2010-cu il də Azərbaycan müxalifəti üçün məğlubiyyət ili olacaq
Artıq 15 ildən artıqdır ki, Azərbaycan müxalifəti acınaqlı günlər yaşayır. Bu illər ərzində müxalifət ancaq məğlubiyyətlərlə üzləşib. Bu məğlubiyyət də, təbii ki, "bəy"lərin öz səhvlərinin, riyakarlıqlarının nəticəsidir. Çünki özlərini radikal müxalifət hesab edən "bəy"lər-Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, AMİP lideri Etibar Məmmədov, "ACP" lideri Rəsul Quliyev, "MBH" lideri Lalə Hacıyeva, ALP-nin sədr əvəzi Əvəz Temirxan və digərləri öz çirkin əməlləri ilə Azərbaycanda zəif, riyakar müxalifət obrazı yaradıblar. Məhz bütün bunların nəticəsidir ki, həm xalq onlardan üz çevirdi, həm də tərəfdarları düşərgəni tərk etdilər. İndi radikal "bəy"lər tək qalıblar. Çünki müxalifət partiyalarının üzvləri artıq rəhbərlərinin yalanlarına inanmırlar. Çünki müxalif partiya liderləri hər zaman öz tərəfdarlarına yalan, şirnikləşdirici vədlər verməklə məşğul olublar. Onlar xaricə səfərlər edərək, ölkəmizin əleyhinə olan qüvvələrdən vəsait alırlar və respublikamızın əleyhinə təbliğat kampaniyası aparırlar. Bu da Azərbaycançılıqdan uzaq Azərbayacan müxalifətinin "çoxşaxəli fəaliyyətlərinin" tərkib hissəsidir. Əvvəldə də, qeyd etdiyimiz kimi, ölkə müxalifəti bütün illəri məğlubiyyətlə başa vurublar.
Müsavat partiyası. Özünü "ana müxalifət" hesab edən Müsavat partiyası və partiyanın başqanı İ.Qəmbərov (Onu da qeyd etmək lazımdır ki, adıçəkilən partiyada hər kəs başqanlıq edir) uzun illərdir ki, məğlubiyyətin acısını dadır. 2003-cü ilin prezident seçkilərində insanlığa, demokratiyaya, siyasi etikaya sığmayan hərəkətləri bu gün də ölkə vətəndaşlarının yadından çıxmayıb. Bütün bunlar Müsavat partiyasının və İ.Qəmbərov hansı səviyyədə siyasətçi olduğunu bir daha nümayiş etdirmiş oldu. 2000 və 2005-ci illərin parlament seçkiləri də Müsavat üçün düşərli olmadı. 2008-ci ilin prezident seçkilərində isə, Müsavat və digər bu tip partiyalar qorxaraq seçkilərə qatılmaqdan imtina etdilər. 2009-cu ilin mart referendumunda boykot qərarı verən adıçəkilən partiyanı (həmçinin, digər boykot qərarı verən partiyaları) xalq boykot etdi və beləliklə, referendum baş tutdu. Əslində, konstitusiyaya əlavə və dəyişikliklər edilməsi ilə bağlı keçirilən referenduma qarşı çıxmaq, bir daha onu göstərdi ki, Azərbaycan müxalifəti müasirlikdən, siyasi-hüquqi bilikdən uzaq bir toplumdu. Ötən ilin sonunda keçirilən bələdiyyə seçkilərində də Müsavat partiyası məğlub oldu. Bu partiya 2000, 2005-ci illərin parlament, 1993, 1998, 2003 və 2008-ci illərin prezident sekilərində, 1999, 2004 və 2009-cu ilin bələdiyyə seçkilərində və eyni zamanda, ölkədə keçirilən bütün referendumda məğlub oldu. Bundan əlavə, hələ də, Müsavat daxilində quruplaşmalararası savaş davam etməkdədir. Rauf Arifoğlu, Arif Hacıyev və Vurğun Əyyubov kimi "boss"lar İ.Qəmbərovu həm partiya daxilində, həm də radikal müxalifət düşərgəsində olan-qalan nüfuzundan salıblar. Bundan əlavə, R.Arifoğlu İ.Qəmbərovu "Yeni Müsavat" qəzetinin təsisçiliyindən uzaqlaşdırdı. O ki qaldı, 2010-cu ilin proqnozuna, bu il Müsavat üçün daha acınacaqlı olacaq. Belə ki, cari ildə İsa "bəy"in partiya başqanlığı müddəti başa çatır və bu da, öz növbəsində, partiyadaxili münaqişəni bir qədər də alovlandıracaq. Bunun da nətəcəsində, Müsavat da AXC kimi parçalancaq.
AXCP (i). Bu partiyanın da vəziyyəti heç zaman normal olmayıb. Müsavatın seçkilərdə məğlubiyyətini AXCP (i)-yə də şamil etmək olar. Bundan əlavə, ötən illər ərzində Cəmil Həsənli, Qulamhüseyn Əlibəyli, Fuad Mustafayev kimi partiya funksionerlərinin partiyadan uzaqlaşması da adıçəkilən partiyada vəziyyətin hansı formada olduğunu bir daha göstərdi. Artıq partiya sədri Ə. Kərimov meydanda təklənib və onun digər müxalifət partiyalarının liderləri ilə də münasibətləri qənaətbəxş deyil. Bu il onlar üçün də məğlubiyyət ili olacaq.
Digər radikal müxalifət partiyaları. Digər müxalifət partiyalarında da vəziyyət acınacaqlı olaraq qalmaqdadır. Yəni "MBH", "ACP", ALP, AMİP və digər bu tip siyasi partiyaların sosial bazası iflic vəziyyətdədir. Onlar arasında da hələ qarşıdurmalar, qarşılıqlı ittihamlar səslənməkdədir. L. Hacıyevanın bu il ölkəmizdə keçiriləcək parlament seçkilərinə qatılacağı bildirilir. Görəsən, ötən parlament seçkilərində deputat seçilən, lakin deputatlıq mandatından imtina edən L. Hacıyeva (o, bununla seçicilərə sayğısızlıq nümayiş etdirmiş oldu) hansı üzlə yenidən vətəndaşlardan dəstək istəyəcək? "ACP" adlı partiya, demək olar ki, mövcud deyil. Çünki bu partiya ölü doğulub. AMİP isə hələ də sədr problemini həll edə bilməyib.
Beləliklə, bütün bunlar, onu göstərir ki, ilk günlərini yaşadığımız 2010-cu il də Azərbaycan müxalifəti üçün məğlubiyyət ili olacaq.