Əvəz Temirxan “Azadlıq" blokundan cavab gözləyir
Məlum olduğu kimi, bu il respublikamızda növbəti dəfə demokratik parlament seçkiləri keçiriləcək. Bu isə, radikal müxalifət partiyalarının "fəallaşmalarına" səbəb olub. Ancaq "bəy"lərin fəallaşması sivil, mədəni formada siyasi mübarizənin aparılması ilə nəticələnmir.
Çünki həm Müsavat adlı "cırtdan" quruma çevrilmiş partiyanın başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi və L.Hacıyevanın vassalı olan Əvəz Temirxan heç zaman siyasi mədəniyyət nümayiş etdirməyiblər. Bu da onların siyasi təfəkkürünün nəticəsidir.
Müsavat başqanı İ. Qəmbərov neçə illərdir ki, müxalifət düşərgəsində "ağalıq" iddiasındadır. Hətta o, çəkinmədən özünü radikal müxalifət düşərgəsinin lideri, başçılıq etdiyi Müsavat partiyasını "ana müxalifət" hesab edir. Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. İsa "bəy" müxalifət düşərgəsini bir araya gətirmək istiqamətində səy göstərir?! Ancaq onun bu taktikası düşərgədə aləmi qarışdırdı. Yəni düşərgə indi DÜŞMƏN mövqedədir. Biri-birilərinə DÜŞMƏN kəsilmiş "BƏY"lər, görəsən, belə olan tədqirdə, bir araya necə gələcəklər? Müsavat partiyası "Azadlıq" blokunu ələ keçirmək məqsədi ilə adıçəkilən blokda təmsil olunan partiyalara əməkdaşlıq təklifi verib. Bu isə baş tutan deyil. Çünki Müsavat partiyasının "Azadlıq" blokunda təmsil olunan ALP ilə münasibətləri düşmənçilik səviyyəsindədir. Mətbuata açıqlamasında ALP-nin sədr əvəzi Ə.Temirxan qeyd edib ki, onlar "Azadlıq" blokundan cavab gözləyir. Təbii ki, adıçəkilən blokda təmsil olunan partiyaları, o cümlədən, AXCP (i)-ni Müsavatın bu təklifi qane etmir. Bir müddət öncə, AXCP (i) rəhbərliyi öz mövqeyini ortaya qoydu. Bu mövqe isə, Müsavatın və İ.Qəmbərovun ürəyincə olmadı.
Məlumata görə, bütün bunlardan sonra özünü "ana müxalifət" partiyası adlandıran Müsavat partiyası qarşıdan gələn parlament seçkilərində təkbaşına iştirak edəcəyini (görəsən, hansı sosial baza ilə?) qərara gəlib. Onu da qeyd etmək lazımdır ki, İ.Qəmbərovun məlum açıqlamalarının radikal düşərgədə yaratdığı ajiotaj hələ də davam edir. İsa "bəy" "MBH" lideri L.Hacıyevanın ittihamlarından qurtula bilmir. Müsavat başqanı bu məsələlərə münasibət bildirərək, belə bir açıqlama ilə çıxış edib ki, o, bu günə qədər L.Hacıyevanın adını çəkməyib, amma hər zaman qarşı tərəfin hücumlarına məruz qalır. Yəni İsa "bəy" bununla müxalifət düşərgəsində baş verən hadisələrdə "MBH" lideri L.Hacıyevanı günahkar bildi. Əslində, bütün bunlar onu göstərir ki, İ.Qəmbərov düşərgədə hökm sürən gərginliyin davam etməsində maraqlıdır. Bu, Müsavat-ALP (İ.Qəmbərov-L.Hacıyeva-Ə.Temirxan) qarşıdurmasının, daha doğrusu, DÜŞMƏNÇİLİYİNİN bariz nümunəsidir. O ki qaldı Müsavat-AXCP (i) münasibətlərinə, bunu da qənaətbəxş hesab etmək olmaz. Müsavat partiyasının funksioneri Arif Hacıyev "AXCP (i) ilə "KXCP" Müsavatdan zəifdir"-deyə qeyd edib.
Beləliklə, Müsavat həm ALP, həm "Ümid", həm də AXCP (i)-nin, o cümlədən, "Azadlıq" blokunun dəstəyindən məhrum olduğu üçün seçkilərə təkbaşına gedir. Heç şübhəsiz ki, payızda növbəti dəfə İ.Qəmbərov və həmkarları MƏĞLUBİYYƏT münasibəti ilə "təbrik" olunacaq. Necə deyərlər, cücəni payızda sayarlar.