PDF Oxu

Müxalifət

  • 14

Müxalifət düşərgəsində yeni şou

Müxalifət düşərgəsində yeni şou
Bələdiyyə seçkiləri baş tutan kimi, radikal düşərgədəki əksər siyasi qurumların dərdləri yenidən təzələndi. Məsələ burasındadır ki, seçkilər ərəfəsində əsas rəy müxalifətdəki "zibillərin" ört-basdır edilməsi idisə, bu gün bu proses daha kəskin hal alıb. Funksionerlərdən yaxalarını qurtarmaq və özlərinə növbəti "şans" yeri qoymaq üçün "qaşınmayan yaralardan qan çıxarmağa" başlayıblar. Doğrudur, müxalifətin yarası o qədərdir ki, bilmirsən hansını sayasan. Bunların öz aralarındakı didişmələrdən başlamış ta partiyadaxili "razborka"lara qədər hər şey kritik durumdadır. Neçə illərdir ki, meydan dövründən bəri indiyə qədər köhnə ədavətləri davam etdirən radikal düşərgə təmsilçiləri, bu prosesi bələdiyyə seçkilərindən sonra tamam başqa formatda davam etdirmək niyyətindədirlər. Çünki köhnə kurs o dərəcədə "iylənib" ki, daha heç kim, lap radikalların özləri də buna nifrət və ikrahla yanaşırlar. Onları başa düşmək olar. Axı 20 ilə yaxındır ki, eyni sifətləri və eyni nağılları gözlər, qulaqlar nə qədər görər, eşidər. Elə götürək AMPİ-in eks sədri Etibar Məmmədovu, Müsavatın başıbəlalı sədri İsa Qəmbərovu, AXCP (i)-nin "göylər kralı" sədri Əli Kərimovu və sairə... Sifəti sifətlər görmüş radikal diktatorlar funksionerləri də bezdirib. Ona görə də, müxalifət partiyalarındakı əksər insanlar hələ ötən prezident seçkilərindən sonra radikal düşərgədən sürətlə üz çevirməyə başladılar. Müxalifətçilər başa düşdülər ki, prezident seçkiləri kimi böyük seçki kampaniyasına qatılmayan radikal partiya rəhbərləri, əslində, öz siyasi iflaslarını və uçurum kənarında olduqlarını gizlətmək üçün boykota əl atıblar. Guya İ.Qəmbərov və ya Ə.Kərimov bilmirdilər ki, onlara səs verəcək bircə nəfər də olsun tapmaq qaranlıqda "çıraqla iynə axtarmaq" kimi bir şeydir. İndi də, seçkidən bir gün sonra daxili münaqişələrin daha da kəskinləşməsini görən funksionerlərin iylənmiş sədrlərə olan nifrəti birə-on qat artıb. AXCP (i)-nin üzvü Zahid Məmmədov, Arzu Canıyev, Sübhi İbrahimov "Səs" qəzetinə verdikləri açıqlamalarında qeyd ediblər ki, bu duruş çox çəkməyəcək. Yeni ilə kimi paslanmış müxalifətin bu dəfə birdəfəlik arxivə atılacağı il olacaq: "Bir müddət özünü sakit partiya kimi təqdim edən "KAXCP"-dəki durumu məhz belə adlandırmaq olar. Artıq bu partayda, uzun müddətdir ki, səs-sorağı gəlməyən "KAXCP" Ali Məclisinin sədri Zəlimxan Məmmədli ilə partiya sədri Mirmahmud Fəttayev arasındakı münaqişə yenidən kəskin xaraker almağa başlayıb. Bu yerdə deyirlər ki, "yatıb indi ayılıblar". AXCP (i) funksioneri Sübhi İbrahimov müxalifətdəki bir sıra qüvvələr öz qəzetlərində bu qarşıdurma ilə bağlı bildirib ki, hərə öz maraqları bıxımından belə bir münaqişə yaratmaq istəyir: "Amma əsas məsələ burasındadır ki, neçə müddətdir davam edən M.Fəttayev-Z.Məmmədli qarşıdurmasının belə şəkil almasında müxalifətdəki bir sıra partiyaların, ələlxüsus, "KAXCP" sədrinin əlindən "zəncir çeynəyən" Müsavat və AXCP (i) rəhbərlərinin də xüsusi maraqları var idi. Bu gün bu ziddiyyətin yenidən çözülməsinin səbəbkarları, da onlardır. M.Fəttayev 2003-cü ildəki prezident seçkiləri zamanı onu aldadaraq, sonrakı əməkdaşlıq üçün Ə.Kərimova qurban verən Müsavat başqanını, o ki var "sürümüşdü". O, Rauf Arifoğludan başlamış digərlərinə qədər bütün Müsavat yetkililərinin xəyanətlə məşğul olduqlarını və müxalifət adından istifadə edib, öz maraqlarını təmin etdiklərini açıqlamışdı. Doğrudan da, o zaman belə məsələlərdə "çevikliyi ilə seçilən" "Yeni Müsavat" qəzeti belə M.Fəttayev əleyhinə bir kəlmə də olsun tutarlı ittiham irəli sürə bilmədi. Amma başqan da M.Fəttayevin bu dikbaşlığını unutmadı və vaxt yetişən kimi, "KAXCP" sədrinə tutarlı bir zərbə endirdi. Bu, günkü zərbə də elə həmin zərbədir. Ə.Kərimov isə, daima ona qarşı ən sərt mövqedən çıxış edib "Yurd" şefini mərhum Əbülfəz Elçibəyə qarşı satqınçılıqda və xəyanət etməkdə ittiham edirdi. Daima Ə.Kərimovu itiham yağışına tutan "KAXCP" sədrinin bir gün ondan da zərbə alacağı gözlənilənlər sırasında idi. Həmin tərəfdən də o zərbəni aldı". Aldığımız məlumata görə, həqiqətən də, M.Fəttayevin "vurulması" məsələsində iki rəqib və düşmən partiya rəhbəri - Ə.Kərimov və İ.Qəmbərov arasında savaş gedir. Maraqlısı odur ki, bunların hər ikisi də M.Fəttayevin partiyasını parçalayıb öz tərəflərinə çəkmək istəyirlər. Bu məsələdə əsas amil odur ki, tərəflər nə yolla olursa-olsun, partiyanın Ali Məclisinin sədri Z.Məmmədlini "ələ keçirmək" və klassikləri öz sıralarına qatmağa can atırlar. Dünən partiyadakı mənbənin verdiyi xəbərdə deyilir ki, artıq Z.Məmmədli ilə "Yurd" funksionerləri arasında danışıqlar aparılmağa başlanılıb. Belə ki, Müsavat başqanından və funksionerlərindən tamamilə əlini üzən Z.Məmmədli Ə.Kərimovla əməkdaşlığa meyillidir. Amma Müsavat başqanının da bu məsələyə ötəri yanaşmayacağı, əksinə, Z.Məmmədli-Ə.Kərimov əməkdaşlığı baş tutarsa, kəskin əks addımlar atacağı gözlənilir. Belə görünür ki, ilin sonunadək müxalifətdəki ən böyük çəkişmə "KAXCP"-nin bölüşdürülməsi olacaq. Beləliklə, şəxsi maraqlarının əsirinə çevrilmiş çirkin xislətli müxalifət partiyalarının niyyəti hamıya yaxşı bəllidir. Yalnız partiyalararası didişməyə başları qarışan bu insanlar siyasi mübarizə haqqında düşünməyə vaxt belə tapa bilmirlər. Çünki anlayırlar ki, onlar artıq məğlub olublar və xalq onlara inanmır. Elə bunun nəticəsidir ki, hətta illərlə öz sədrlərini ciddi-cəhdlə qorumağa çalışan funksonerlər də onların siyasi səhnədən getməsinin vacibliyini tələb edirlər. Görünür, funksionerlərin bu niyyəti tezliklə öz həllini tapacaq.

Digər xəbərlər