PDF Oxu

Müxalifət

  • 9

Müxalifətdə liderlik savaşı

Müxalifətdə liderlik savaşı
Həmişə olduğu kimi, builki parlament seçkilərinə də müxalifət parçalanmış və dağınıq şəkildə gedir. Əvvəlcə süni birlik görüntüsü yaradılsa da bu uzun çəkmədi və İ.Qəmbərovun bütün müxalifətin vahid lideri olmaq iddiası tezliklə özünü göstərdi. Müxalifət düşərgəsində təkləndiyini görən Müsavat başqanı düşərgədə agentlərin olduğunu bəyan etməklə, gərgin olan vəziyyəti daha da gərginləşdirdi.
İndi artıq bu gərginlik müxalifətçi yazarlara qədər uzanıb və "Azadlıq" qəzetinin yazarları da bir-birini agent qismində görürlər. Təbii ki, müxalifətdə hansısa xarici kəşfiyyat orqanlarının agenturasına cəlb olunmuş şəxslərin olmasının elə həmin düşərgəni təmsil edən şəxslərin özləri tərəfindən etiraf edilməsi müsbət haldır. Ən azından, ona görə ki, xalq bir daha bu şəxslərin və bu düşərgənin hara və hansı məqsədə xidmət etdiyini görür. Müxalifətin öz daxilində də bir çoxları artıq belə məsələlərin üstü açıldığına görə səhv etdiklərini anlayıb peşman olmağa başlayıblar. Buna baxmayaraq müxalifətin vahid lideri olmaq uğrunda İsa Qəmbərovla Əli Kərimov arasında gedən mübarizə günü gündən daha da qızışır. AXCP (i) sədrinin məsləhət verməsini həzm edə bilməyən Müsavat başqanının "Mənə ağsaqqal lazım deyil" deməsinə cavab olaraq Ə.Kərimov "mən ağsaqqallıq etmək fikrində və yaşında deyiləm, amma İsa Qəmbərov niyə ağsaqqal yaşında olduğu halda bunu eləmir başa düşə bilmirəm" deməklə başqanın bölücülük fəaliyyətilə məşğul olduğuna işarə edib. Müşahidələr göstərir ki, proses hələ ilkin mərhələdədir və gələcək həftələrdə müxalifət daxilindəki liderlik uğrunda savaş daha ağır müstəviyə keçəcək. Hətta Müsavat və AXCP (i) gəncləri arasında əlbəyaxa qarşıdurmaların da ola biləcəyi şübhə doğurmur. Qeyd edək ki, AXCP (i) gəncləri başqanın ALP sədrinə qarşı yönəlmiş bəyanatlarını müxalifəti parçalamaq cəhdi kimi qiymətləndirir və qəzəblərini yazılarında tez-tez ifadə edirlər. Ona görə də, Müsavat gənclərinin bu yazılara sərt cavab verəcəkləri gözləniləndir. Qeyd edək ki, artıq Müsavat Gənclər Təşkilatı bununla bağlı qapalı bir toplantı keçirib və AXCP-yə hər cür cavab verməyə hazır olmaq barədə qərar verilib. Beləliklə də, məlum olur ki, müxalifətin vahid lideri olmaq istəyən İ.Qəmbərov və Ə.Kərimov yenə də gənclərdən alət kimi istifadə etmək istəyirlər. Hakimiyyətə sahib olmaq üçün hər şeyə hazır olan müxalifət liderləri indi bir-birini sıradan çıxarmaq üçün bütün imkanlarını səfərbər ediblər və parlament seçkilərinə qədər münasibətləri aydınlaşdırmaqda qərarlıdırlar. Amma şübhəsiz ki, bərbad vəziyyətdə olan Müsavat və AXCP (i)-nin bu son qarşıdurması hər iki partiyanın daha da parçalanmasına gətirib çıxaracaq. Ötən illərin təcrübəsi də bunu sübut edir ki, həmişə müxalifətin birləşmək təşəbbüsü İ.Qəmbərovun vahid lider olmaq iddiası qarşısında fiaskoya uğrayıb və müxalifət birləşmək əvəzinə, daha da parçalanıb. İndi yenə həmin proses gedir və yeni "cırtdan" partiyaların yaranacağına heç bir şübhə ola bilməz.

Digər xəbərlər