ETİBARIN ETİBARSIZ DOSTLARI...
Ah nə gözəl əyyamlar idi. Minlərlə adam bir nəfərin sözü ilə oturub-dururdu. Milli Azadlıq Hərəkatı vüsət alanda meydana çıxmaq və xalqa rəhbərlik etmək iddiasına çox adam düşmüşdü. Amma, hər kəs bu şərəfə nail olmadı. Azərbaycan Xalq Cəbhəsinin (AXC) aparıcı liderləri arasında bir cavan oğlan peyda olmuşdu və bu oğlan kəskin çıxışları və radikal mövqeyi ilə çoxlarından seçilirdi. Hətta bu gənc Ali Sovetin canlı yayımlanan iclasında bütün xalqı tətilə çağırmışdı ki, bəlkə Moskva ağıllana.
O zaman əksəriyyət bu çağırışı qəbul etdi və işi dayandırdı. Amma, çox keçmədi ki bu taktikanın özünü doğrultmadığı ortaya çıxdı. Moskva belə şeyləri vecinə alan deyildi və ziyan ancaq Azərbaycanın iqtisadiyyatına və kasıb insanlarına dəydi. Sonra bu gənci "KQB" tutub saldı Lefortovo zindanına. Zindandan çıxandan sonrakı fəaliyyət və hərəkətlərini analiz edən bəzi dostları bu adamın azad edildikdən sonra tamam dəyişdiyini söyləyirlər.
Nə isə, əsas məsələ kiminsə haradasa"verbovka" olunması və ya olunmaması deyil. Əsas məsələ odur ki, AXC-ni parçalayan və onun köynəyindən xeyli "cıqqılı" partiyalar çıxaran adamların xalqın ümumi liderinə çevrilmək istəməsi və hətta milli birlik haqda sözlər danışmasıdır.
İlk illərdə AMİP müəyyən nüfuza malik idi. Amma, az keçməmiş xalqımız bu partiyaya etimad göstərmədiyindən cəmiyyətdə nüfuzu azaldı. Həmin vaxtlar Etibar müəllim də zatən başlamışdı nala-mıxa vurmağa. Bizim xalq belə şeyləri sevməz. Nədən ki, milli stereotiplərə görə, adamın bir yolu və bir mövqeyi olar.
Bunlar kimdə olsa o adam xalqın etibarını qazana bilər. Yoxsa adım Etibardısa, deməli özüm də etibarlıyam-filan kimi sözləri heç kim dinləməz. Nə isə, "mustafa"ya keçmək üçün mən də bu pamfletin qəhrəmanı kimi uzunçuluq edib qəliz sözlər danışmaq istəmirəm. Ona görə yaxşısı budu keçək əsas məsələyə.
Əsas məsələ deyəndə bu siz deyən elə də vacib məsələ deyil. Çün, xalqımız artıq AMİP kimi partiyanı və Etibar yoldaşı artıq demək olar ki, yadından çıxarıb. Siyasi proseslərin gedişi də göstərir ki, ana müxalifət düşərgəsində hərəyə öz yeri göstərilir. Bir neçə gün öncə həmin bu etibarsız yoldaş bəyanat verib ki, bəs mən daha siyasi müşahidəşiliklə məşğulam. Rəəhmətliyin nəvəsi, elə biz hamımız bununla məşğuluq da. Sən jurnalistmisən?
Gör nə günə qalmışıq ki, "Vətəndaş və İnkişaf Partiyası" kimi "cuppulu" partiyacıq da bizdən irəli hesab olunur. Bütün dünya bilir ki, AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu, 2004-cü ilin sonunadək sədri və hazırki lideri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının sədr müavinidir. Amma gəl görək bunlar kimdir, olsa-olsa yalanşı siyasətbazlardılar vəssalam...".
Bunların məqsədi guya müxalifət partiyalarının birgə mübarizəsinə nail olmaq imiş. Kimə gəlirsiz cənablar, bu birgə mübarizənin sonu liderlik savaşı ilə bitməyəcəkmi? Bu birlikdən danışanlara deyən lazımdir ki, o vaxt prezident seçkisində niyə qoymadız vahid namizəd Etibar olsun? İndi çoxdan prezident idi, sizi də nazirdən-zaddan təyin eləmişdi.
Bu adam balaca adam deyil. Görmədiz, o vaxt nazir-mazir vəzifəsi hərləmədi, baş nazirlik davası döydü. Nə olsun ki, alınmadı, "zato" bu adamın prinsipi var- ya hər şey, ya da heç nə! İndi məcbur olub gəlib sizə qoşuldu deyə nə düşünürsünüz?
Əgər siyasət meydanında tək qalıb olan-qalan nüfuzunu da itirməsəydi siz kim idiniz ki, onu yaddan çıxarırdınız və qaça-qaça gəlib özünü sizə pərçim edirdi? Acıqnan o da böyük siyasətlə qirtardı, daha siyasi müşahidəçiliklə m.ğul olacaq. Görün indi sizin fəaliyyətinizi necə müşahidə edib, fırıldaqlarınızı xalqa çatdıracaq?
"Tak çto"m cənab radikallar, adam dost olanda axıra qədər olar. Necə ki, ata-babalarımız deyiblər, "dost dosta tən gərək, tən olmasa gen gərək". Siz də ki, nə tən oldunuz, nə də gen. Deməyin ki, bir vaxt o bizi saymayıb dostlarını tərk elədi, indi də biz onu yaddan çıxarırıq. Bu adamı çox əsəbiləşdirməyin, durub "Azadlıq" meydanında 150 nəfərlik möhtəşəm mitinq keçirər və hamınızı biabır edər. Necə ki, molla rejimi bu adamın əlindən zəncir çeynəyir.
"Tak çto" elə eləməyin sizi də qara siyahıya salsın! Bilirsiz hansı siyahını deyirəm də, o "Evləri köndələn yar" tamaşasında keçmiş nazirin "bağda ərik var idi, salam-məleyk var idi, bağdan əriz qurtardı, salam-məleyk qurtardı" prinsipi ilə tərtib etdiyi siyahını deyirəm. Cəsarətiniz çatır durub bu adamın üzünə deyin ki, sən müxalifət-filan deyilsən, çatmırsa, onda heç olmasa yalandan özünüzü dost kimi göstərin...