Məğlubluq sindromuna düçar olmuş müxalifət
Parlament seçkiləri yaxınlaşdıqca müxalif düşərgədə yenidən köhnə bayatılar səslənməyə başlayır. Məntiqlə indi müxalif düşərgədə bələdiyyə seçkilərində uduzmağın səbəbləri araşdırılmayıldı, lakin durum tamam ayrı cürdür. Hazırda radikal müxalifət düşərgəsində ziddiyyətli proseslər baş alıb gedir. Bir tərəfdən radikal "lider"lər bəyan edir ki, növbəti parlament seçkilərində birgə fəaliyyət göstərmək lazımdır, digər tərəfdən isə, bir-birinə ittihamlar yağdıraraq, danışıqları pozurlar.
Gedən proseslərdən görünür ki, müxalifətin ümumi birliyini yaratmaq bu il də mümkün olmayacaq. Çünki müxalif partiyalar ayrı-ayrı bloklar və ittifaqlarda cəmləşir və bir-birinə qarşı əks-mövqedə dayanırlar.
Ötən ilin dekabrında Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Bu seçkilərdə ölkənin əksər siyasi partiyaları iştirak etdi. Lakin YAP-dan başqa heç bir partiya uğur qazana bilmədi. Müxalif düşərgədən hərdən belə fikirlər səslənirdi ki, heç olmasa, bələdiyyə seçkilərində müxalifət nümayəndələrinin müəyyən yer qazanması üçün seçkilərə birgə gedilməlidir. Lakin bu təşəbbüslər düşərgənin müxtəlif cinahlarından heç də birmənalı qarşılanmadı.
Əksər partiyalar bələdiyyə seçkisinə təklikdə getmələrinin daha məqsədəuyğun olacağını bildirdilər. Müsavat başqanı tərəfindən irəli sürülən ideya isə heç də özünə tərəfdar tapmadı. Azərbaycan Xalq Cəbhəsinin bərpa olunması ideyası elə ideya olaraq qaldı. Çünki müxalifətin əsas qanadları şəxsi ambisiyaları üstün tutduğundan, belə bir təklifə "yox" dedilər.
Burada əsas maneə həmin partiyaların liderləridir. Heç bir partiya rəhbəri hansısa birlikdə əriyib getmək istəmədi. Bəziləri isə, yalnız özünün lider kimi qəbul olunacağı birlikdə təmsil olunacaqlarını bildirdilər.
Müxalifət düşərgəsində ötən seçki öncsi də fərqli birliklərin yaradılması haqda müzakirələr aparılırdı. Bildiyiniz kimi, bir neçə özlərini nəhəng müxalifət qüvvəsi hesab edən partiyacıq lidercikləri boş vaxtlarında yığılıb bir az hap-gop edirdilər ki, nə var-nə var, bəs biz müxalifətin məşvərət məclisini (və ya koordinasiya şurasını) yaradırıq. Amma ortalıqda ciddi bir məsələ də yox idi.
Hər bir iştirakçı bekar vaxtı gəlib opponentlərini bir az dolayıb, həzz almaqla məşğul olur. Cəmiyyətə də bunu "böyük danışıqlar" kimi sırıyan bizlər (yəni media mənsubları) bunların əlindən girinc olmuşuq. Bunlar öz mövqelərini və fikirlərini o qədər sürətlə və yüksək bucaq altında dəyişirdilər ki, adam çatdırıb yaza bilmir.
Bu hap-gopda iştirak edən partiya başqanları bərkə düşəndə belə toplantılara yalnız fikir mübadiləsi məqsədilə qatıldıqlarını deyirlər. Fikir verin, bir qrup siyasi partiya rəhbəri ölkədəki siyasi situasiyanı müzakirə etmək üçün bir yerə toplaşır. Amma ortada heç vaxt konkret nəticə olmur.
Bu səbəbdən də, məsləhətləşmələrin hansısa birliyə və ya seçki blokuna çevrilmə şansı da sıfıra bərabərdir. Bunlar özləri də qeyd edirdi ki, bunun məntiqi və nəticəli sonluğu yoxdur, amma yenə cəmiyyətin gözünə kül üfürürlər. Elə ona görə də, heç kim onlara inanmadı və bələdiyyə seçkilərində rüsvayçı duruma düşdülər.
Dəfələrlə qeyd olunub ki, müxalifət uğursuzluğunun kökünü başqa yerdə axtarmasın, son vaxtlar dəb halını almış "xalq günahkardır", "mübarizəyə hazır deyil" kimi deyimlərlə baş qatmasın. Düşərgənin uğursuzluğunun suçu siyasi arenanı tərk etmək istəməyən ənənəvi müxalifət liderlərinin özündədir. Artıq bu həqiqət düşərgənin öz daxilində dərk edilir və ara-sıra dilə gətirilir. Maraqlıdır ki, ənənəvi müxalifət liderlərinin tənqidi elə düşərgənin öz içindən, liderlərə yaxın şəxslər tərəfindən səslənir.
Siyasi dairələrdə diskussiya obyektinə çevrilən söhbətlərdən biri də növbəti seçkilərədək ortaya yeni qüvvələrin çıxması ilə bağlıdır. Amma iri partiyalar öz ətraflarında keçilməz sədd yaradaraq, kiçik partiyaları gündəmdən kənarda saxlamağa çalışırlar. İri partiya liderləri düşünür ki, biz bu boyda partiya ola-ola, ətrafımızda cəmi 1-2 yüz adam var, o zaman 5-3 nəfərlik partiyalar bizim nəyimizə lazımdır?
Beləliklə, ölkə müxalifətinin hansı durumda olduğu bir daha ortaya çıxır. Hazırkı siyasi durumu və cəmiyyətdəki rəyləri nəzərə alsaq, bi ilin payızında keçiriləcək parlament seçkilərində müxalifət ümumiyyətlə namizəd tapıb irəli sürə bilməyəcək. Beləliklə də, növbəti fiaskoya uğrayan radikal müxalifət siyasi səhnədən tamam silinəcək və yeni konstruktiv müxalifət meydana çıxacaq.
Ümumiyyətlə, görünür ki, müxalifət partiyalarından fərqli olaraq, YAP hər seçkiyə daha ciddi yanaşır və yüksək səviyyədə hazırlaşır. Müxalifət isə baş girləməklə məşğuldur. Bu da, onu deməyə əsas verir ki, müxalifət partiyaları seçkidə azacıq belə uğur qazanacaqlarına inanmırlar. Onlar zatən bu inamlarında yanılmırlar da.
Qarşıdan gələn parlament seçkilərinə hazırlaşdıqları barədə imitasiya yaratmağa cəhd edən müxalifət, yaxşı olar ki, xalqın inamını qazanmağa çalışsın. Ancaq indiki durumda bu, mümkün görünmür. Çünki Azərbaycan xalqını bir dəfə aldatmaq olardı ki, bu şansdan müxalifət vaxtilə istifadə edib.
Sonra deyirlər ki, bəs ölkədə güclü müxalifət var, amma imkan verilmir ki, bir özümüzü göstərək. Deyirəm, adamda necə və neçə sifət ola bilər ki, özünü ortalığa atıb desin ki, bəs mən də müxalifətəm və cəmiyyətdə nüfuzum var. Seçkidən sonra da qışqırıq-bağırmağa başlayırlar ki, bəs qoymayın bəs xalq bizə səs verəcəkdi, hakimiyyət qoymadı-filan. Məncə, bələdiyyə seçkiləri bügünkü müxalifətin son seçkisi idi. Builki parlament seçkilərində artıq xalqımız yeni müxalifət görəcək.