Müsavat başqanı müxalifət liderlərinin hədəfinə çevrilir
Bu yaxınlarda Müsavat partiyasının başqanı İsa Qəmbərovun verdiyi açıqlamada müxalifətdə təmsil olunan siyasi partiyaları müəyyən qruplara ayırması, onların daxili və ya xarici qüvvələrin sifarişi ilə hərəkət etdiklərini bildirməsi radikal düşərgədə qalmaqal yaradıb.
Bəzi partiya sədrləri onun bu açıqlamasının əsassız olduğunu qeyd etsələr də, digərləri onun konkret olaraq, Qərbin müəyyən dairələrinin maraqlarına işlədiyini vurğulayıblar. Hətta İ.Qəmbərovun bu açıqlamısının parlament seçkiləri ərəfəsində müxalifətin birlik yaratmaq cəhdlərinə qarşı yönəldiyini və bu ideyaya ağır zərbə olduğunu deyiblər.
Azərbaycan İslam Demokrat partiyasının (AİDP) sədri Tahir Abbasov mətbuata verdiyi açıqlamasında bildirib ki, indiki vəziyyətdə düşərgə daxilində günahkar axtarışı qalan digər müxalifət partiyalarının da sıradan çıxmasına gətirib çıxaracaq. AİDP sədri onu da deyib ki, İsa Qəmbərov digər müxalifət partiyalarını ittiham etməklə öz yaxasını kənara çəkə bilməz. Çünki bu, onun özünə bəraət qazandırmaq məqsədi daşıyır: "Zaman-zaman bəzi müxalifət liderləri tərəfindən bu cür açıqlamalar səsləndirilir. Mən bunları gecikmiş və vaxtında atılmayan addım kimi qiymətləndirirəm. İsa Qəmbərov bu cür fikirlər səsləndirməsi ilə müxalifətin birliyinə və zəhmətinə kölgə salır. Onun bu açıqlaması, onu deməyə əsas verir ki, müxalifət partiyaları tərəfindən atılan bütün addımlar xalqın deyil, məhz hansısa xarici qüvvənin diqtəsi ilə baş verib. Hesab edirəm ki, Müsavat başqanının iddiaları yersizdir".
Daha sonra məsələyə münasibət bildirən Azərbaycan Liberal partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan Müsavat partiyasının başqanı İ.Qəmbərovun müxalifət daxilində təxribat yolunu tutduğuna təəssüf hissi keçirdiyini söyləyib. Qeyd edib ki, əgər onun əlində belə bir fakt varsa, buyursun, ortaya qoysun ki, hər kəsə hansı müxalifət partiyasının kimlərə "işlədiyi" məlum olsun. Yoxsa vaxtaşırı bu cür açıqlamaların verilməsi İ.Qəmbərovun, sanki tapmaca oynadığını göstərir: "Ciddi siyasətçi oxu atıb, yayı gizlətməz. Əgər İ.Qəmbərovun əlində hər hansı bir partiyanın, hər hansı bir siyasətçinin xarici ölkəyə işləməsi, yaxud onun xüsusi xidmətinin agenti olması barədə fakt varsa, açıb ortaya qoysun".
Ə.Temirxan Müsavat başqanının bu sözlərini ALP-yə aid edəcəyi təqdirdə, onların məhkəmədə görüşə biləcəyini vurğulayıb. Hər hansı bir xarici ölkənin agenti olmaq, onun əmrlərini yerinə yetirmək Vətənə, dövlətə xəyanət olduğundan, belə bir ağır cinayəti bilib gizlətməyin özü də ağır cinayətdir. Eyni zamanda, bu barədə kimisə əsassız olaraq, təqsirli bilmək də cinayətdir. ALP-nin sədr əvəzi bildirib ki, İ.Qəmbərov ALP-yə böhtan atır: "Bu, dözülməz bir haldır. İ.Qəmbərova lazımi cavabını verəcəyik. İndi müxalifət daxilində yaranmış siyasi qarşıdurmaya görə birbaşa İ.Qəmbərov məsuliyyət daşıyır. Bütün müsavatçılar həmrəy olaraq, öz başqanlarını bu cür təxribatlardan əl çəkməyə təhrik etməlidirlər".
Azərbaycan Liberal Demokrat partiyasının (ALDP) sədri Fuad Əliyev bu yaxınlarda qəzetimizə verdiyi müsahibəsində bildirib ki, İ.Qəmbərov müxalifət partiyalarının xarici ölkələrə işləməsi ilə bağlı ittihamları irəli sürərkən, sadəcə, bir ölkənin, ABŞ-ın adını çəkməyib. Yəqin ki, onun özü də Amerikaya işləyir. Hansısa partiyanın xarici dövlətlərin maraqlarına işlədiyini deyirsə, buyursun, onu sübut etsin. Onun sözlərinə görə, Müsavat başqanını bu tip bəyanatlar verməsinin əsas səbəbi müxalifətin blok şəklində birləşməsinə mane olmaqdan ibarətdir: "O, bununla, çalışır ki, müxalifət partiyaları seçki ərəfəsində birləşməsin və pərakəndə vəziyyətə düşsün. Yəni, İ.Qəmbərovun bu fikirlərini əsassız sayıram. Onun məntiqi ilə desək, onun özü də ABŞ-a işləyir. Hətta bunu ABŞ-a ünvanlanmış mesaj kimi qiymətləndirmək də olar".
Onun fikrincə, bu fikirlərilə İ.Qəmbərov Amerikaya demək istəyir ki, gəl, əməkdaşlıq edək.