Müxalifətçilər arasında heç vaxt görmədiyimiz səmimiliyi, mehribanlığı, dostluğu, müttəfiqliyi, iş birliyini indi də görmürük və heç vaxtda görməyəcəyik. Çünki radikalların iş fəaliyyətində yeganə bir məqsədləri var, o da budur ki, onlar yalnız bir-birlərinə quyu qazmaqla məşğuldular.
Tarix boyu gördük ki, müxalifət düşərgəsində bir neçə bloklar, birliklər yaransa da, çox tez bir zamanda, bu bloklar dağıldı. Müxalifətçi "bəy"lərin bir-birlərinə qarşı olan nifrətləri, kinləri, qəzəbləri onların uzunmüddətli birgə fəaliyyət göstərməsinin qarşısını aldı, iş proseslərinə ciddi zərbələr vurdu və aralarında olan qalmaqalları xeyli dərinləşdirdi. Müxtəlif zamanlarda Müsavat partiyasının rəhbərliyi ilə AXCP (i)-nin rəhbərliyi arasında, AXCP (i) ilə ALP-nin, AMİP-lə Müsavat və AXCP (i)-nin aralarında olan münaqişələr buna sübutdur. Hazırda "Azadlıq" blokunun daxilində elə bir dəhşətli qalmaqal hökm sürür ki, blokda təmsil olunan partiyalar nəinki blokun dağılmasından, həmçinin, öz partiyalarının məhv olmasından qorxmağa başlayıblar. Amma bu qorxmaq da onların düşmənçiliyinin qarşısını almır.
"Azadlıq" blokunun tərkibində təmsil olunan AXCP (i)-nin ALP ilə çoxdan başlayan münaqişəsi nədənsə bitmək bilmir. Əli Kərimov Əvəz Temirxana müxalifət düşərgəsini tərk etməyi məsləhət bilir, ona görə ki, o, ALP-ni müxalifətçi partiya hesab etmir. Ə.Kərimov bu sözləri təkcə ALP haqqında deyil, həmçinin, bir neçə müxalifət partiyası haqqında işlədib. "Yurd" şefi müxalifət düşərgəsində at oynatmaq istəsə də, hələ ki, ona bu imkan verilmir. Çünki onun səsləndirdiyi hər bir fikrə tezliklə sərt və qəti cavab gəlir. Belə ki, Ə.Temirxan Əli Kərimovun hər zaman yalan danışmaqla və böhtan atmaqla məşğul olduğunu söyləyib. O, səsləndirdiyi sərt fikirləri təkcə Ə.Kərimova deyil, bütünlüklə AXCP (i)-yə şamil edib. ALP-nin AXCP (i) rəhbərliyi ilə davam edən bu qalmaqalına hələ uzun müddət tamaşa etməli olacağıq. Sözsüz ki, bu münaqişələrin heç vaxt bitməyəcəyi məlumdur. Radikal "bəy" əməlləri ilə özlərinə qarşı yaratdıqları nifrət azmış kimi hələ də bu nifrəti dərinləşdirməklə məşğul olular.
Ümummiyyətlə, son zamanlar AXCP (i) sədri Əli Kərimovun müxalifət düşərgəsində təkləndiyinin şahidi oluruq. Bu təklənmənin səbəbinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, o, demək olar ki, əksər müxalifət partiyalarına qarşı tənqidi fikirlər söyləməklə məşğuldur. Bu hərəkətləri ilə Ə.Kərimov bir daha sübut edir ki, o, müxalifət partiyalarına qarşı yürütdüyü düşmənçilik münasibətlərindən, siyasətindən əl çəkməyəcək. Bu da, təbii olaraq, Müsavat, ALP, AMİP, "MBH", "Ümid" partiyalarının rəhbərliyində həm Ə.Kərimova və həm də, bütövlükdə, AXCP (i) partiyasına qarşı nifrətin yaranmasına səbəb olur.
Onu da qeyd edək ki, "Azadlıq" blokunu yaradanlar artıq peşman olublar. Bu blokda təmsil olunan partiyalar bu bloku yaratmaqla səhv etdiklərini düşünməyə başlayıblar. Ona görə ki, blokdaxili partiyaların üzvlərinin fikrincə, "Azadlıq" blokunun yaranması müxalifət düşərgəsinin fəaliyyətində heç bir canlanma yaratmadı. Əksinə, müxalifətçilər arasında düşmənçiliyi daha da artırdı. Həqiqətən, çox maraqlı bir fakt ortaya çıxır. Bu fakt ondan ibarətdir ki, hər hansı bir müttəfiqlik, birlik, blok yarananda, orada yüksək səviyyəli iş prinsipinə, müsbət yöndə fəaliyyətə nail olmaq məqsədi güdülür. Amma müxalifət düşərgəsində hər bir iş əks istiqamətdə gedir. Onlar hansısa blokda birləşəndə müsbət yox, mənfi irəliləyişlərə nail olur və bir-birlərinə olan düşmənçilikləri daha da artmağa başlayır. Bu proseslərin belə davam etməsində isə xüsusi marağı olan Əli Kərimov, İsa Qəmbərov və digər müxalifətçilər mövcuddur. Artıq bu müxalifətçilər çox tənha qalıblar. Onların sözünü dinləyən, əmrlərinə tabe olanlar yoxdur. "Azadlıq" bloku daxilində hökm sürən bu hadisələr ondan xəbər verir ki, biz hələ bu blok daxilində çox mənfi halların şahidi olacağıq.