PDF Oxu

Müxalifət

  • 12

YAP maliyyə hesabatını açıqladığı halda, müxalif partiyalar yenə də susur

YAP maliyyə hesabatını açıqladığı halda, müxalif partiyalar yenə də susur
Cəmiyyətin aparıcı qüvvəsi hesab olunan Yeni Azərbaycan Partiyası, nəinki ölkəmizdə, ümumiyyətlə, regionda ən aparıcı lider təşkilatı kimi tanınır. YAP bu adı cəmiyyətdə xeyirli və gərəkli fəaliyyəti ilə qazanıb. Partiyanın sıralarının həm kəmiyyət, həm də keyfiyyət baxımından genişlənməsi də Yeni Azərbaycan Partiyasına olan inam və etibardan irəli gəlir. Devizi xalqa xidmət, dövlətə dəstək olan Yeni Azərbaycan Partiyası, həm də fəaliyyətini vətəndaş cəmiyyəti quruculuğuna, demokratik proseslərin sürətlənməsinə və inkişaf etdirilməsinə yönəldir.
Bir sözlə, ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası 2010-cu ilə yeni uğurlarla qədəm qoymuşdur. Müxtəlif sahələrdə əldə olunan nailiyyətlərin kökündə, həm də partiyanın demokratik idarəetməyə, şəffaf fəaliyyətə üstünlük verməsi dayanır. Xüsusilə də, hər il olduğu kimi, 2009-cu ilin maliyyə hesabatı ilə bağlı partiya üzvlərinə, cəmiyyətə açıqlama verilməsi Yeni Azərbaycan Partiyasının ucalıqlarda bərqərar olmasına layiq partiya olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə yalnız siyasi partiyalar arasında Yeni Azərbaycan Partiyası ilin yekunları ilə bağlı ictimaiyyətə geniş və əhatəli hesabatlar verir. Digər partiyaların, xüsusilə də, şəffaflıqdan, demokratik proseslərə sədaqətdən danışan radikal müxalifət partiyaları, nəinki cəmiyyət, heç sıravi üzvlər üçün də hesabat vermir. Bu da onların fəaliyyətsiz olmalarından, əsasən də, qaranlıq maliyyə qaynaqlarına malik olmalarından irəli gəlir.
Bizimlə söhbətində Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev seçki kampaniyası dövründə görülən işlər və qarşıda duran vəzifələr barədə hesabatlar verdiklərini ancaq hazırkı mərhələdə maliyyə hesabatı verməyə ehtiyac olmadığını söylədi: "Müsavat partiyasına üzvlük haqları ödənilir və ianələr verilir. Bu da cüzi maliyyə olduğundan, xüsusi hesabat verməyə zərurət duyulmur".
AMİP-in sədr müavini Əli Orucov il ərzində görülən işlərlə bağlı cəmiyyət qarşısında hesabat verilməsinin müsbət qiymətləndirildiyini söylədi: "YAP hesabat verirsə, bu, normal haldır. Düşünürəm ki, partiyaların fəaliyyəti şəffaf olmalıdır. Amma müxalifət partiyalarının maliyyəsi yoxdur. Əgər hesabat verilirsə, bu, yalnız formal xarakter daşıyır".
"Ümid" partiyasının sədr müavini Nəsimi Məmmədli də şəffaflığın yüksək qiymətləndirildiyi və hər bir təşkilatın maliyyə hesabatı verilməsinin zəruri olduğunu söylədi. Qeyd etdi ki, "Ümid" partiyası maliyyə problemlərini üzvlük haqları və partiyaya verilən ianələr hesabına həll etməyə çalışır. "Ümid" partiyası sosial sığortalar ödədiyini deyən N.Məmmədli perspektivi olmayan təşkilatların hesabat verməmələrinin təbii olduğunu söylədi.
ASDP həmsədri Araz Əlizadə isə, 1994-cü ildə partiyanın qəbul etdiyi qərara uyğun olaraq, üzvlərin təşkilata üzvlük haqları vermədiklərini bildirdi. Ona görə də, maliyyə hesabatı verməyi zəruri hesab etmirlər. Partiya yalnız icarə, işıq, su haqlarını ödəyir ki, bu da imkanlı ASDP üzvləri vasitəsilə həyata keçirilir.
Göründüyü kimi, özünü ifşa xarakterli münasibətlər müxalifətin ictimaiyyətə sözünün olmadığını göstərir. Nəzərə almaq lazımdır ki, müxalifət partiyaları cəmiyyətdə qəbul edilmir. Bu da onların düşünülməmiş yarıtmaz siyasət aparmalarından və xarici maraqlı qüvvələrin Azərbaycandakı təmsilçiləri rolunda çıxış etməyə cəhd göstərmələrindən irəli gəlir. Dəfələrlə bu üzdəniraq qüvvələr ölkəmizdəki mövcud ictimai-siyasi sabitliyi pozmaq üçün iğtişaşlar, qarşıdurmalar törətməyə cəhdlər göstəriblər. Hətta dövlət əhəmiyyətli binalara, dükan və mağazalara hücumlar təşkil etmişlər. Bununla da, ictimaiyyət arasında çaşqınlıq yaratmaq xülyasına düşmüşlər. Ancaq kifayət qədər siyasi təcrübəyə malik olan Azərbaycan xalqı pozucu ünsürlərin bəd niyyətlərinin nədən ibarət olduğunu başa düşdüklərindən, onlara qəzəb və nifrət nümayiş etdirmiş, asayiş keşikçilərinə dəstək verməklə onların zərəsizləşdirirlməsinə nail olmuşlar. 2003-cü il 15-16 oktyabr iğtişaşlarına cəhd zamanı, 2005-ci 26 noyabr qarşıdurması proseslərində də belə olub. Təbii ki, bundan sonrada xalq-hakimiyyət birliyi dönməz və sarsılmaz olacaq. Radikal müxalifətə və onların havadarlarına isə yalnız boşboğazlıq və mənasız hay-küylər qalacaq.

Digər xəbərlər