PDF Oxu

Müxalifət

  • 15

Radikal müxalifət partiyalarının arxivə atılması reallığa çevrilir

Radikal müxalifət partiyalarının arxivə atılması reallığa çevrilir
Radikal müxalifət partiyaları parlament seçkiləri ərəfəsi parçalanmağa başlayıb. Bu proses bəzi partiyalarda, məsələn, AXCP (i)-də hələ bələdiyyə seçkilərindən əvvəl reallaşdısa, digərlərində indi başlayıb. Belə ki, Müsavat partiyasında sükut pozulub. Partiyadaxili hakimiyyətdən kənarlaşdırılan qrupun rəhbəri Rauf Arifoğlu bir çox məsələlərə aydınlıq gətirib. "Yeni Müsavat"ın baş yazarı separat danışıqlar nəticəsində partiya daxilində hakimiyyətə yiyələnən Sülhəddin Əkbərin rəhbərlik etdiyi qruplaşmanın yürütdüyü siyasətə əks mövqe sərgiləyir.
Məlumat üçün deyək ki, hələ bir neçə ay öncə, seçkidə iştirakla bağlı fərqli taktika nümayiş etdirən Müsavatda partiyadaxili qruplaşmaların birinin digərinə üstün gəlməsi və məğlub tərəfin bütün nümayəndələrinin partiyadan kənarlaşdırılması başlamışdı. Faktiki olaraq, Müsavat partiyasında qopma prosesinə çoxdan start verilsə də, həmin qruplar ötən seçkilərdə iştirakla bağlı "centlmen" sazişinə imza atmaqla, müvəqqəti atəşkəs elan etdilər. Çünki partiya daxilində hər iki qruplaşmanın başında dayanan şəxslər nə xalq, nə demokratiya, nə də partiya təəssübkeşliyi çəkirdilər. Hər iki qruplaşmanın başçılarını, bu parçalanmadan nə qazanacaqları düşündürdüyü üçün müvəqqəti sakitliyə razılıq verdilər. 2008-ci il prezident seçkilərindən sonra İsa Qəmbərovun siyasi iflasını dəqiqləşdirən o zamankı müavinlər Sülhəddin Əkbər və Rauf Arifoğlu arasında başlanan mübarizə bələdiyyə seçkilərində ciddiləşərək, kulminasiya nöqtəsinə çatdı. R.Arifoğlu açıqlamasında bildirir ki, 2008-ci il prezident seçkilərindən sonra funksionerlər İ.Qəmbərovu başqan kimi görmədiklərini bildirdilər: "Lakin İ.Qəmbərov özünü həyasızlığa vuraraq, funksionerlərin sözlərinə əhəmiyyət də vermədi və kreslodan ikiəlli yapışdı. Nəticədə partiyadaxili ziddiyyətlər daha kəskin hal aldı".
R.Arifoğlu bu günlərdə partiyanın başqanını məhkəməyə verəcəyini də bildirib: "İsa Qəmbərov artıq siyasi iflasa uğrayıb. Bunu sıravi üzvlər də bilir, funksionerlər də. Partiyada başqan kimi sayılmayan İ.Qəmbərov yenidən parlament seçkilərinə qatılacağını bəyan edirsə, bu, ən azı həyasızlığın son həddi deməkdir. Çünki istər müavinləri, istərsə də müsavatçılar onun necə fırıldaqçı və həyasız olduğunu yaxşı bilirlər".
R.Arifoğlu mətbuatda verdiyi açıqlamasında, onu da vurğulayıb ki, Ə.Kərimovun qarşıdakı seçkidə də boykot yolu seçəcəyi təklifinə İ.Qəmbərovun da qoşulması məğlub Müsavat başqanının əlinə əlavə stimul verir. Ancaq İ.Qəmbərov kimilərdə abır olsaydı, gedib evdə oturaradı. Müsavat partiyasına rəhbərlik etmək istəyən kəs dövlətinə, millətinin inkişafına maneçilik törətmək istəyənlərlə belə işbirliyinə getməməlidir: "Onu da deyim ki, artıq ənənəvi müxalifətə xalq tərəfindən heç bir inamın qalmadığını dəqiq bilən funksionerlər indidən fərqli formatda müxalifət partiyalarını yaradacaqlarına dair mesajlar verməkdədirlər. Çünki bugünkü müxalifət artıq çoxdan arxivə atılıb. Korporativ arzularla yaşayan və özünü müxalifət adlandıran İ.Qəmbərov, L.Hacıyeva, Ə.Kərimov, S.Cəlaloğlu kimilər cılız hisslərlə yaşayırlar. Belələri isə, nə ictimaiyyət, nə də sağlam fikirli müxalifət funksionerləri tərəfindən qəbuledilməzdir".

Digər xəbərlər