Etibar Məmmədovun sədrlik eşqi oyanıb
Son zamanlar müxalifətçilərin bir-birindən maraqlı və gülünc olan yeni fikirləri, xarakterləri, istəkləri ortaya çıxır. Əgər siyasətçi siyasi səhnədə özünü gülünc vəziyyətə salırsa, deməli, artıq onun bu səhnədə yeri yoxdur və ya heç əvvəldən olmayıb. Rəhmətlik şairimiz Qabilin "Səhv düşəndə yerimiz" şeirini bu qəribə vəziyyətlərdə görünən radikal bəylərə aid etmək olar.
Son zamanlar özünü lider adlandıran Etibar Məmmədova bu sözü özü haqda deməyi AMİP-çilər qadağa etmiş və onu partiya üçün önəmli olmayan insan adlandırmışdılar. Lakin bu dəfə məsələ tamam başqa məcraya yönəlib. Belə ki, müxalifət partiyalarının əksəriyyətinin rəhbərləri xarici qrantlar alaraq, onların maraqlarına xidmət edirlər. Buna misal olaraq Müsavat başqanı İsa Qəmbərovu, AXCP (i) sədri Əli Kərimovu və digərlərini göstərmək olar. E.Məmmədov da onların sırasında olaraq, həmkarlarından geri qalmır. E.Məmmədov bildirib ki, AMİP-ə sədrlik etmək istəyir. Bu istək isə, təbii ki, onun rəhbərlik etmək eşqinin oyanması ilə bağlıdır. Amma anlamaq olmur ki, rəhbərlikdən heç bir anlayışı olmayan və bu işi qətiyyən bacarmayan bir insan niyə belə bir istəklə çıxış edir?! Məlumatlara əsasən, E.Məmmədova bu tapşırıq onu idarə edənlər, yəni maliyyələşdirənlər tərəfindən verilib. Güman ki, o AMİP-ə sədrlik edərək müəyyən planlar həyata keçirmək istəyir. Onun ilk istəyi, təbii ki, AMİP daxilində özünə rəqib olanları bu partiyadan uzaqlaşdırmaq və sonradan isə digər müxalifət partiyaları ilə münaqişələr yaratmaqla onları zəiflətməkdir. Qeyd edək ki, hələ E.Məmmədov AMİP-ə sədrlik etdiyi keçmiş vaxtlarda onun İ.Qəmbərovla, "Yurd" şefi ilə ciddi münaqişələri yaranıb və sonradan bu qalmaqal böyüyərək, pik nöqtəyə çatıb.
Xatırlamaq lazımdır ki, AMİP sədrliyindən getdikdən sonra istər Müsavat və istərsə də AXCP (i) partiyalarının rəhbərliyi tərəfindən E.Məmmədov haqqında sərt fikirlər daim söylənilib və o ciddi surətdə tənqid olunub. Hazırda isə E.Məmmədov sədrlik postuna gələrək, intiqam almaq fikrinə düşüb. Xarici qrantlardan istifadə edərək, siyasi səhnədə bir-birlərinə quyu qazmaqla məşğul olan müxalifətçilərin sonu çatıb. Bu faciəli sonluq isə, onların illər boyu apardıqları çirkin siyasətin və özlərinə olan düşmənçilik mövqeyinin nəticəsidir.
Həmçinin, qeyd edək ki, Etibar Məmmədovun "VİP" sədri Əli Əliyevlə də ciddi düşmənçiliyi var. Buna səbəb isə AMİP-ə Ə.Əliyevin böyük zərbə vurmasıdır. Özündən sonra AMİP partiyasını Əli Əliyevə etibar edən E.Məmmədovun bütün planları alt-üst oldu və Ə.Əliyev ona elə bir böyük quyu qazdı ki, sonda Etibar Məmmədov AMİP-çilər arasında arzuolunmaz şəxsə çevrildi. Etibar Məmmədovun AMİP-ə sədrlik etmək istəyini mənfi hal kimi qiymətləndirənlər arasında İ.Qəmbərov, Ə.Kərimov və digərləri ilə yanaşı, Əli Əliyevin də adı çəkilir. Əksər müxalifət rəhbərləri Etibar Məmmədovun sədrlik etmək planını pisləyir, onun artıq siyasi səhnədə olmadığını və yenidən bu səhnəyə qayıtmaq niyyətinin gülünc olduğunu bildirirlər. Ə.Əliyev isə onu daha sərt tənqid edir.
Sonda qeyd edək ki, E.Məmmədovun bu istəyini reallaşdırması ona görə müşkül məsələdi ki, o, heç vaxt heç bir istəyinə çata bilməyib və buna səbəb isə, onun siyasi bacarığının olmaması ilə bağlıdır.