Müsavat-ALP savaşı davam edir
Son günlər Müsavatla ALP arasında yaranan gərginlik getdikcə dərinləşir. Bu məsələdə xüsusi rol alan "Yeni Müsavat" qəzetinə qarşı da ALP-dən kəskin ittihamlar irəli sürülür. Qəzet Lalə Hacıyeva ilə müzakirələrə hazır olduğunu bəyanlayıb. Eyni zamanda, "Yeni Müsavat" bu müzakirələrin Əvəz Temirxansız aparılması şərti ilə çıxış edir.
ALP sədr əvəzi Əvəz Temirxan qəzetin bu təklifini cavablandırıb: "Əgər Lalə Hacıyeva istəyərsə, "Yeni Müsavat"ı bağışlayaram. Amma gərək bu qəzet bizə qarşı, xüsusilə də, mənimlə bağlı böhtanlara görə mənimlə müzakirə aparsın və əllərindəka faktları ortaya qoysunlar. Ya da özlərini alçaltmadan məndən üzr istəsələr, gərginliyə son qoyula bilər". Əvəz bəy, son günlərdə Müsavata qarşı fasiləsiz ittihamlarla çıxış edir. ALP yetkilisi qeyd edir ki, "Müsavat" həm cəmiyyətdə, həm də siyasi dairələrdə nüfuzunu tamam itirdiyindən gündəmdə qalmaq üçün şoular düzəldir. Onun sözlərinə görə, bu qəbildən sonuncu şou "agent" məsələsi idi.
"1988-ci ildən müxalifət tarixi göstərir ki, İsa Qəmbərov olan yerdə dağıdıcı inqtriqalar olub, müxalifətin birliyi olmayıb. Bu adam həmişə közü öz qabağına çəkib. Şəxsi və qrup maraqlarını Azərbaycan xalqının maraqlarından üstün tutub. Ona görə də, İsa Qəmbərovun liderlik iddiası absurddur"- Əvəz Temirxan deyib.
Onun sözlərinə görə, müxalifətin lideri olmaq istəyən şəxs siyasətdə mənəviyyatı hər şeydən üstün tutmalıdır: "Həmkarlarımdan biri İsa Qəmbərova irad tutanda ki, müxalifətdaxili münasibətlərdə şərəfli, namuslu siyasət yürütmək lazımdır. İsa Qəmbərov belə bir cavab vermişdi ki, "siyasətdə nə şərəf, nə namus?" Artıq şərhə ehtiyac yoxdur. Belə adam müxalifət lideri ola bilməz".
Ə.Temirxan Müsavat başqanını qorxaqlıqda da ittiham edib: "1990-cı il 20 yanvarda sovet ordusu Azərbaycan xalqını qıranda, İsa Qəmbərov mətbuata etiraf etdiyinə görə, bir dostunun evində çay içirdi. Sonra da Primakov "KQB" sədri Vaqif Hüseynova tapşırırdı ki, ona toxunmayın. 1998-ci ildə 8 noyabr hadisələrində İsa Qəmbərov meydandan qaçan birincilər arasındaydı. 2003-cü il 16 oktyabrda daxili işlər nazirinin müavinlərinin birinin maşınında öz ofisini tərk edən və bir daha meydan qayıtmayan, döyülən, öldürülən fədakar insanları meydanda qoyub qaçan və ayyarım evindən çölə çıxmayan da İsa Qəmbərov idi. 2005-ci ildə 26 noyabr mitinqində meydandan birinci, arxa qapıdan qaçan və dərhal şəhərdən çıxıb mətbuat konfransına belə gəlməkdən imtina edən də İsa Qəmbərov oldu.
Yəni, yeri gələndə, ekstremal situasiyada dabanına tüpürən adamdan lider olmaz. Ona görə də, İsa Qəmbərov öz dostları vasitəsi ilə "lider" imicini üfürməsin. Çünki onun üfürülmüş imici adi bir tikana rast gələ bilər. Ondan Azərbaycan müxalifətinə lider olmayacaq. Əksinə, keçən il bələdiyyə seçkilərində müxalifətin bir araya gəlməsinə İsa Qəmbərov imkan vermədi. Çünki iqtidardakı "dostlarının" sifariş belə idi.
Bu gün də Azərbaycan müxalifətinin bir araya gəlməsinə mane olan, agent axtarışına çıxan, "KQB" ilə əməkdaşlığa dair özünün ünvanına söylənilmiş, konkret faktlardan qaçan Müsavat başqanıdır. Bilirsiniz ki, iqtidar tərəfdarı onun kliçkasını və agentura işinin nömrəsini mətbuatda açıqlayıb, amma bunları açıqlayan adam indiyə kimi İ.Qəmbərov tərəfindən məhkəməyə verilməyib. Mən İsa Qəmbərovun bu adama qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəyini gözləyirəm. Əgər özündə cəsarət tapıb məhkəməyə müraciət edərsə, onun haqlarını məhkəmədə hüquqşünas kimi təmənnasız müdafiə etməyə hazıram. Ən "böyük" çekist adına iddialı olan İsa Qəmbərov yaxşı olar ki, sovet "KQB"-sinin AXC-yə yeritdiyi, bu günə kimi müxalifətdə "at oynadan" "Molotov" kliçkalı agenti ifşa etsin, ondan sonra müxalifətin liderliyi haqqında danışsın. Hesab edirəm ki, ən "böyük" çekist İsa Qəmbərov agent "Molotov"u ifşa etsə, Azərbaycan xalqına ən böyük xidmətini göstərər. Azərbaycan siyasətində kimin keçmiş SSRİ-nin xarici işlər naziri Molotova oxşadığını oxucu yaxşı bilir".
Göründüyü kimi, radikal düşərgədə baş verən qarşıdurmalar getdikcə güclənir. Hələlik, savaş media müstəvisində qarşılıqlı ittihamlar formasında davam etsə də, prosesin sonrakı mərhələlərində başqa proseslərin də baş verəcəyi istisna deyil.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, radikal müxalifət liderləri artıq bir-birinin bütün əməllərini çıxarıb qoyublar ortaya. Bu səbəbdən də, qanlı-bıçaq olan liderlərin bundan sonra bir araya gələcəkləri inandırıcı deyil. Təklikdə də, hər lider heç millət vəkili seçilməyə belə gücü yetəcək səviyyədə deyil.Qarşıdan gələn parlament seçkilərində müxalifətin birgə çıxış etməsi haqda ortaya atılan təkliflər isə, ucuz şoudan başqa bir şey deyil. Çünki bu təklifləri irəli sürənlər özləri də bilirlər ki, belə bir şey mümkün deyil. Deməli, əsas məqsəd müxtəlif şoularla bir müddət də siyasi səhnədə qalmaqdan ibarətdir. Bu oyunlara isə uzağı bu ilin payızında parlament seçkilərindən sonra son qoyulacaq.
Çünki həmin seçkidə ölkədə bütün partiyaların imkanları bir daha ortaya qoyulacaq və millət vəkili seçilməyə belə gücü yetməyən "lider"in prezidentlik iddiasında bulunmasının absurd olması ortaya qoyulacaq.