Düşərgə daxilində kimin müxalifət olması məsələsi araşdırılır
Bu, bir danılmaz faktdır ki, müxalifət düşərgəsində təmsil olunan partiya funksionerlərinin bir-birinə münasibəti Xəzri küləyi kimidir. Yəni münasibətlər siyasi situasiyaya uyğun müəyyənləşir. Əgər bu gün maraqlar üst-üstə düşürsə, rəqiblər dostluq əlaqələri qurub, düşmən bildikləri şəxsi zərərsizləşdirməyə çalışırlar. Problem həll olunduqdan sonra isə, tərəflər yenidən bir-birinə düşmən kəsilirlər. Məhz buna görə də, müxalifətin bir devizi var: Əbədi düşmənləri olmadığı kimi, dostları da yoxdur. Siyasi zərurət dostları düşmənə, düşmənləri isə dostlara çevirə bilər.
Qeyd olunan faktları müxalifət partiya funksionerlərinin siyasi fəaliyyətlərində açıq şəkildə görmək olar. Zamanında müttəfiqlər olan "Ümid" partiyasının sədri İqbal Ağazadə, Müsavat başqanı İsa Qəmbərov, "KAXCP" sədri Mirmahmud Fəttayev, ADP sədri Sərdar Cəlaloğlu və bu kimi şəxslər indi qatı rəqiblərə çevriliblər. Çünki hazırkı siyasi situasiya bunu tələb edir. Düzdür, son günlər mövqelərdə 180 dərəcə istiqamətində dəyişmə prosesi gedir. Bununda səbəbi bu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləridir. Maraqlar rəqibləri olub keçənləri, müvəqqəti də olsa unudaraq, bir araya gəlməyə məcbur edib. Hətta "KAXCP" sədri Mirmahmud Fəttayev "DUİ"-nin elçisi sifətində partiya sədrləri ilə danışıqlar aparmaqla yeni bir blokun yaradılmasına səylər göstərir. Ancaq bu tip blokun yaradılmasının fiaskoya uğrayacağı şübhəsizdir. Ən azı ona görə ki, partiya sədrlərinin hər biri boyunlarından böyük iddialara malikdirlər. Digər tərəfdən isə, düşərgə daxilində blokların siyasi proseslərdə özünü doğrultmadığı təcrübəsi möcuddur. Nəzərə almaq lazımdır ki, yalnız son üç il ərzidə müxalifət düşərgəsində, ümumilikdə, 31 blok və "Dördlər", "Beşlər" kimi formatlar yaradılıb. Ancaq bu qurumların ömrü çox qısa olub. Blok daxilində birinci partiya və aparıcı söz sahibi olmaq iddiaları nəticədə blokların dağılmasına gətirib çıxarıb.
Qeyd etmək yerinə düşər ki, M.Fəttayevin istəyinin reallığa çevrilməyəcəyi pronozlaşdırılır. Çünki hazırda düşərgə daxilində kimin müxalifət olması məsələsi araşdırılır. AXP-nin keçmiş sədri P.Hüseynovun müxalifət yalnız Müsavat, AXCP (i) və "KAXCP" deməsinin ardınca İsa Qəmbərovun "bəzi partiyalar MTN-ə, bəziləri isə Rusiya və İrana işləyirlər" söyləməsi düşərgə daxilində yeni qalmaqallara yol açıb. Bu üzdəndə də yeni blokun yaradılması sevdası baş tutmayacaq. Partiya sədrləri uzun müddət bir-birini təkzib etməyə və yalnız Azərbaycan maraqlarına xidmət etməyə çalışdıqlarını sübuta yetirməyə çalışacaqlar. Bir də, ayılacaqlar ki, oba köçüb, yurdu qalıb. Parlament seçkiləri başa çatmaq üzrədir, onlar isə hələ də, bir-birinə moizə oxumaqdadırlar. Seçkilər də növbəti acı məğlubiyyətlə üzləşdikdə isə, günahı özlərində deyil, başqalarında axtarmağa çalışacaqlar. Bu isə müxalifətin həyasızlığı, əxlaqsızlığı və nəhayət, yaramazlığının demək olacağı şübhəsizdir.