Müsavat başqanı bolşevik təfəkkürlüdür
Parlament seçkiləri ili başlayan ilk gündən müxalifət düşərgəsində ziddiyyətlər də daha kritik vəziyyət alıb. Səbəb isə bu günə kimi heç bir şeyə nail olmayan radikallar bu seçkidə "uğur qazanacaqları" ümidilə yaşayırlar. Elə bu səbəbdən də parlament seçkiləri ilində radikal partiya sədrləri müxalifətin birliyi ilə bağlı müxtəlif təkliflər irəli sürür, bu təklifi qəbul etmədikdə, başlayırlar "bağlı sandığı açmağa".
Bu günlərdə ALP lideri Lalə Hacıyevanın təklifinə qarşı çıxan Müsavat başqanı İsa Qəmbərov bu birliyin səviyyəsiz və mənasız olduğunu deyib: "Bu, müxalifət arasında ayrı-seçkilik və qarışıqlıq yaratmaqdır. Həmçinin, neçə illərdir ki, Lalə Hacıyeva siyasi meydanda yox, evdə fəaliyyət göstərir. Onun birlik çağırışı öz şəxsi istəyini həyata keçirmək üçün lazımdır".
ALP lideri İ.Qəmbərovun sözlərinə qarşı çıxaraq, bildirib ki, Müsavat başqanına kiminləsə belə şərtlə danışmaq hüququ verilməyib: "Bu, demokratiyaya, siyasi mədəniyyətə ziddir. Biz çox vaxt cəmiyyəti passivlikdə qınayırıq, amma müxalifətin içində müxalifətə atəş açanlar bilməlidirlər ki, bununla özləri də daxil olmaqla bütün müxalifətə inamı qırırlar".
L.Hacıyeva İ.Qəmbərovun İrana, Rusiyaya işləməsinə əmin olduğunu da bildirib. Onun sözlərinə görə , Azərbaycan müxalifətində bir nəfər siyasətçi qalmayıb ki, onu "agent" adlandırmasın. İkincisi isə, məhz bu üsuldan, yəni "agent", "xalq düşməni" axtarışından yaxın müasir tariximizdə bolşeviklər və Hitlerin partiyası geniş istifadə edib. Bu gün Müsavat rəhbərliyi tərəfindən bolşevik təfəkkürlü üslubdan istifadə etmək, məhz Müsavatın tarixinə xəyanətdir. Mən burada xüsusi ilə qeyd etmək istəyirəm ki, Müsavat sıralarında çoxlu sayda alicənab, fədakar insan var.
"Azadlıq" blokunda təmsil olunan AXCP (i) sədr müavini Nurəddin Məmmədli də L.Hacıyevanın fikirləri ilə şərik olduğunu söyləyib. Bildirib ki, bu seçkilərdə real müxalifət mövqeyində dayanan bütün partiyaların vahid siyahı ilə seçkiyə qatılmasına nail olmaq lazımdır: "Bu, yeganə şərt olmalıdır". Müsavat partiyası ilə ALP arasında yaranmış qarşıdurmanın müxalifətin vahid birliyinə nə qədər mane olacağına gəldikdə, N.Məmmədli bildirib ki, ittihamlar yolverilməzdir və bu gün bunun acılarını yaşamaqdayıq. Ona görə də AXCP (i) ilə Müsavatın ayrıca blok yaratmasının əleyhinəyəm.
"Ümid" partiyasının sədri İqbal Ağazadə də L.Hacıyevanın sözlərilə razılaşdığını deyib. Bildirib ki, görünür İsa Qəmbərov, həqiqətən də, müxalifətin agentidir: "İsa Qəmbərov qeyd edir ki, onun informasiya mənbələri hakimiyyətin içindədir. Təbii ki, hakimiyyətin heç bir reaksiya vermədiyi və tədbir görmədiyi faktı ortadadırsa, deməli, bunlar yanlış informasiyalardır. Amma sual olunur, onda İsa Qəmbərovun bu informasiyaları səsləndirməklə, Azərbaycan müxalifətini parçalamaq niyyəti güdmürmü? 2010-cu il seçkiləri öncəsi İsa Qəmbərovun çıxışından sonra partiyalar arasındakı münasibətlər hansı səviyyəyə gəldi?! Bu miqyasda münasibət nəticə etibarı ilə 2010-cu ildə seçkilərə birgə qatılmaq perspektivini çox aşağı endirir. Bu da, onu deməyə əsas verir ki, İsa Qəmbərova belə informasiyalar düşünülmüş şəkildə verilir, o da bu informasiyaları tirajlayır. Bütün bunlar, onu deməyə əsas verir ki, İ.Qəmbərovun bolşevik təfəkkürlü üslubdan istifadə etməsi Müsavatın tarixinə xəyanət etməsi deməkdir və bundan sonra da başqanın hansısa düz yola qayıdıcağına inanmaq ağılsızlıqdır. Yaxşı olar ki, İ.Qəmbərov üzüsulu gedib bacardığı işlə məşğul olsun.