Bələdiyyə seçkiləri başa çatdıqdan sonra müxalif düşərgədə yenidən köhnə bayatılar səslənməyə başlayıb. Məntiqlə indi müxalif düşərgədə seçkidə uduzmağın səbəbləri araşdırılmalıydı, lakin durum tamam ayrı cürdür. Hazırda radikal müxalifət düşərgəsində ziddiyyətli proseslər baş alıb gedir. Bir tərəfdən radikal "lider"lər bəyan edir ki, növbəti parlament seçkilərində birgə fəaliyyət göstərmək lazımdır, digər tərəfdən isə, bir-birinə ittihamlar yağdıraraq, danışıqları pozurlar. Gedən proseslərdən görünür ki, müxalifətin ümumi birliyini yaratmaq bu il də mümkün olmayacaq. Çünki müxalif partiyalar ayrı-ayrı bloklar və ittifaqlarda cəmləşir və bir-birinə qarşı əks-mövqedə dayanırlar.
Bir addım irəli, iki addım geri
Ötən ilin dekabrında Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Bu seçkilərdə ölkənin əksər siyasi partiyaları iştirak etdi. Lakin YAP-dan başqa heç bir partiya uğur qazana bilmədi. Müxalif düşərgədən hərdən belə fikirlər səslənirdi ki, heç olmasa, bələdiyyə seçkilərində müxalifət nümayəndələrinin müəyyən yer qazanması üçün seçkilərə birgə gedilməlidir. Lakin bu təşəbbüslər düşərgənin müxtəlif cinahlarından heç də birmənalı qarşılanmadı.
Əksər partiyalar bələdiyyə seçkisinə təklikdə getmələrinin daha məqsədəuyğun olacağını bildirdilər. Müsavat başqanı tərəfindən irəli sürülən ideya isə heç də özünə tərəfdar tapmadı. Azərbaycan Xalq Cəbhəsinin bərpa olunması ideyası elə ideya olaraq qaldı. Çünki müxalifətin əsas qanadları şəxsi ambisiyaları üstün tutduğundan belə bir təklifə "yox" dedilər.Burada əsas maneə həmin partiyaların liderləridir. Heç bir partiya rəhbəri hansısa birlikdə əriyib getmək istəmədi. Bəziləri isə, yalnız özünün lider kimi qəbul olunacağı birlikdə təmsil olunacaqlarını bildirdilər. Müsavatın bu təklifinin, əsasən, "Azadlıq" blokuna yönəldiyini anlamaq çətin deyildi. Lakin bu blokda Müsavata qarşı jest edə biləcək lider yoxdur. Üstəlik, bu blokun rəhbərləri dəfələrlə onları satqınçılıqda, əsil müxalifət olmamaqda və digər rüsvayçı əməllərdə suçlayıb. Bunlar daim müxalifətin birgə alyanslarını dağıtmaqla məşğul olublar. AXC yaransa, indi gəlib oranı da intriqa yuvasına çevirəcəklər.
O Əli Kərimov var ha, orda. Onda bilirsiz nələr var?! Bu adam hardadırsa, orda qırğın-dava, satqınçılıq, intriqa baş alıb gedir. Görmədinizmi o vaxt cəbhəni nə günə qoydu? Elçibəyə necə xəyanət etdi? Partiyanı necə parçaladı? Ondan sonra, canım sizə desin, müxalifətin ümumi birliyini necə pozdu? Qalanlarını (elə bunları bildiyiniz kimi) siz də yaxşı bilirsiniz.
Belə bir təklifin Müsavatdan səslənməsini Əli bəy heç cür həzm edə bilməzdi. Bu məsələdən rəncidə olan və böyük təəssüf hissi keçirən Əli bəy özlüyündə yaman qəzəbləndi. Dedi ki, indi baxın görün, məni lider kimi qəbul etməsəniz, sizi içərinizdən necə parçalayıram! Bu məqsədlə də ortalığa bir neçə kompramat informasiya atdı. Bununla da məşvərət dostları bir-birini qırmağa başladı. Nətiəcə isə ümumi məğlubiyyət.
Nəticəsiz müzakirələr
Müxalifət düşərgəsində seçki öncəsi fərqli birliklərin yaradılması haqda da müzakirələr aparılırdı. Bildiyiniz kimi, özlərini nəhəng müxalifət qüvvəsi hesab edən bir neçə partiyacıq lidercikləri boş vaxtlarında yığılıb bir az hap-gop edirdilər ki, nə var-nə var, bəs biz müxalifətin məşvərət məclisini (və ya koordinasiya şurasını) yaradırıq. Amma ortalıqda ciddi bir məsələ də yox idi.
Hər bir iştirakçı bekar vaxtı gəlib opponentlərini bir az dolayıb, həzz almaqla məşğul olurdu. Cəmiyyətə də bunu "böyük danışıqlar" kimi sırıyan bizlər (yəni media mənsubları) bunların əlindən girinc olmuşduq. Bunlar öz mövqelərini və fikirlərini o qədər sürətlə və yüksək bucaq altında dəyişirdilər ki, adam çatdırıb yaza bilmir.
Bu hap-gopda iştirak edən partiya başqanları bərkə düşəndə belə toplantılara yalnız fikir mübadiləsi məqsədilə qatıldıqlarını deyirdilər. Fikir verin, bir qrup siyasi partiya rəhbəri ölkədəki siyasi vəziyyəti müzakirə etmək üçün bir yerə toplaşırdı. Amma ortada heç vaxt konkret nəticə olmurdu.
Bu səbəbdən də məsləhətləşmələrin hansısa birliyə və ya seçki blokuna çevrilmə şansı da sıfıra bərabər idi. Bunlar özləri də qeyd edirdi ki, bunun məntiqi və nəticəli sonluğu yoxdur, amma yenə cəmiyyətin gözünə kül üfürürdülər. Elə ona görə də, heç kim onlara inanmadı və bələdiyyə seçkilərində rüsvayçı duruma düşdülər.
Çay içməyin perspektivsizliyi
"Müxalifət partiyaları rəhbərlərinin mütəmadi toplantıları hər hansı qurumun, blokun, yaranması demək deyil"- bu açıqlama Müsavat partiyasının mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevə məxsusdur. Onun fikrincə, ümumi toplantıların konkret birliyə çevrilməsinin perspektivi yoxdur: "Çünki orada müxtəlif yönümlü, fərqli istiqamətlərdə fəaliyyət göstərən qurumların rəhbərləri toplanır. Onlar, sadəcə, çay içib fikir mübadiləsi aparırlar. Mən bu toplantıları belə qiymətləndirirəm. Həmin formatın vahid bir quruma çevrilmə ehtimalını isə görmürəm"- deyə Hacıyev bildirib. Bax, əsil məsələ budur. Sadəcə çay içmək və bir az da ordan-burdan hap-gop etmək. Bunların başqa nə işi ola bilər ki? Arif bəy onlara demək istəyir ki, boş-boş camaatın başını ağrıtmayın, gedin başqa işlə məşğul olun, ayıbdır! Bu çayxanalardan və çay dəstgahlarından əl çəkin!
Sonra deyirlər ki, bəs ölkədə güclü müxalifət var, amma imkan verilmir ki, bir özümüzü göstərək. Deyirəm adamda neçə sifət ola bilər ki, özünü ortalığa atıb desin ki, bəs mən də müxalifətəm və cəmiyyətdə nüfuzum var?! Seçkidən sonra da qışqırıq-bağırmağa başlayırlar ki, bəs qoymayın, xalq bizə səs verəcəkdi, hakimiyyət qoymadı-filan. Məncə, bələdiyyə seçkiləri bügünkü müxalifətin son seçkisi idi. O biri seçkilərdə artıq xalqımız yeni müxalifət görəcək.