Sıravi üzvlər İqbal Ağazadəni ifşa etdilər
Cəmiyyət tərəfindən qəbul olunmayan müxalif partiya sədrləri təmsil olunduqları siyasi düşərgədə də nüfuz sahibi deyillər. Bu da radikal partiya sədrlərinin səhv siyasət yürütmələrindən irəli gəlir. Yəni düşünülməmiş yarıtmaz siyasət partiya sədrlərinin dəyərsiz müqəvvaya çevrilmələrinə gətirib çıxarıb.
Bəzi partiya sədrləri axmaq vəziyyətə düşmələrilə barışmayaraq, ucuz şoular yaradıb, məzhəkələr qurur, bununla da, siyasi varlıqlarını nümayiş etdirməyə çalışıblar. Ancaq batan gəmini xilas etmək mümkün olmadığı kimi, siyasi məhvləri reallığa çevrilən partiya sədrlərinin də siyasətdə qalmaq cəhdləri uğursuzluğa düçar olur. Bəzən bu amil partiya sədrləri ilə onların xarici ağaları arasında ciddi ixtilafların yaranmasına gətirib çıxarır. Çünki müvafiq öhədliklər əsasında fəaliyyətə başlayan partiya sədrləri sonrakı mərhələnin ilk astanasında uğursuzluğa düçar olurlar. Nəticədə xarici maraqlı qüvvələr tərəfindən ayrılan maliyyə vəsaiti bir növ havaya sovrulmuş olur. Bunun real faktlarla bələdiyyə seçkiləri ərəfəsi və seçkidən sonra bəzi müxalifət partiyalarının rüsvayçı durumla üzləşmələrində açıq şəkildə görmək olar. "Ümid" partiyasının hansı məzhəbə qulluq etdiyi bəlli olmayan sədri İqbal Ağazadə səylər göstərib, müxtəlif şoular yaratsa da, yerli və xarici maraqlı qüvvələrin tapşırıqlarını qismən də olsa belə yerinə yetirə bilmədi. Ümidlərini MSK-ya şikayətlər etməklə, doğrultmağa cəhd göstərsə də, buna da nail ola bilmədi. Çünki MSK-ın ekspert qrupu tərəfindən aparılan araşdırmalar zamanı İ.Ağazadənin təlimatçılarının iddialarının əsassız olduğunu ortaya qoydu.
Məlumat üçün bildirim ki, İ.Ağazadənin vuran əli hesab edilən müavini Nəsimi Məmmədli və artilleriyası olan Ali Məclis sədri Ənvər Ağazadə 2009-cu il dekabrın 29-da MSK-ya müraciət edərək, 29,57,61,63,64, 81, 114 saylı seçki dairələrində seçki qanunvericiliyinin tələblərinin pozulduğunu iddia etmişlər. MSK Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112.1 maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və Dairə Seçki Komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında təlimata" uyğun olaraq, müraciət ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək, bu barədə müvafiq rəy verilmişdir. Bundan sonra, məsələyə MSK-ın iclasında baxılmış və müraciətin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə MSK-nın müvafiq qərarı ilə araşdırma müddəti artırılıb. MSK-nın yaydığı məlumatda qeyd olunur ki, səsvermə günü seçki məntəqələrində iştirak etmiş komissiya üzvlərinin, müşahidəçilərin, bələdiyyə üzvlüyünə namizəd olmuş və səsvermənin nəticələrinə görə seçilməmiş şəxslərin, məntəqə arasında nüfuzlu şəxslərin izahatları ilə "Ümid" partiyasının müraciəti təkzib olunub və öz təsdiqini tapmayıb. Çünki məntəqə seçki komissiyalarında səsvermə başa çatdıqdan sonra səslərin sayılması dairədə deyil, məntəqədə həyata keçirilmişdir.
Qeyd etmək yerinə düşər ki, İ.Ağazadənin dəstə üzvlərinin hay-küylərinin əsassız olduğunu araşdırmalar və aparılan müşahidələr də təsdiqləyir. Ən əsası ona görə ki, seçki məntəqələrində olan "Ümid" partiyasının müşahidəçiləri tərtib olunan protolları imzalamışlar. 20-yə yaxın rayonda seçkiləri müşahidə etmiş "Ümid" partiyasının təmsilçiləri bələdiyyələrə keçirilən seçkilərin azad və demokratik keçirildiyini bəyan etmişlər. Bununla da, İ.Ağazadənin seçkilər ətrafında apardığı hay-küyün əsassız olduğunu nümayiş etdirmişlər. Qısası, loru dildə desək, partiya üzvləri göstərişlər əsasında fəaliyyətini quran İ.Ağazadəni ifşa etmişlər.