Pənah Hüseynov parlament seçkiləri ərəfəsi yenə də fəallıq göstərməyə çalışır
2010-cu ilin ilk günündən müxalifət düşərgəsində "yeni layihələrlə" çıxış edənlərin sayı artmağa başlayıb. Səbəbi də bu ilin parlament seçkiləri ili olmasıdır. Daxili intriqalar hesabına gündəmdə qalmağa can atan əksər müxalifət partiyalarında isə indi vəziyyət tamam başqa bir məcrada davam etməkdədir. Məhz bu istiqamətdə apardığımız müşahidələr nəticəsində belə bir qənaətə gəlmək olur ki, indi müxalifət düşərgəsində mövcud olan vəziyyət heç zaman baş verməyib.
Daha çox şəxsi maraqlar prizmasında düşərgədə cərəyan edən proseslər sonda, nəticə etibarilə, ənənəvi olaraq, bir sıra partiyaların tamamilə gücsüz bir duruma düşməsini zəruri edib. Belə ki, uzun müddət daxili çəkişmələrdə olan müxalifət partiyaları, həmçinin, öz aralarında olan vəziyyətdə nəzarət edə bilmədikləri üçün düşmənçilik prinsipləri artıq qaçılmaz olub. Bir-birini görməyə gözü olmayan müxalifət liderlərinin siyasi adla digər qaranlıq işlərlə məşğul olması da hər kəsə məlumdur. Odur ki, düşərgədə siyasi təşkilat adı altında fəaliyyət göstərən partiyaların siyasi mənsubluğundan söhbət gedə bilməz. Çünki məhz bu adla özlərinə siyasi dividend toplamaqla xarici təşkilatlar yanında daha optimist görünməyə çalışan müxalifət təmsilçiləri parlament seçkiləri ərəfəsi mümkün qədər daha çox maliyyə imkanı əldə etmək üçün istənilən bir şərtlə buna razı olurlar.
Təsadüfi deyil ki, müxalifət düşərgəsindən olan bəzi şəxslərin, hələ də anti-Azərbaycan meyilli qüvvələrlə əməkdaşlıq etməsi hallarını müşahidə etmək mümkün olur. Digər bir səbəb isə bütün imkanlardan məhrum olmuş müxalifət, hazırkı mərhələdə öz daxilində intriqa yaratmaqla marağı məhz bu istiqamətə yönəltməyə çalışır. Amma inkişafda olan bir cəmiyyətə bu tip oyunların oyunçusu olmağı təhrik etmək bütün hallarda mümkün deyil.
Bir faktı da vurğulayaq ki, əvvəllər olduğu kimi, bu seçkilər ərəfəsi də müxalifət düşərgəsində birləşmək kampaniyası daha çox dəbdə olan bir prinsipə dönüb. Eyni zamanda, burada müəyyən maraqlar toplusunun olduğu da meydana çıxır ki, müxalifət daha çox öz aralarında konfliktlərin olmadığını cəmiyyətə sırımağa çalışır. Amma unutmaq olmaz ki, informasiyalı bir cəmiyyətdə bu cür hallar nəzərdən heç vaxt qaça bilmir. Məhz yuxarıda sadaladığımız prinsipləri əlində rəhbər tutan müxalifətin formal koordinatoru rolunu öz üzərinə götürmüş Pənah Hüseynov, indi seçkiərəfəsi daha çox optimist təkliflər üzərində baş sındırmaqdadır. Onun təklifinə əsasən, Azərbaycan Milli İstiqlal Partiyası "Klassik Xalq Cəbhəsi Partiyası" ətrafında birləşməlidir. Bir məsələni də diqqətə çatdıraq ki, son zamanlar müxalifət düşərgəsindən bir balaca zəiflik nümayiş etdirən təşkilatın sıradan çıxmasını daha da sürətləndirmək üçün, onun digər bir siyasi təşkilata transfer edilməsi barəsində çox tez-tez təkliflər səslənir. Buna misal kimi, ADP sədri Sərdar Cəlaloğlunun Müsavat partiyasını özünə birləşdirmək barəsində etdiyi təklif də öz orijinallığı ilə diqqət çəkməkdədir.
Qeyd edək ki, Müsavatın cəmiyyətdə olan-qalan nüfuzunun bu seçkidən sonra tamamilə itirildiyini əsas gətirən S.Cəlaloğlu, ADP ətrafında birləşməklə itkisiz çıxış yolunun daha düzgün olduğunu vurğulayıb. Amma unutmaq olmaz ki, Müsavat başqanı İsa Qəmbərov da ona qarşı istiqamətlənmiş istənilən bir addımı cavabsız qoymaq niyyətinin olmadığını açıq şəkildə bildirib.
P.Hüseynovun isə bu məsələdə daha çox çevik mövqe tuması olayın bir qədər çətin duruma düşməsini zəruri edib. Odur ki, indi düşərgədə daha çox müzakirə olunan məsələ AMİP - "KXCP" problemidir ki, bu problemində nəticədə acı bir sonluqla başa çatması artıq indidən bütün çalarları ilə müşahidə olunmaqdadır. Eyni zamanda, əks-tərəfdə də buna qarşı etiraz edənlər heç də sakit görünmürlər AMİP-in təbliğat və təşviqat katibi Əli Orucovun bildirdiyinə görə, P.Hüseynov müxtəlif vaxtlarda bu tip bəyənatlar verməklə prosesləri öz istəyinə uyğun yönəltəmək istəyir. İndiki məqamda AMİP-in heç bir siyasi təşkilatla əməkdaşlıq etmədiyini və yaxın gələcəkdə də belə bir addımın atılmasının gözlənilmədiyini bildirən Ə.Orucov, səslənən fikirlərin heç bir əsasının olmadığını vurğulayıb.