PDF Oxu

Müxalifət

  • 11

Müxalifətin uğursuz planları iflasa uğrayır

Müxalifətin uğursuz planları iflasa uğrayır
Hər seçkidən sonra radikal müxalifətçilər layiq olmadıqları iddialar irəli sürürlər. Elə 2009-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərindən sonra radikal müxalifət əsassız iddialarla çıxış edir. Qeyd edək ki, yola saldığımız 2009-cu ilin ən böyük siyasi hadisələrindən biri də ölkəmizdə keçirilən bələdiyyə seçkiləri oldu. Bu iddiaların heç bir əsası olmadığını deyən Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs"ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, azad, ədalətli, şəffaf şəraitdə keçirilən seçkilər müasir Azərbaycanın inkişafında xüsusi yer tutur: "Avropaya inteqrasiya edən demokratik dövlət olaraq ölkəmiz hər zaman yeni seçki texnologiyalarından istifadə edib və bu istiqamətdə bütün yeniliklərin tətbiqindən çəkinməyib. Daha doğrusu, Azərbaycanda, hər bir sahədə olduğu kimi, seçki texnologiyalarının inkişaf etdirilməsi istiqamətində də davamlı şəkildə mütərəqqi addımlar atılır. Bu isə, Azərbaycanda formalaşan seçki mədəniyyətinin ildən-ilə inkişaf etdirilməsinə stimul yaradır. Məsələn, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamı, bu istiqamətdə aparılan ən böyük işlərdən sayılmalıdır. 2005-ci il parlament seçkiləri öncəsi imzalanan bu Sərəncam demokratik seçkilərin keçirilməsi üçün yaradılan şəraiti tam şəkildə özündə əks etdirdi və ya bu istiqamətdə atılmış onlarla addım, görülmüş tədbirlər var ki, hamısı yalnız bir məqsədə - ölkəmizdə azad, ədalətli, demokratik, şəffaf seçkilərin keçirilməsinə xidmət edir. Məhz atılan bu addımların, həyata keçirilən islahatların nəticəsidir ki, istər 2008-ci ildə keçirilən prezident seçkisi, istər 2009-cu ilin mart ayında keçirilən referendum (ümumxalq səsverməsi), istərsə də ötən il dekabrın 23-də baş tutan bələdiyyə seçkiləri həm yerli, həm də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətlənidirilib. Heç uzağa getməyək, sonuncu bələdiyyə seçkilərində şəffaflığın təmin edilməsi üçün bütün imkanların yaradılması haqda təsdiqedici ifadələr prosesi izləyən beynəlxalq təşkilatların nümayəndələrinin dilindən də səsləndi. Eyni zamanda, bir sıra müxalifət partiyalarının məntəqələrdəki nümayəndələri və müşahidəçiləri də seçkinin şəffaf və ədalətli keçdiyini etiraf etdilər. Lakin radikal müxalifət öz "ənənəsinə" sadiq qalaraq, yenə də əsassız iddialar səsləndirməkdədir. Bəs görəsən, radikal müxalifətin bu dəfə də bələdiyyə seçkilərinin nəticələri ilə bağlı əhəmiyyətsiz hay-küy yaratmaq cəhdlərinin əsil səbəbi nədir? Bu suala cavab vermək üçün, öncə, bələdiyyə seçkilərinin mahiyyətinə toxunmaq yerinə düşər. Daha doğrusu, hər kəsə bəllidir ki, bələdiyyə seçkilərini digər seçkilərdən fərqləndirən başlıca cəhətlərdən biri bunun yerli seçki olmasıdır. Yəni, bu seçkidə iştirak etmək üçün siyasi qüvvələrin və ya seçkidə iştirak edən şəxslərin yerlərdə, yaxud namizədliyinin irəli sürüldüyü ərazidə nüfuzu, gördüyü işlər və bələdiyyə strukturuna verə biləcəyi fayda əsas rol oynayır. Ənənəvi olaraq, hələ seçkilərdən öncə, nəticələrlə bağlı "proqnozlar" verən, istənilən üsulla ölkədəki sabitliyə mane olmağa çalışan radikal müxalifət qüvvələri isə lap başlanğıcdan bələdiyyə seçkilərindən qorxurdu desək, yanılmarıq. Çünki vurğuladığımız kimi, bələdiyyə seçkiləri bu "partiyaların" yerlərdəki "gücünü" ortaya çıxardı. Bölgələrdə irəli sürməyə namizəd tapa bilməyən həmin partiyalar bu gün "seçki saxtakarlığından" dəm vurur, öz gücsüzlüyünü arxa plana atmaq üçün yalanlar danışır. Bəlli olduğu kimi, hakim Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində vahid siyahı ilə iştirak etdi. Yəni, hər bir rayonda, hər bir kənddə bələdiyyələrə YAP üzvlərinin namizədliyi irəli sürüldü və seçim yüz minlərlə partiya üzvünün arasında aparıldı. Amma "birləşək, ya birləşməyək" dilemmaları ilə seçkiqabağı, təşviqat və seçki dövrünü başa vuran, bələdiyyə üzvlüyünə namizəd irəli sürmək üçün adam tapmayan radikal müxalifət partiyaları bu gün bəzi maraqlı qüvvələrin təhriki ilə ölkəmizdə keçirilən seçkilərin üstünə kölgə salmağa cəhd göstərir. Lakin hər zaman olduğu kimi, müxalifətin bu addımları da nəticəsiz qalacaq. Sadəcə olaraq, seçkilərdən sonra qeyri-ciddi açıqlamaları ilə gündəmə gəlmək istəyən bu qüvvələr xalqın onları tarixin qaranlıq səhifəsinə çevirməsi ilə razılaşa bilmirlər. Maraqlıdır ki, seçkidən sonra bələdiyyə seçkilərindən küskün qalmış radikal müxalifət partiyaları yenə də istinadgah nöqtəsi kimi xalqın iradəsinə deyil, bəzi xarici qüvvələrə üz tuturlar. Yalnız subyektiv fikirlərə əsaslanan, arxasında isə heç bir fakt və arqument olmayan açıqlamalar məntiqsiz hay-küydən başqa bir şey deyil. Çünki ortada seçkini müşahidə edən xeyli sayda həmin müxalifət partiyalarının müşahidəçilərinin rəyi var. Onlar və beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın seçki texnologiyasının, hətta bir sıra Avropa ölkələrindən öndə olduğunu söyləyib. Seçkidə uğur qazanan Yeni Azərbaycan Partiyasının təmsilçiləri isə həmin müxalifət partiyalarından fərqli olaraq bütün seçki dövründə ən ucqar kəndlərə gedərək, seçicilərlə görüşüblər, bələdiyyə seçkiləri ilə bağlı məlumatların təbliğinə yardımçı olublar. Görəsən, həmin tədbirlərin keçirildiyi vaxtlarda radikallar nə ilə məşğul idilər? Cavab birdir: Onların xalqın qarşısına çıxacaq üzləri yoxdur.

Digər xəbərlər