PDF Oxu

Müxalifət

  • 11

Millətin əxlaqı nəyin əsasında formalaşmalıdır?

Millətin əxlaqı nəyin əsasında formalaşmalıdır?

Yuxarıda aşılanan səbəblərə görə, cəmiyyətin dini əxlaq ruhunda tərbiyə olunması vacib məsələ hesab oluna bilər. Bu halda, hər bir insanın özünü idarəetmə mexanizmləri aktivləşmiş olub, cəmiyyətdə nizam və stabillik bərqərar olur. Daha doğrusu, insan öz yaradılışının mənası və məqsədlərinə nail olur. Yalnız maddi deyil, ilk növbədə, mənəvi varlığa çevrilir, onda mənəviyyat maddiyyatı üstələyir. Belə olanda, onun həyatının məqsədi, ilk növbədə, Tanrı və insanlar qarşısında məsuliyyət, axirətdə xilas olmaq hissləri olur.
(Əvvəli ötən sayımizda)

Dini əxlaq, millətin maariflənməsi və təhsil sistemi

Bu halda, onlar başqa insanları istismar etməz, fitnələr törətməz, başqalarına və təbiətə ziyan yetirməz. Bununla da bir çox sosial problemlər həll edilmiş olar. Vicdan, namus, günah, mənəviyyat haqqında obyektiv anlayışlara malik olan adam heç vaxt korrupsiyaya, əxlaqsızlığa, sonsuz eyş-işrətlərə uğramaz, öz həyatı və fəaliyyətini quruluş və tərəqqiyə həsr edəcək. Xarici şəraitdən, dövlətin güclü yaxud zəif olmasından asılı olmayaraq, belə adamlar əbədi olaraq öz yüksək keyfiyyətlərini saxlayacaqlar. Nə qədər sərt olsa belə, təkcə qanunla bütün problemləri həll etmək olmaz, çünki qanun ruhsuzdur. O, insanları yalnız cəzalandırır, islah etmir. Şərait dəyişən kimi, təkcə qanunla tənzimlənən sivil insanlar, hətta öz qarşısında nə varsa darmadağın edən barbarlara çevrilə bilərlər. Məsələ burasındadır ki, qanunda nəzərdə tutulmuş müddəalar onların əqidəsini təşkil etmir, mexaniki icra edilir.
Əlbəttə, bütün cəmiyyət heç vaxt təkcə yüksək mənəviyyat sahibi olan insanlardan ibarət olmayacaq. Lakin bu cür adamların çoxalması və tərbiyə edilməsi hər bir dövlətin strateji məqsədi olmalıdır. Bu amil hər bir millətin varlığının şərtidir. Tarixdə əxlaqsız millətlərin məhv olmasına dair çoxlu örnəklər vardır. Hərc-mərclik, fəsad, əxlaqsızlıq, rüşvətxorluq yayan adamlar həmişə olub və gələcəkdə də olacaq.
Beləliklə, din və dövlətin bir-birindən ayrı olması qaydalarına yenidən baxılmalıdır, çünki onlar bu anlayışları kəskin surətdə bir-birinə qarşı qoyur. Əslində isə, bu anlayışlar bir-birinin içindədir. Sözsüz, məsələnin bu kimi qoyuluşu keçmiş sovet ideologiyasının qalıqlarıdır. Təcrübəmiz dinlə dövləti kəskin və ifrat surətdə bir-birinə qarşı qoyanların obyektiv əxlaq sahibləri olmasının mümkünsüzlüyünü göstərir. Bu anlayış haqqında onların heç bir obyektiv anlayışları yoxdur və bu kimi adamların əməllərinə görə cəmiyyət pozulur. Pozulma isə, onu nə qədər gözəl təqdim etsələr belə, millətin və dövlətin əsaslarını sarsıdır. Bəlli zaman keçəndən sonra ölkədə yeni qlobal sarsıntılar mütləq başlayacaq.
Eyni zamanda, din və dövlət anlayışlarının bir-birindən ayrılmaması iddiası heç də teokratik dövlətin qurulması demək deyil. Ümumiyyətlə, dünyəvilik və teokratiya ifrat anlayışlardır, qütblərdir. Bu qütblərin arasında çoxlu mərhələlər vardır.Əsas məsələ normal varlığını təmin etmək üçün millətə nəyin lazım və vacib olmasından asılıdır. Hansısa formal ideologiyalara sadiq olmaq yox, nə məqsədəuyğundursa, ondan istifadə etmək lazımdır. Hansısa dairələrin xoşuna gəlmək üçün teokratiya yaxud dünyəvilik şüarlarına deyil, bu gün millətin ehtiyacı nədən ibarətdirsə, onu təmin etmək lazımdır. Bu ifrat anlayışların arasında orta yol tutub, həm dini dəyərlərdən, həmdə dünyəvilikdən bəhrələnmək lazımdır.
Buna görə dini və dünyəvi anlayışları bir-birinə qarşı qoyulmamalı, onlar bir-birini tamamlamalıdırlar. Məsələn, televiziya və radio verilişlərdə dünyəvi məzmunla birlikdə dini məzmun da olmalıdır. Həmin şey təhsil sistemində də olmalıdır. Dünyəvilik çağdaş dünyanın düzgün dərk edilməsi, dini ifratçılığın qarşısının alınması üçün əlverişlidirsə, dini dünyagörüşü insan və cəmiyyətin mədəniyyətlərinin formalaşmasında, əxlaqda önəmlidir. Bəziləri deyirlər ki, din yalnız ona yönələn adamlara məxsus olub, cəmiyyətdə təbliğ olunmamalıdır. Yeni zamanın tələbləri isə bizi başqa məntiqə gətirir: din ən azı mədəniyyət və əxlaq sahələrində hamıya məxsus olmalıdır.
Maarif sistemi, kütləvi informasiya vasitələrində din millətin ayrılmaz mədəni tərkib hissəsi kimi təsvir olunmalıdır. Doğrudan da, millətin yazı nümunələri, tarixi, mədəniyyəti, özünəməxsusluğu dindən qidalanır və onun əsasında əsrlər boyu formalaşmışdır. Örnək üçün millətin tarixi haqqında verilişlərdə dinin rolu açıqlanmalı, memarlıq haqqında gedən verilişlərdə abidələrin üzərində olan dini yazılara diqqət yetirilməli, təsviri incəsənətdən danışılanda, xəttatlıq nümunələri göstərilməli, musiqi haqqında verilişlər səməvi mahnılarla müşayiət olunmalıdır və s. Beləliklə, daim millətə mənəviyyat və dünya ilə axirətdə yaşamağın yüksək idealları haqqında xatırlanacaq.
Təhsil sisteminə gəldikdə, artıq uşaq bağçaları və ibtidai məktəblərdən başlayaraq, dini əxlaqı əhatə edən fənlər keçilməlidir. Ən kiçik yaşlarından başlayaraq, uşaqlar bu barədə bilikləri əldə etməlidirlər ki, gələcəkdə mənəvi cəhətdən təmiz və dini əxlaqlı insanların sayı çoxalsın. Bundan həm fərdlər, həm cəmiyyət, həm də dövlət qazanacaq.
Bunu tətbiq edərkən çeşidli variantlardan istifadə etmək olar. Məsələn, birbaşa fənni dini adlandırmayaraq, "Əxlaqın əsasları", "Mənəvi-əxlaqi tərbiyə" adlandırmaq olar. Lakin bütün hallarda əxlaq və qabiliyyət mücərrəd anlayışlar kimi deyil, dinlə əsaslandırılmış obyektiv kateqoriya kimi təqdim edilməlidir, çünki yuxarıda deyildiyi kimi, obyektivlik yalnız dində ola bilər və əxlaqın mücərrəd kateqoriya kimi keçilməsinin heç bir mənası olmayacaqdır. Yaxud tərkibində əxlaq haqqında olan fəsillər olan "Dinin tarixi və fəlsəfəsi" kimi fənni də tətbiq etmək olar.

Digər xəbərlər