Müsavat ALP qarşısında geri çəkildi
ALP lideri Lalə Hacıyeva Müsavat başqanı İsa Qəmbərovun ünvanına "xoruz səsi eşidilməyən" sözlər işlədərək, onu bir daha sındırdı. L.Hacıyeva Müsavat başqanını "casus" adlandırmaqla yanaşı, bildirib ki, müxalifət partiyaların birliyinin olmamasının səbəbkarı İ.Qəmbərovdur. L.Hacıyevanın dediyinə görə, Müsavata və onun başqanının ünvanına deyilən sözlərin partiyanın ictimai nüfuzunun daha da zəifləyəcəyini görən İ.Qəmbərov günahı müxalifət liderlərində gördüyünü bildirdi. Bu günlərdə, Müsavat Məclisinin keçirdiyi son toplantısında müxalifət partiyalarının ünvanına sərt ittihamlarla çıxış edərək, bəzi partiyaların İrana və Rusiyaya işlədiyini bildirdi.
ALP-nin sədr əvəzi Əvəz Temirxan da mətbuata açıqlamasında İ.Qəmbərovun özünün casus olduğunu söylədi və onu ortaya fakt qoymağa dəvət etdi. Müsavatdan cavab gəlmədiyini görən Ə.Temirxan açıqlamalarını davam etdirərək, bildirib ki, görünür, İ.Qəmbərov AXC-Müsavat hakimiyyətində təmsil olunduğu və hansı cinayət işləri törətdiyini unudub. Ancaq Müsavat başqanı hər şeyi unutsa da, xalq onun cinayət əməllərini unutmayıb. Ən əsası isə yalançı "hüquq müdafiəçiləri"nin "siyasi məhbus" adından alver etdiyi üsuldan Müsavat başqanının da istifadə etdiyini heç unutmayıb.
Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev isə vəziyyətin belə alındığını görərək, Ə.Temirxanın mövqeyinə düzəliş edərək, bildirib ki, bəzilərinə ilk baxışdan elə görünər ki, Ə.Temirxan "Azadlıq"dakı müttəfiqi AXCP (i)-ni, onun sədrini də hədəf seçib. Amma bu, görüntüdür və əsas məqsəddən yayınma niyyəti güdür. Həmçinin, A.Hacıyev onu da vurğulayıb ki, Ə.Temirxan Müsavatı Əli Kərimovun göstərişi ilə hədəfə alıb: "Azadlıq" blokundakıların hamısının niyyəti bəllidir və onlar Müsavatı "ana müxalifət"dən dışlayıb kənara atmaq, əsil müxalifət kimi çıxış etmək istəyirlər. Lalə Hacıyevanın və "VİP"-in məqsədi budur və bunu heç gizlətmirlər də. Ə.Temirxanı Müsavata qarşı danışdıranların məqsədi bu idi ki, Müsavatı müxalif elektoratın nəzərindən salsın və sonda təkləsinlər. Proses ona doğru gedirdi".