Müxalifət yeni iğtişaşlara hazırlaşır
Həyatda yaşamaq, işləmək və fəaliyyət göstərmək yalnız xeyirxah əməllərə, ali qanunlara söykənməlidir. İnsan yaşadığı ömrün, nəinki bir gününü, hətta dəqiqəsinin belə qədrini, qiymətini bilməli, bunun əvəzsiz nemət olduğunu dərk etməlidirdir. Yəni, insan ən azı müəyyən zamana qədər xoş duyğularla xatırlana biləcək ömür yaşamalıdır. Təəssüf ki, heç də bu prinsiplərə insanlar tam şəkildə əməl etmirlər. Kimisi dünya malına aldanıb, yolunu azır, kimisi də, vəzifə, mövqe sahibi olmaq arzusunu reallaşdırmaq üçün səhvlərə yol verir. Ən dəhşətlisi isə, bəzi şəxslər, xüsusilə də, siyasətçilər öz maraqları naminə müəyyən qüvvələrin tapşırığı əsasında xalqına, dövlətinə qənim kəsilmək yolunu tuturlar.
Belələrinə cəmiyyətdə "satqın"lar, "xəyanətkar"lar deyilir. Digər diqqətçəkən məqam ondan ibarətdir ki, "satqın", "xəyanətkar" yolunu tutan siyasətçilər cəmiyyətin mənfi münasibətini dərk etsələr də, bunun fərqinə varmırlar. Əksinə, yaramaz fəaliyyətini daha geniş və təkmil formada davam etdirirlər. Azərbaycan siyasi səhnəsinə nəzər yetirsək, qeyd olunanları açıq şəkildə görmək olar. Yəni müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin xalqa, dövlətə qənim kəsilmək siyasəti yürütmələrinin arxasında maraqlı qüvvələrin dayandığını açıq şəkildə sezmək olar. Fikir verin, AXCP (i), Müsavat, ALP, AMİP və bu kimi müxalifət partiya sədrləri hər hansı bir yerdə işləmədiklərinə baxmayaraq, obyektlərə, villalara və bir neçə yaşayış evlərinə malikdirlər. Xarici ölkələrə səfərlər etmək isə, onlar üçün Bakının bir məhləsindən digər məhləsinə getməyə bənzəyir. Demək olar ki, bu işbazlar şou əhli kimi hər ay bir ölkədən girib, o biri ölkədən çıxmağı adi hala çeviriblər. Söz yox ki, bu cür turnelərin təşkilini xarici maraqlı qüvvələr həyata keçirirlər. Təbii ki, müəyyən öhdəliklərin yerinə yetirilməsi müqabilində.
Qeyd etmək yerinə düşər ki, radikal müxalifət daha çox Azərbaycanda keçirilən seçkilər ərəfəsi varlanır. Çünki maraqlı qüvvələr tədbiri pozmaq üçün hər cür vasitələrdən, o cümlədən, onların əlaltısı rolunda çıxış edən radikal müxalifətdən də istifadə edirlər. Radikal partiya sədrləri dəfələrlə xaricdən verilən tapşırıqlara əsasən, ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər. Misal kimi 2003-cü ilin 15-16 oktyabr iğtişaşlarını, 2005-ci il 26 noyabr qarşıdurmasını və digər pozuculuq aktlarını göstərmək olar. 2010-cu il noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ərəfəsi də eyni ampluadan çıxış etməyi nəzərdə tutan radikal müxalifətin buna görə ciddi hazırlıqlara başladığı bildirilir. Hətta bunun üçün xaricdən konkret tapşırıqlar aldığı da qeyd olunur. Məlumata görə, "Azadlıq" blokunda təmsil olunan partiyalar və Müsavat Bakıda və regionlarda iğtişaşlar törətmək üçün plan hazırlayıb. Planın effektli alınması üçün SOROS və Qərbin bəzi adlarını hələ dəqiqləşdirə bilmədiyimiz iki fondundan 2,5 milyon dollar alınıb. Adının açıqlanmasını istəməyən "Azadlıq" bloku təmsilçisinin "Səs"in müxbiri ilə söhbətində dediyinə görə, 2010-cu ilin may ayından başlayaraq, icazəsiz mitinqlərin keçirilməsinə start veriləcək. Ona qədər isə lokal xarakterli qarşıdurmalara nail olmaq üçün martın 8-dən sonra piketlər keçiriləcək.
Mənbənin verdiyi digər məlumata görə, parlament seçkilərinə rəsmi startı verildikdən sonra iğtişaşların bütün ölkəni əhatə etməsi üçün qrupların yaradılması da nəzərdə tutulur.
Bir sözlə, işləri və fəaliyyətləri yalnız Azərbaycan dövlətçiliyinə və milli maraqlarına qarşı olan radikal müxalifət yenidən 2003-cü il 15-16 oktyabr iğtişaşlarını təkrarlamağa hazırlaşır. Ancaq bu dəfə də onların pozuculuq əməllərinin baş tutmayacağı şübhəsizdir. Çünki xalq yaramaz müxalifətin maraq və mənafeyinin arxasında xarici maraqlı qüvvələr dayandığını çox gözəl başa düşür. Hüquq-mühafizə orqanları isə, hər cür pozuculuq aktının qarşısını almağa qadirdir. Digər tərəfdən, xalqla hakimiyyət arasında güclü vəhdət mövcuddur. Ona görə də, xarici maraqlı qüvvələrin və onların Bakıdakı əlaltılarının bəd niyyətləri yalnız özlərinə pislik etməkdən başqa bir şey olmayacaq.