Hər kəsə bəlli olan fakt ondan ibarətdir ki, insanın uğursuzluğa düçar omasının əsas səbəbi onun öz həyatını düzgün qura bilməməsidir. Yəni bacarmadığı, gücü çatmadan işlərin qulpundan yapışması və boynundan böyük iddialara baş qoşması sonda ona uğursuzluq gətirir. Arzuolunmaz hal odur ki, uğursuzluğa düçar olan insan bunun səbəbini özündə deyil, başqalarında axtarır.
Ətrafında olanları qınayır, dövür haqqında nalayiq ifadələr səsləndirir. Söz yox ki, biçarəni fikrindən çəkindirmək, həyatını yenidən qurub, onu yaşamağın vacibliyinə inandırmaq da mümkünsüzdür. Çünki tarixdə hələ bir insanın kobud səhvləri səbəbindən üzləşdiyi həyat faciəsinə görə, özünün günahkar olduğunu etiraf etməsinə dair faktlara rast gəlinməyib. Fransız yazıçısı Onore de Balzak demişkən, "Bu sərsəm dünyada, hələ ki, mən həqiqətəndə dəliyəm deyən olmayıb. Ona görə də, hamı ağıllıdır".
Sözümün canı, fikrimin əsası odur ki, yaşadığımız bu gözəl cəmiyyətdə siyasi fəaliyyətlə məşğul olan siyasətçilərin böyük əksəriyyəti uğursuzluqlarına görə, başqalarını günahkar bilirlər. Amma bir dəfə də olsun, papaqlarını qabaqlarına qoyub, "Nədən belə oldu" sualı ətrafında fikirləşməyiblər. Yəni belə hallara rast gəlinməyib. Məhz buna görə də, siyasətçilər, xüsusi ilə də, müxalifət düşərgəsində təmsil olunan partiya sədrləri siyasət meydanında yalquzaq kimi tək qalıblar. Bir zaman xaricdən aldıqları maliyyə hesabına ətraflarına topladıqları insanlar da tamamilə onlardan uzaqlaşıblar. Amma nə fayda ki, bu dil qəhəmanları hələ də, "siyasətdə biz də varıq" deyərək var-gəl edirlər. Baxmayaraq ki, onlar ölkədə gedən ictimai-siyasi proseslərdən tamamilə kənarda qalıblar. İyirmi il ərzində keçirilən bütün seçkilərdə onlar acınacaqlı məğlubiyyətlə üzləşiblər. 2009-cu ildə bir referendum, bir bələdiyyə seçkisi keçirildi və radikal müxalifət hər iki tədbirin nəticələrinə görə, uğursuzluğa düçar oldu. Bu nöqteyi-nəzərdən də, demək olar ki, bu ilin noyabr ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərində də, müxalifətçilər bellərinə yüklənən məğlubiyyət yükünün altından çıxa bilməyəcəklər. Çünki bunun üçün konkret səbəblər mövcuddur. Başlıcası, müxalifət, ümumilikdə, pərakəndə və dağınıq haldadır. Hazırda iki partiya tapmaq mümkün deyil ki, eyni mövqedən çıxış etsin və siyasi baxışları üst-üstə düşsün. Digər tərəfdən "lider"ciklərin rəhbərlik etdiklər partiyalarda funksionerlərarası qarşıdurmalar mövcuddur. Üçüncüsü isə, hər zaman müxalifətə geniş maddi və mənəvi dəstək göstərən xarici maraqlı qüvvələrdə mövqelərindən geri çəkiliblər. Çünki müxalifətin qarşısına qoyulan vəzifələr, xüsüsi ilə də, ölkədəki mövcud ictimai-siyasi sabitliyi pozmaq, qarşıdurmalar, iğtişaşlar yaratmaq niyyətləri iflasa uğrayıb.
Bir sözlə, müxalifətin parlament seçkilərində cüzi uğur belə əldə etməsi üçün şansı qalmayıb. AXP-nin keçmiş sədri, müxalifətin uğursuz texnoloqu Pənah Hüseynovun növbəti təkliflərinə görə, müxalifət partiyaları fəaliyyətlərində ciddi dəyişikliklər etməlidirlər:"Vəziyyət dəyişməsə, çıxış yolu tapılmasa, müxalifət partiyalarının parlament seçkilərində də məğlubiyyətə uğramaları qaçılmaz olacaq."