Yenə də qalmaqal, yenə də qurşaqdan aşağı sözlər. Seçkilərərəfəsi müxalifət liderlərinin didişmələri, xüsusilə də, ALP-nin sədr əvəzi Əvəz Temirxanın ittihamlı çıxışları böyük qalmaqala səbəb olub. O, Müsavat və ADP-nin son seçkilər və ondan sonrakı mərhələdəki mövqeyini ciddi tənqid edərək, bu partiyaları hakimiyyətə işləməkdə suçlayır. Ə.Temirxan parlamentdə təmsil olunan müxalifətin bostanına da daş atıb: "Azərbaycanda saxta müxaliftçilik problemi var. Bəzi şəxslər var ki, guya müxalifətdədir. Səhv yolda olanlar xalq qarşsında səhvlərini etiraf etməlidirlər."
Nurəddin İsmayılov: "Əvəz Temirxan nüfuzlu partiyalara replikalar atmaqla gündəmdə qalmaq istəyir"
Bostanına daş atılan partiyaların cavabı özünü çox gözlətmədi. Hər iki partiya Əvəz Temirxanın ittihmına sərt təpki ilə cavab verdi. İlk "cavab" ADP-dən gəldi: "Əvəz Temirxan ayrı-ayrı vaxtlarda standartlara, siyasi mühitə uyğun olmayan çıxışlar edir". Bu fikirləri ADP sədrinin müavini Nurəddin İsmayılov ALP rəsmisinin demokratları xalqın mənafelərinə zidd addım atmaqda ittiham etməsinə münasibət bildirərkən səsləndirib. Nurəddin İsmayılov bildirib ki, Əvəz Temirxan böyük nüfuzu olan partiyalara replikalar atmaqla daha çox gündəmdə qalmaq istəyir: "Bu siyasətçi üçün o qədər də uğurlu bir variant deyil. ADP-nin siyasi dialoq təklifi o qədər aydın və şəffafdır ki, bu məsələdə partiyanı hakimiyyətlə iş birliyində ittiham etmək absurddur. Pərdə arxasında min cür oyun oynayan partiyalardan fərqli olaraq, ADP öz fikirlərini cəmiyyətə açıq şəkildə təqdim edib".
ADP rəsmisi deyib ki, siyasi dialoq, barışıq olmadan Azərbaycanda vətəndaş sülhündən danışmağa dəyməz: "Biz deməmişik ki, hər bir müxalifət partiyası hakimiyyətə meyillənməlidir. ADP müxalifət partiyalarının öz mövqelərində qalmasına tərəfdardır. Ancaq müxaliflik Azərbaycan dövlətinə qarşı deyil, hakimiyyətin yol verdiyi nöqsanlara qarşı yönəlməlidir". Gözəl fikirlərdir: vətəndaş sülhü, dialoq, dövlətə qarşı çıxmamaq. Amma məsələ burasındadır ki, digər partiyalar kimi ADP özü də bu strategiyadan kənar siyasət yürüdür.
Qabil Hüseynli: "Xəyanətkarı içimizdə axtaranlar özləri düzgün mövqeyə xidmət etmirlər"
ALP-nin sədr əvəzi Əvəz Temirxanın Müsavat partiyasını xalqın mənafeyinə xəyanətdə ittihamı bu partiya yetkililəri tərəfindən sərt təpki ilə qarşılanıb. Müsavat başqanının müavini Qabil Hüseynli açıqlamasında bunları deyib: "Bu ağır vəziyyətdə xəyanətkarı müxalifət düşərgəsində axtaranlar özləri düzgün mövqelərə xidmət etmirlər. Bu mövqeləri bölüşmürəm və pisləyirəm". Maraqlıdır ki, son vaxtlar Müsavat partiyası rəqibləri tərəfindən ciddi ittihamlara məruz qalsa da, partiya funksionerlərinin cavabı eyni fikirləri əks-formada səsləndirməkdən o yana keçmir. Müsavatda yaxşı başa düşürlər ki, partiya müxalif düşərgədə əvvəlki nüfuzunu tamam itirib və digər iddialı partiyalar nəinki Müsavat ətrafında birləşmək istəmirlər, hətta bu partiya ilə əməkdaşlıqdan belə ehtiyat edirlər. O səbəbdən ki, Müsavat funksionerləri "müxalifətin birliyi" deyəndə özünün ətrafında blok yaratmağı, "vahid namizəd" deyəndə isə, İsa Qəmbərovun namizədliyini nəzərdə tuturlar. Rəqibləri isə zəif və nüfuzsuz hesab edirlər. Buna görə də, artıq ALP, "ACP", AXCP (i) və s. partiyaların rəhbərləri Müsavata qarşı ciddi ittihamlar irəli sürürlər. Bu partiyanın daxilində baş verən son proseslər isə, heç də səbəbsiz deyil. Partiyanın parçalanmaq ərəfəsində olmasında daxili qüvvələrlə yanaşı, kənardan göstərilən təsirlərin də rolu az deyil. Bu səbəbdən də, müxtəlif açıqlamalar və ittihamlarla bu prosesə təkan verməyə cəhd edirlər. Müsavat isə, öz növbəsində, özünün iştirak etmədiyi blokları və alyansları bir növ boykot edir. Bir sözlə, seçkilərə qalan vaxt azaldıqca müxalif düşərgədə didişmələr və qarşıdurmalar daha böyük vüsət alır.