Radikal düşərgədə yeni bloklaşma prosesi
Artıq hələ bələdiyyə seçkilərindən əvvəl dilə gətirdiyimiz fikirlər, radikal düşərgədə parlament seçkiləri ərəfəsi sürətlə öz təsdiqini tapmaqdadır. Belə ki, istər prezident, istərsə də, bələdiyyə seçkilərindən əvvəl seçkilərə qoşulmaqdan imtina edərək öz siyasi iflaslarını dəqiq şəkildə ortaya qoyan müxalifət təmsilçiləri parlament seçkiləri ərəfəsi yenidən bu məsələnin üzərində baş sındırırlar. Kimisi hələ radikal düşərgənin tükənmədiyini sadəlövhcəsinə sübut etməyə çalışır, bir başqası isə hazırkı müxalifət rəhbərləri ilə artıq bundan sonra heç bir addım belə addım atmayacaqlarını israrla vurğulayırlar. Hərə bir fikir söyləsə də, artıq hamı qəbul edir ki, daha radikal düşərgə barəsində bir kəlmə də olsun nəsə ümidli fikir söyləmək mümkünsüzdür. Bu adamlar müxalifəti elə vəziyyətə gətiriblər ki, radikal düşərgənin heç saman çöpünə də ümidi qalmayıb. Necə demişdik, elə də davam edir. Demək olar ki, seçki bitər-bitməz müxalifət partiyaları gündəmə gəlmək və növbəti mərhələdə təşəbbüsü ələ almaq üçün var qüvvələri ilə mübarizəyə atıldılar.
İndi Müsavatla AXCP (i) seçkiyə qədər daha sox radikal düşərgənin əsas qüvvəsi "ana müxalifət" olmaq üçün var qüvvələri ilə didişir. İ.Qəmbərovu aradan qaldırmaq və bununla da əbədi düşmənini müxalifətdən silmək üçün gecə-gündüz baş sındıran "Yurd" şefi, bu məsələdə Müsavatın daxili "kozırlarından" məharətlə istifadə etməyə çalışır. Onun köməyinə isə, uzun müddətdir ki, başqanla əsil "siçan-pişik" oyunu oynayan "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu çatdı.
Hazırda başqana istənilən zərbəni vurmaq üçün "yol" R.Arifoğlundan keçir. Başqanın əleyhdarları ancaq və ancaq bir şəxsi "görməlidirlər". Hazırda da "Yeni Müsavat" müxalifət düşərgəsində daha çox "intriqa ruporu" rolunu oynayır. Elə AMİP-in də hazırkı durumu qəliz, Etibar Məmmədovun partiyanı qoruyub saxlamaq imkanı çətindən də çətindir. Müsavatı çökdürməyə çalışan Ə.Kərimov, sadəcə, "sökülür". ADP sədri Sərdar Cəlaloğlu isə öz ittihamlarından və müxalifəti şoka salan bəyanatlarından əl çəkmir. Bu günlərdə müxalifət qəzetlərinə açıqlamalar verən ADP rəhbəri bildirib ki, artıq səbr kasası daşıb və bir çoxlarının müxalifəti yenidən öz xırda maraqlarına qurban vermək cəhdləri qətiyyən alınmayacaq.
S.Cəlaloğlu müxalifətdaxili inteqrasiyaya diqqəti çəkərək, bir sıra radikal partiyaların rəhbərlərinin konstruktiv mövqeyinə görə, ADP-nin müxalifətə aid olmaması ilə bağlı açıqlamalarını sərsəmlik adlandırıb. Bəziləri isə, hələ də, keçmişdə olduğu kimi, müxalifəti öz istəklərini "fırlatmaq" niyyətində olduğunu deyiblər. S.Cəlaloğlu müxalifətədə bəzi partiyaların, həmişə olduğu kimi, bu seçkiərəfəsi tələm-tələsik yeni blok yaratmaq üçün dəridən-qabıqdan çıxdıqlarını dilə gətirərək, artıq müxalifətdə atılan hər bir addımın mənasız olduğunu, indiki partiya rəhbərlərinin çoxunun köhnə streotiplərlə yaşadıqlarını bildirib.
ADP sədri yeni inteqrasiya və konstruktiv siyasətinin qəbul olunmamasının müxalifəti fəlakətə apardığını vurğulayıb və əlavə edib ki, onların özləri yeni blok yaratmaq niyyətinə düşüblər. Bu isə, o deməkdir ki, radikal düşərgədə yeni bloklaşma prosesi baş qaldırıb və ADP hazırkı müxalifət rəhbərləri ilə heç bir blokda təmsil olunmayacaq. Görünür, radikal düşərgədə yeni bloklar yaratmaq və növbəti parlament seçkilərinə hazırlaşan müxalifət liderləri yenə didişmələr və qırğınlar dolu bir mərhələ keçəcəklər. Zavallı müxalifət.