PDF Oxu

Müxalifət

  • 9

Cib prinsipinə əsaslanan radikal müxalifət

Cib prinsipinə əsaslanan radikal müxalifət
Son vaxtlar maliyyə vəsaitinin kəsilməsi radikal müxalifəti arzuolunmaz təşkilatlarla əməkdaşlığa vadar edib. Radikal müxalifət partiyalarına uzun müddət rəhbərlik edən şəxslərin zəif idarəçilik prinsipləri, daxili qarşıdurmaları idarəolunmaz həddə çatdırıb. Ümumi müxalifətin durumu və bir sıra məsələlərlə bağlı Vəhdət partiyasının sədri Tahir Kərimli müxalifətin ictimai-siyasi proseslərə təsir imkanlarının minimuma bərabər olduğunu bildirdi. Müsavat partiyasının sözçüsü Arif Hacıyevin açıqlamasına əsasən, "müxalifət ALP, ADP, Müsavat və AXCP (i)-dən ibarətdir" fikrinə münasibət bildirən T.Kərimli belə danışanları səviyyəsiz və siyasi düşüncəsi olmayan fikir adlandırdı: "Ölkənin ictimai-siyasi həyatında ən qüdrətli, xalqın ümid etdiyi partiya Yeni Azərbaycan Partiyasıdır. Bu faktı unudanlar və dərk etməyən partiyalar artıq çoxdan tarixin arxivinə atıldıqlarını yaxşı bilirlər. Görünür, parlament seçkiləri ərəfəsi "bəlkə alındı" arzusu ilə yaşayan A.Hacıyev kimilər bu fikirləri söyləməklə özlərinə təskinlik vermək istəyir. Sadəcə, bir məntiqi qeyd etmək istəyirəm ki, adları çəkilən bu partiyaların ümumi bir milli xəstəliyi var. Heç kim normal mövqedən çıxış etmir. Hamı istəyir ki, özünü irəlidə, aparıcı kimi görsün.
Bu ilin parlament seçkilərində Vəhdət partiyasının iştirak edəcəyini bildirən T.Kərimli ölkədə bütün seçkilərin şəffaf və demokratik prinsiplərə uyğun baş tutduğunu vurğuladı. Bildirdi ki, əksər partiyalardan fərqli Vəhdət partiyası seçkilərdə tutduğu mövqedən asılı olaraq iştirak edəcək: "Digər arzuolunmaz partiyalar kimi gündə bir mövqedən çıxış etmək bizim əqidəmizə sığışmır. Bir mövqe tutmaq və həmin mövqedən axıra kimi çıxış etmək ən doğru seçimdir. Əksinə, gündə bir qüvvənin maraqlarına uyğunlaşmaq əqidəsizlik sayılır".
"Keçmiş müttəfiqiniz AXCP (i) sədri Əli Kərimovun, həmişə olduğu kimi, yenə də seçkiləri boykot etmək haqqında düşündüklərini deyir. Sizcə, hakimiyyət iddiasında olan təşkilatın seçkilərə qatılmaqdan çəkinməsi təəccüb doğurmur ki" sualımıza Vəhdət sədri hazırda Azərbaycanda seçkiləri boykot edəcək hansısa bir gücün mövcud olmadığını söylədi: "Bu həqiqətlə uzlaşmayan fikirlər bütün keçirilmiş seçkilərin gedişində səslənib, səslənəcək də. Heç kim bu şəxslərdən xahiş etməyəcək ki, seçkilərdə iştirak etsinlər. Bu, onların çıxaracağı qərardan asılıdır. İstəsələr, seçkilərdə iştirak edərlər. İstəməsələr, etməzlər. Onların iştirakı olmasa, guya bu seçkilər olmayacaq? Təbii ki, olacaq. Əsas səbəb isə, boykot çıxışı edənlərin sosial bazasının olmamasıdır. Siyasətdə olduqları dönəmdən bu günə qədər, cüzi belə uğur əldə etmədiklərini deyən T.Kərimli qeyd etdi ki, radikal müxalifətin ənənəvi amplualarında çıxış etmələri təəcüb doğurmur. Çünki müstəqil deyillər. Yəni müxtəlif xarici maraqlı qüvvələrdən asılıdırlar. İkinci bir tərəfdən, əgər bu adamlar cəmiyyət tərəfindən qəbul edilmirlərsə, kimləri boykota çağırırlar? Gülünc vəziyyət deyilmi? Elə buna görə də, bütün seçkilərdə biabırçı uğursuzluqlarla üzləşirlər. İndi də parlament seçkiləri ərəfəsi Ə.Kərimovun belə fikir söyləməsi, lap həyasızlıqdır. Atalar demişkən, "utanmasan, oynamağa nə var ki!" Cib prinsipinə əsaslanan bu kəslər illər boyu şəxsi ambisiyalarının qurbanı olublar. Görünür, neçə illərin siyasi şizofreniya xəstəliyi müxalifət üçün açılmaz prosesə çevrilib. Düşərgə rəhbərlərinin acınacaqlı böhrandan çıxa bilməmələrinin səbəbi də elə budur. Onsuz da həyatı boyu cib müxalifət olanlardan təzə bir şey gözləməyə də dəyməz. Yaxşısı odur ki, elə cib müxalifəti olaraq qalın. Necə deyərlər, cibiniz mübarək, "bəylər".

Digər xəbərlər