Müsavatın dağılma prosesi başladı
Siyasi arenada diqqətçəkən məqamlardan biri də, bəzi müxalifət partiyalarının yenidən fəallıq nümayiş etdirməyə cəhd göstərmələridir. Bu aktivlik əsas reallığı əks etdirməsə də, parlament seçkiləri ərəfəsi diqqətdən yayınmır. Elə boş və mənasız ideyaların irəli sürülməsi, ultimativ bəyanatların səslənməsi də parlament seçkiləri ərəfəsi cəmiyyətin diqqətini özlərinə cəlb etməyə hesablanıb. Təbii ki, bunun arxasında yenə də, xarici maraqlı qüvvələr dayanır.
O mənada ki, anti-Azərbaycan mövqeli qüvvələr ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmaq üçün ələbaxımlığa öyrəncəli olan müxalifətdən istifadə etməyə çalışır. Ancaq bir məsələ var ki, radikal müxalifət xarici ağalarının istək və arzularını tam şəkildə yerinə yetirməkdə çətinlik çəkir. Çünki partiyalar daxili ciddi ixtilafların, qarşıdurmaların mövcudluğu tapşırıqlara əməl etməyə problemlər yaradır. Nəzərə almaq lazımdır ki, bəzi partiyalar, o cümlədən, AMİP, Müsavat, AXCP (i), ALP və "Ümid" partiyaları dağılma mərhələsini yaşamaqdadırlar. Siyasi təhlilçilərin gəldikləri qənaətə görə, yaxın bir-iki ay ərzində daxili acınacaqlı durumda olan partiyalar siyasi arenanı tərk edəcəklər. Artıq dağılma prosesinin ilkin işartıları da görünməyə başlayıb. Müsavatdan, AXCP (i)-dən kütləvi istefaların baş verməsi, "Ümid" Ali Məclisinin partiyanın fəaliyyətinin zəif olması və buna görə də, aparatın buraxılması barədə qərar çıxarması, ALP-nin "MBH"-yə birləşməsinin vacibliyi barə də Əvəz Temirxan tərəfindən fikirlər səsləndirilməsi vəziyyətin, həqiqətən də, kritik olduğunu deməyə əsas verir. Bu halda, hansısa partiyanın xarici maraqlı qüvvələr tərəfindən verilən tapşırıqları yerinə yetirə biləcəkləri inandırıcı deyil. Düzdür, Müsavat rəhbərliyi hay-küylü bəyanatlar səsləndirməklə, hələ də, siyasi arenada duruş gətirdiklərini nümayiş etdirməyə çalışırlar. Ancaq reallıq Müsavat funksionerlərinin fikirlərinin əsassız olduğunu ortaya qoyur. Çünki partiyanın bəzi rayon təşkilatları buraxıldıqlarını elan ediblər. Kollegial orqanların fəaliyyəti iflic vəziyyətdədir. Hər həftənin birinci günləri keçirilməli olan Divanın yığıncaqları artıq ikinci aydır ki, keçirilmir. Ali Məclisin sonuncu iclasının nə zaman keçirildiyini isə Müsavatda xatırlamırlar. Halbuki Müsavat Ali Məclisinin iclasları hər üç aydan bir keçirtlməlidir. Bununla yanaşı, partiyanın qurucuları İsa Qəmbərovla eyni sırada dayanmağın artıq mümkünsüz olduğunu dərk etdiklərindən, bəzi partiya funksionerləri də, istefaya hazırlaşırlar. Verilən məlumatlara görə, Müsavatın deputat qrupunun üzvləri olan Nəsib Nəsibli və Arzu Səmədbəyli artıq Müsavatdan istefa verməyə qərar veriblər. Hətta N.Nəsiblinin İskəndər Həmidovun yaradıcısı olduğu AMDP-yə sədr gəlməyə hazırlaşdığı bildirilir. Məsələ isə AMDP-nin hazırkı sədri Tufan Kərimin mart ayının birinci ongünlüyündə reallaşacaq istefasından sonra baş tutacaq. Arzu Səmədbəyli isə Fazil Qəzənfəroğlunun rəhbərlik etdiyi BQP-yə transfer etməyə qərar verib. Məlumata görə, A.Səmədbəyli BQP-də F.Qəzənfəroğlunun müavini olmağa razılıq verib. Yaxın günlərdə isə A.Səmədbəylinin BQP-yə transfer məsələsi tam şəkildə rəsmiləşəcək.