Müsavat partiyasında ciddi mübarizə gedir
Siyasi proseslərdə nəzəri cəlb edən maraqlı olaylar sırasında müxalif partiyaların bir-birinə qarşı iddialı tələblərlə çıxış etmələri nəzər-diqqəti cəlb etməkdədir. Əgər AXCP (i) sədri Əli Kərimov AMİP lideri Etibar Məmmədovun seçkilərdə onun namizədliyini dəstəkləyəcəyini bildirirsə, ADP sədri Sərdar Cəlaloğlu radikal partiya sədrlərinin onun vahid namizədliyini dəstəkləməyə borclu olduqlarını söyləyir. Lakin Müsavat partiyasında vəziyyət tam başqa macərada gedir.
Belə ki, Müsavat partiyasından "Səs"ə verilən məlumata görə, "Yeni Müsavat"ın baş yazarı Rauf Arifoğlu partiyadan yığışıb getdikdən sonra vəziyyət daha da kəskin hal alıb. Müsavatçıların fikirlərinə görə, partiyada bu gərginliyin yaranmasının səbəbkarı R.Arifoğludur. Lakin müxalifət partiya liderlərinin fikrincə, İ.Qəmbərovun bütün seçkiərəfəsi yüksək iddiada olmasıdır. Belə ki, "Tərəqqi" partiyasının sədri Çingiz Sadıqovun açıqlamasına görə, görünür, İ.Qəmbərov başqanlıqdan uzaqlaşmaq oyununu ortaya atmaqla özünə şans qazanmaq istəyir: "Lakin bu, baş tutan məsələ deyil. Çünki Müsavat başqanı həmişə "vahid lider" olmaq arzusu ilə yaşayıb. Görünür, bu yolla kimlərisə özünə yaxınlaşdırmaq və partiyada "təvazökar sədr" obrazı yaratmaq istəyir. Bəlkə də elə bu baxımdan İ.Qəmbərovun müavinləri başqanlıqdan imtina edirlər".
Müsavat məclisinin sədri Sülhəddin Əkbər məsələyə aydınlıq gətirərək, bildirib ki, partiya başqanlığına namizədliyini irəli sürməyəcək. S.Əkbər açıqlamasında deyib ki, bunun hər hansı xüsusi səbəbi yoxdur: "Partiyanın nizamnaməsinə görə, partiyanın hər bir üzvünün hüququ var ki, namizədliyini irəli sürsün. Digər tərəfdən, mən bu məsələnin müzakirəyə çıxarılmasını çox erkən hesab edirəm. Azərbaycanda parlament seçkiləri gözləndiyi bir zamanda, mənə elə gəlir ki, bu, çox erkən "aktuallaşdırılan" məsələdir. Bu müzakirələrin Müsavat partiyasının maraqlarına uyğun olmadığını düşünürəm".