Fuad Əliyev İsa Qəmbərovun fikirlərini əsassız sayır
Bu ilin noyabr ayında ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərin keçirilməsinə 10 aya yaxın müddət qalmasına baxmayaraq, siyasi partiyalar arasında müəyyən fəallıq müşahidə olunur. Belə ki, ayrı-ayrı siyasi partiyalar hələ indidən seçkilərdə iştirak edəcəyini bildirir və hətta bununla bağlı seçici siyahılarını dəqiqləşdirənlər də var. Ancaq radikal müxalifət partiyalarının seçkilərlə bağlı göstərdiyi "fəallıq" taktikası əvvəlkilərdən heç nə ilə fərqlənmir.
Bəzi müxalifət partiyaları, xüsusilə də, Müsavatla "Ümid" arasında olan kəskin qarşıdurmalar, nəticə etibarilə bu birliyin formalaşmasını əngəlləyən faktordur. Adları çəkilən partiyaların hər ikisi digərinin yaranacaq yeni qurumda olacağı təqdirdə, özünün oraya qatılmayacağını bildirir. Bu da hələ yaranmamışdan əvvəl birliyin dağılacağını göstərir. Əgər müxalifət qarşıdan gələn parlament seçkilərinə blok şəklində qatılaraq, ümumi müxalifət partiyalarının vahid mövqedən çıxış etməsinə çalışırdısa öncə küsülü olan müxalifət partiyaları barışmalıdırlar. Artıq Müsavat partiyası ilə "Ümid" arasındakı küsülülük o vəziyyətə gəlib çatıb ki, heç bir müxalifət partiyası onlar arasında barışıq yarada bilmir.
Azərbaycan Liberal Demokrat partiyasının (ALDP) sədri Fuad Əliyev qəzetimizə verdiyi açıqlamasında, qarşıdan gələn parlament seçkilərində müxalifət partiyalarının vahid mövqeyə gəlməsinin vacibliyini önə çəkib. O bildirib ki, ötən bələdiyyə seçkilərindən fərqli olaraq, müxalifətin parlament seçkilərində vahid namizədlərinin müəyyənləşdirilməsi arzuediləndir. Yəni, hər hansı seçki prosesində müxalifət partiyalarının bir-birinə qarşı çıxış etməsi, təbii ki, uğursuzluğa səbəb olur: "Bu baxımdan, istərdik ki, müxalifətin birləşdiyi vahid bir qurum olsun və seçki fəaliyyəti də qurumun prinsipləri çərçivəsində həyata keçirilsin. Təbii ki, ideyanın baş tutmaması istisna deyil. Belə olacağı halda, müxalifət partiyaları seçki prosesində yenidən pərakəndə vəziyyətə düşərək, bir-birinə qarşı ittihamlar irəli sürəcəklər. Bir sözlə, müxalifətdaxili birləşmənin reallaşmaması onların parlament seçkilərində qalib gəlməsinə əsas yaradacaq".
O, daha sonra Müsavat başqanı İsa Qəmbərovun bəzi müxalifət partiyalarını xarici dövlətlərin maraqlarına işlədiyi haqda verdiyi açıqlamaya münasibət bildirib. Qeyd edib ki, Müsavat başqanı bu ittihamları irəli sürərkən, sadəcə, bir ölkənin, ABŞ-ın adını çəkməyib. Yəqin ki, onun özü də Amerikaya işləyir. Əgər o, hansısa müxalifət partiyasının xarici dövlətlərin müəyyən dairələrinin maraqlarına işlədiyini deyirsə, buyursun, onu sübut etsin. Onun bu tip bəyanatlarının müxalifətin birləşməsinə mane olduğunu söyləyən ALDP sədri, İ.Qəmbərovun bununla müxalifət partiyalarının pərakəndə vəziyyətə düşməsini arzu etdiyini bildirib. Partiya sədri İsa Qəmbərovun bu cür fikirlərini tamamilə əsassız sayır.
Onun sözlərinə görə, Müsavat başqanı müxalifət partiyalarını ittiham edərkən, bir sıra xarici dövlətin adını çəkib. Ancaq yalnız ABŞ-a toxunmayıb: "Bu baxımdan, onun açıqlamasını ABŞ-a ünvanlanmış mesaj kimi qiymətləndirmək də olar. Ola bilər ki, o, bununla Amerikanın müəyyən dairələrinə əməkdaşlıq təklifi edir".