istifadə edərək, R.Arifoğlunu yola gətirə bilmişdi. Bu dəfə olanları asanlıqla yoluna qoyulan məsələyə oxşamır. Çünki partiya rəhbərliyində olanlar da, artıq başqanlığa yeni bir şəxsin gətirilməsini istəyirlər. Bütün bunlar isə siyasətdə İ.Qəmbərov mərhələsinin artıq sona yetdiyini göstərir.
Müsavat partiyasında yeni başqanın seçilməsi və qurum daxilində köhnə psixologiyalı şəxslərin təqaüdə göndərilməsi üçün zəruri olan zaman artıq yetişib. Bunu partiyanın icra aparatının rəhbəri Arif Hacıyev də təsdiqləyib. O bildirib ki, yeni şəxslərin siyasi arenaya daxil olmasının zamanı yetişib. Bu məqsədlə də bir sıra vacib addımların atılmasının zəruriliyini bildirən A.Hacıyev özünü də yeniləşmənin içində gördüyünü söyləyib. Qeyd edib ki, o, hazırda Müsavat partiyasına rəhbərlik edə biləcək yeganə şəxsdir. Eyni zamanda, A.Hacıyev qarşıdakı parlament seçilərində iştirak edərək, mandat qazanmağı da düşünür. Görünür, müxalifət düşərgəsində olanlar zaman getdikcə xəyallarında canlandırdıqları istəklərini dilə gətirməklə özlərinə təsəlli verməyə çalışırlar. Çünki birdən-birə A.Hacıyevin həm başqanlıq, həm də ki, millət vəkilliyi arzulamağı, məhz bu dediklərimizin tam təsdiqidir. Amma bir fakt da ondan ibarətdir ki, bu baş verənlər Müsavatda İ.Qəmbərov "erası"nın bitdiyinin göstəricisidir. Çünki artıq İ.Qəmbərovun özü də ağılsız ideyalar irəli sürməklə onun üçün hər şeyin bitdiyinə işarə vurur.