“Azadlıq" bloku müxalifətin birliyinə qarşı
Müsavat partiyasının başqanı İsa Qəmbərov hər seçki öncəsi bir şou düzəldir. Əvəzsiz şoumen olan İ.Qəmbərovun şouları UĞURSUZLUQLA nəticələnir. Hər zaman uğursuzluqla üzləşən Müsavat başqanı bu il parlament ili olduğu üçün yeni bir "ideya" fikirləşib. O, radikal müxalifət partiyalarını bir arada birləşdirərək, özü isə bu düşərgəyə liderlik etmək istəyirdi.
Ancaq İsa "bəy"in liderlik arzusu baş tutmadı. Çünki düşərgə tamamilə ona qarşı çevrildi. Bu da, bir daha onu göstərdi ki, Müsavat partiyasının başqanı İ.Qəmbərov SİYASƏTÇİ DEYİL. Əgər o, siyasətçi olsaydı, bir tərəfdən müxalifəti bir araya gətirmək (?!) fikrini irəli sürüb, o biri tərəfdən də müxalifətçi həmkarlarını agent adlandırmazdı. Yəni bir əldə iki qarpız tutub, özünü cəmiyyətə siyasətçi kimi sırımaq istəyən İ.Qəmbərovun bu hiyləsi baş tutmadı. İlk öncə, İ.Qəmbərova qarşı təpki "MBH" və ALP rəhbərliyindən (Lalə Hacıyeva və Əvəz Temirxan) gəldi. Belə ki, İsa "bəy" L.Hacıyvanı Rusiyanın agenti elan etdi. Ardınca isə, "MBH" lideri İ.Qəmbərovun cavabını verdi. O, mətbuata açıqlamasında Müsavat başqanını partiya daxilində qarşıdurma yaratmaqda, düşərgəni parçalamaqda ittiham etdi. Əslində, Müsavat-ALP qarşıdurması çoxdan start götürmüşdü. Belə ki, bir neçə ay öncə, "Yeni Müsavat" qəzetində ALP və adıçəkilən partiyanın rəhbərliyi (xüsusən də, Ə.Temirxan) sərt şəkildə tənqid olunurdu. Əvəzində isə, ALP-nin sədr əvəzi Ə.Temirxan adıçəkilən qəzetin rəhbərini-Rauf Arifoğlunu məhkəməyə verəcəyini vurğuladı. Onu da qeyd etmək lazımdır ki, R.Arifoğlu Müsavat rəhbərliyində təmsil olunur və adıçəkilən partiyada mövcud olan qruplaşmalardan birinə rəhbərlik edir, eləcə də, İ.Qəmbərovun ən ehtiyat etdiyi şəxslərdəndir. Yəni Müsavat-ALP (İ.Qəmbərov-L.Hacıyeva) qarşıdurmasının ilk qığılcımları "Yeni Müsavat" qəzetində hiss edilməyə başladı. Tam əminliklə demək olar ki, bu qarşıdurmanın ideya müəllifi R.Arifoğlu, uğursuz planın icracısı İ.Qəmbərovdur. Bu da Müsavat-ALP münasibətləri.
"Azadlıq" blokunda təmsil olunan digər partiya, İFLİC vəziyyətdə olan AXCP (i)-dir. Adıçəkilən partiyanın sədri Əli Kərimov partiyasını elə bir duruma salıb ki, bu partiyadan danışmağa dəyməz. Əslində, bütün radikal müxalifət partiyaları bu vəziyyətdədir. Çünki eyni siyasət, eyni liderlər. Müsavat başqanı "Azadlıq" blokunu ələ keçirmək üçün ilk öncə dost-düşməni olan "Yurd" şefi Ə.Kərimovu ələ almaq istədi. Onu da nəzərə almaq lazımdır ki, Müsavat-AXCP (i) (Ə.Kərimov-İ.Qəmbərov) münasibətləri heç zaman normal olmayıb. Lakin bütün bunlara baxmayaraq, Müsavat partiyasının başqanı AXCP (i) ilə əməkdaşlıq etmək və bunun da nəticəsində blok şəklində birləşmək təklifini irəli sürdü. Onu da qeyd edək ki, İ.Qəmbərovun bu təklifi ilə Müsavat daxilində razılaşmayan şəxslər mövcud idi. Belə ki, başda Arif Hacıyev olmaqla, bir qrup Müsavat funksioneri başqanlarının ideyasına qarşı çıxdılar. Elə AXCP (i)-nin də cavabı özünü çox gözlətmədi. Ə.Kərimov dolayısı ilə Müsavat başqanına "atval" cavabını verdi. Beləliklə, "Azadlıq" bloku onsuz da BAŞ TUTMAYACAQ müxalifətin birliyinə qarşı çıxdı. İ.Qəmbərovun arzusu isə, həmişə olduğu kimi, ürəyində qaldı.