İsa Qəmbərov üçün sonuncu marşrut
Bu il Müsavat partiyası üçün çox zəruri olan bir məsələnin reallaşması gözlənilir. Artıq partiyada hər kəs məhz bu məqamı gözləyir. Müsavat üzvləri bu anı ona görə gözləyir ki, bu il onların partiyasının qurultayı keçiriləcək və İsa Qəmbərovdan canları qurtaracaq. Ola bilsin ki, bu məsələ kənardan bir o qədər də real görünmür. Amma əsil həqiqət ondan ibarətdir ki, Müsavatda bütün işləri icra aparatının rəhbəri Arif Hacıyev görür. Bu baxımdan da qurum daxilində elə həmin fakta görə də, narazı olanlar var. Maraqlı bir məqam isə ondan ibarətdir ki, A.Hacıyevin partiyada fəallaşmasından narahat olanlar da az deyildir. Bəziləri buna normal yanaşsalar da, böyük əksəriyyət onun bu işlərdən kənar durmasını tələb edir. Müsavat partiyası daxilində ötən ildən başlanan intriqalar və qarşılıqlı ittihamlar bu il daha konkret müstəvidə davam edir. Çünki 2010-cu ilə Müsavatın qurultay ilidir. Elə bu səbəbdəndir ki, qurultay ərəfəsində, həmişə olduğu kimi, Müsavat daxilində və kənarda böyük hay-küylər, səs-sədalar yaranır. Əksər hallarda bunu görüntü naminə etsələr də, reallıqda daxili ziddiyyətlər elə kənardan hay-küy kimi görünür. Çünki partiya daxilində bir neçə qütbə bölünmüş qüvvələr bir-birinin ünvanına olmazın ittihamlarını səsləndirir, keçmişi və qaranlıq fəaliyyəti barədə olmazın məqamları açıb ortaya qoyurlar. Bütün bunlar isə, təbii olaraq, partiya daxilində dərin ziddiyyətlərin meydana çıxmasına səbəb olur. Qurum rəhbərliyi isə bu cür halların qarşısına almaqda, nəinki acizlik edir, hətta heç bir müdaxilə etmədən proseslərə seyrçi münasibət bəsləyir. Çünki belə halların olması onların özlərinə sərf etdiyi üçün məhz bu cür məsələlərin yaranmasında maraqlı görünürlər. Başda İ.Qəmbərov olmaqla müxalifət düşərgəsində böyük əksəriyyət bir-birinin üzünə dayanmağa hazırdır.
Zaman-zaman hər birinin böyük eyiblər etməsi bugünkü reallıqda onların dəyirmanına su tökmüş olur. Bu səbəbdən də, artıq Müsavat daxilində olan ziddiyyətləri nəzərə alan əksər qüvvələr ayrılıqda özləri üçün partiya yaratmaq eşqinə düşüblər. Bu istiqamətdə isə hamıdan əvvəl "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu rəqiblərindən daha çevik tərpənərək, "Yeni Müsavat" partiyasını yaradacağanı hələ bir müddət öncə bildirmişdi. Onun ardınca isə keçmiş AXP sədri Pənah Hüseynov da Müsavat partiyasının əksər işlərində böyük fədakarlıqlar nümayiş etdirməsini əsas gətirərək, dolayısı ilə də olsa başqanlığa iddialı olduğunu vurğulayıb. Bundan dərhal sonra isə İ.Qəmbərov onların heç birini özündən sonra partiya rəhbərliyində görmək istəmədəyini açıq şəkildə bildirərək, öz varisini elan etdi. Onun varisinin isə Qubad İbadoğlu olması partiya daxilində əsəbləri bir qədər də gərginləşdirmiş oldu. Elə bu səbəbdən də, qurum daxilində hər kəs keçirilməsi nəzərdə tutulan partiya qurultayını gözləyir. Müsavatın bu qurultayının isə bu il keçirilməsi özlüyündə sual altındadır. Çünki partiyanın rayon təşkilatlarının böyük əksəriyyəti artıq sıradan çıxıb. Ona görə də, Müsavatın bu qurultayanın beş üç nəfərdən başqa kiminlə keçirilməsinin özlüyündə sual doğurur. Başqa bir məsələ isə İ.Qəmbərovun özü də, başqanlıqdan getmək üçün bu ili son şans sayır. Əks halda, onu gələcəkdə gözləyən qovğalardan kimin qoruyacağı şübhəlidir. Görünən dağa heç bir bələdçi lazım olmadığı kimi Müsavat partiyasında da artıq İsa Qəmbərov "erasının" bitməsi heç də gözlənilməz bir hadisə deyil. Bütün imtiyaz və imkanlarını itirmiş "qocaman" başqan olanların və olacaqların fövqündə olmadığını büruzə verməsə də, reallıqda hər şeydən kənar durmaqla atacağı addıma bir növ özünü hazırlamış olur. Odur ki, onun başqanlıq etdiyi Müsavat partiyasında olanlar və bunun hələ gələcək fəsadları olduqca təhlükəlidir. Amma hər şeyə rəğmən müxalifət düşərgəsi daha bir bəladan qurtulmuş olur. Bəlkə düşərgəyə daha pozitiv düşüncəyə malik şəxslər gəlmiş olsa, onun perspektivi müəyyən dərəcədə real görünər. İndiki halda isə, nə qədər ki, isalar, əlilər, eldarlar, lalələr və bunlara bənzərlər müxalifəti zəbt ediblər, bundan perspektivi gözləmək olar. Hər halda, zaman hər şeyin qalibi olduğu üçün bu məsələ də zəruri məqamında öz yoluna düşəcək və yuxarıda qeyd etdiyimiz tipajların guya siyasət adı altında nələrlə məşğul olması, həmişə olduğu kimi, lap sonralar məlum olacaq.