Etibar Məmmədov AMİP liderliyindən də əl çəkmək məcburiyyətində qalıb
Müxalifət düşərgəsində daxili ziddiyyətlər, münaqişələr hökm sürməkdədir. Hər gün AXCP (i), Müsavat, "MBH", ALP daxilində funksionerlər arasında faciəvi surətdə davam edən qalmaqalların şahidi oluruq.
Bu dəfə isə müxalifətçi dostlarından geri qalmamaq prinsipini rəhbər tutaraq AMİP-çilər öz aralarında döyüşlərə start veriblər. Özünü AMİP lideri adlandıran Etibar Məmmədov artıq "mən AMİP lideriyəm" cümləsini qorxa-qorxa söyləyir. Hətta bir müddət sonra, o, bu cümləni qətiyyən deyə bilməyəcək desək, yanılmarıq. Çünki AMİP üzvləri E.Məmmədovu lider kimi görmək istəmirlər və buna qarşı ciddi etirazlara başlayıblar. AMİP-çilərin etirazlarının səbəblərindən biri budur ki, onlar özünü AMİP lideri adlandıran E.Məmmədovu heç bir fəaliyyət göstərməməkdə və partiyanın nüfuzunu artırmaq naminə heç bir siyasi gediş etməməkdə günahlandırırlar. Partiya üzvləri onu passiv adlandıraraq, bu passivliyin hələ onun AMİP-ə sədrlik etdiyi dövrdən başlamasını bildirirlər. Partiyanın Mərkəzi Şuranın keçirdiyi iclasında iştirakçılar E.Məmmədovu sərt tənqid hədəfəinə çeviriblər.
E.Məmmədov isə bu tənqidlərə heç bir cavab verə bilmir. Buradan belə nəticə çıxır ki, E.Məmmədov həm qorxduğu üçün və həm də heç bir cavab verə bilməyəcəyini bildiyi üçün çıxış etmək və ona qarşı olan tənqidlərə, mənfi münasibətlərə fikir bildirmək istəmir.
Onu da qeyd etmək lazımdır ki, özünü AMİP lideri adlandıran E.Məmmədov təkcə öz partiyası daxilində deyil, həmçinin, digər radikallar tərəfindən də arzuolunmaz şəxs kimi dəyərləndirilir. AMİP daxilində gedən bu qalmaqala münasibət bildirən Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov qeyd ediblər ki, E.Məmmədova edilən bu etirazlar haqlıdır. Buradan görünür ki, İ.Qəmbərov və "Yurd" şefi E.Məmmədovun pis gününə sevinir və hətta AMİP-çilərə quyu qazmaq üçün birgə fəaliyyətə də başlaya bilərlər. Nəin ki Müsavat və AXCP (i)-dən, hətta "MBH" və ALP-dən də AMİP-ə və xüsusi ilə də E.Məmmədova qarşı sərt çıxışlar ediblər. Bu sərt çıxışların arxasında isə, təbii ki, onların bir-birlərinə qarşı uzun illərdən bəri yaranan və davam edən düşmənçilikləri səbəb olub. Müxalifətçilərin bir-birlərinə quyu qazmalarına biz illər öncə də şahid olmuşuq, indi də şahidik və gələcəkdə də, heç şübhəsiz ki, şahid olacayıq. Ola bilər ki, E.Məmmədov bu yaxınlarda çıxış edərək, artıq AMİP liderliyindən əl çəkdiyini etiraf etsin. Siyasi səhnə belə insanların yeri deyil. Zəiflər hər zaman məğlub olurlar, hətta onlar öz məğlubiyyətlərini qəbul etməsələr belə, zaman onlara bir daha məğlub olduqlarını sübut edir.