Əli Kərimovla Rauf Arifoğlu İsa Qəmbərova qarşı
Müsavat başqanı İsa Qəmbərovla Rauf Arifoğlu arasında yaranan qarşıdurma bir neçə il bundan öncə başlayıb. Bu qarşıdurmanın səbəbi isə R.Arifoğlunun İ.Qəmbərova tabe olmaması, onun sözlərini dinləməməsi və ondan ayrılmasıdır. Müsavat başqanı, təbii ki, bu saymamazlığı həzm edə bilmədi və Rauf Arifoğlunu özünə rəqib bildi. Belə ki, məhz bu səbəblər onların zaman-zaman bir-birlərinə olan nifrətlərini kəskin şəkildə artırdı.
Hazırda isə Rauf Arifoğlu İsa "bəy"ə qarşı düşmənçiliyini davam etdirməkdədir. O bildirib ki, tezliklə "Yeni Müsavat" partiyasını yaradacaq. Əslində, bu partiya 1993-cü ildə təsis edilmişdi. Lakin bəzi səbəblərə görə, fəaliyyətini davam etdirmədi. R.Arifoğlu isə hazırda bu partiyanın işini bərpa etməyə başladığını söyləyib. O, həmçinin, qeyd edib ki, Müsavat partiyası artıq dağılıb, sadəcə olaraq, onun adı qalıb. "Bu partiya heç bir iş görə bilmir. Çünki İsa Qəmbərov rəhbərlik qabiliyyətinə malik deyil" -deyə R.Arifoğlu söyləyib.
İsa Qəmbərova qarşı Rauf Arifoğlunun başladığı bu "səlib yürüşü"nə AXCP (i) sədri Əli Kərimov da qoşulub. Ə.Kərimov İsa Qəmbərova qazılan quyunun daha da dərin olmasına görə bu quyuda aparılan qazıntı işlərinə yaxından kömək göstərmək niyyətində olduğunu gizlətməyib. Belə ki, "Yurd" şefi Rauf Arifoğluna əməkdaşlıq təklif edib. R.Arifoğlu isə bu əməkdaşlığı qəbul etmək niyyətində olduğunu bildirib. Amma inandırıcı deyil ki, müxalifət düşərgəsində kimsə kiminləsə birləşə. Hazırda Ə.Kərimov da R.Arifoğlu da üzdə dost, daxildə isə düşməndirlər. Buna heç kimdə şübhə yoxdu.
Həmçinin, bir məsələdə gözlənilir ki, son zamanlar İsa Qəmbərovu kəskin tənqid edən Lalə Hacıyeva da Müsavat başqanına qarşı hansısa koalisiya yaradılarsa, həmin koalisiyanın tərkibinə daxil olacağını bildirib. Mətbuat səhifələrindən hər kəsə məlumdur ki, ALP-nin sədr əvəzi Əvəz Temirxan və Lalə Hacıyeva İsa Qəmbərova sərt şəkildə tənqidi fikirlər söyləyirlər. İsa "bəy" isə bu fikirlərə heç bir cavab verməməklə məğlub olduğu ilə razılaşa bilər. Amma unutmaq olmaz ki, müxalifət düşərgəsinin hər bir üzvü ayrı-ayrılıqda məğlub durumdadır.