Müsavatda başqanlıq uğurunda savaş qızışır
Müxalifət düşərgəsində baş verən partiyalararası qarşıdurmaların son günlər daha da gərginləşdiyi müşahidə olunur. Bunun da səbəbi bələdiyyə seçkilərində müxalifət partiyaları tərəfindən namizədlikləri irəli sürülən şəxslərin cüzi belə uğur əldə edə bilməmələridir.
Ünsürlər rüsvayçı məğlubiyyətlərinə görə, bir-birini günahlandırırlar. Daha doğrusu, Müsavat partiyası "Azadlıq" blokunda təmsil olunan partiyaları, AMİP isə ADP-ni və "Ümid" partiyalarını ittiham edir. Bu isə düşərgədaxili ağır vəziyyətin daha da ağırlaşmasına səbəb olur. Bunun da nəticəsində partiyalar daxilində fünksionerlərin bir-birinə inamsızlığı, etimadsızlığı daha da genişlənir ki, sonda uduzan yenə də təşkilat sədrləri olur. Necə ki, Müsavat başqanı İsa Qəmbərov seçki məğlubiyyətindən sonra funksionerlərlə yanaşı, partiyanın rayon təşkilat sədrlərinin də, ittihamlarına, tənqid və təhqirlərinə tuş gəlib. Müsavatın Ağdaş, Şamaxı, İsmayıllı və Lənkəran rayon təşkilatlarının sədrləri bələdiyyə seçkilərinin nəticələri ilə bağlı yaydıqları birgə bəyanatlarında seçkilərlə bağlı iradlarının olmadığını qeyd edib, məğlubiyyətlərinin səbəbini öz aralarında axtardıqlarını bildiriblər: "Seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyini qeyd etmək mümkün deyil. Müsavat və digər partiyalar düzgün seçki taktikası qura bilmədilər və bunun da acı nəticəsi baş verdi ."
Bəyanat müəllifləri İ.Qəmbərovun səhv seçki siyasətini tənqid edib, partiya üzvülərini başqanın apadığı səhv siyasətinə etirazlarını bildirməyə çağırıblar. Maraqlıdır ki, dünən keçirilən Müsavat Divanının iclasında İ.Qəmbərov opponetlərini çirkin texnologiyalardan istifadə etməklə, ona qarşı mübarizə aparmaqda ittiham edib. Yəni başqan daşın haradan və kim tərəfindən təxmini də olsa, müəyyənləşdirə bilib. İ.Qəmbərov bildirib ki, Müsavatın qurultayında partiyada bölücülük yolu tutanları ifşa edəcək və bununla da onların başqan seçilmək iddialarını alt-üst etmiş olacaq.
Müsavat Divanının da baş verənlər barədə müxbirimizə məlumat verən mənbəmizin dediyinə görə, İ.Qəmbərovun hədələyici bəyanatından sonra Divan üzvüləri, əsasən, Qubad İbadoğluna və Pənah Hüseynova baxmışlar. Bununla da, İ.Qəmbərova yönələn ittihamların arxasında bu iki şəxsin dayandığını nümayiş etdirmişlər. Amma istər Q.İbadoğlu, istərsə də, P.Hüseynov onlara dikilən nəzərlərə əhəmiyyətsiz yanaşmış, sanki bununla günahkarları başqa yerdə axtarmağın vacibliyini nümayiş etdirmişlər.
Qeyd etmək yerinə düşər ki, son günlər Müsavat başqanlığı uğrunda gedən savaşa AXP-nin keçmiş sədri P.Hüseynov da qoşulub. P.Hüseynov iddialarını onunla əlaqələndirib ki, son illər parlamentdə və ictimaiyyət arasında Müsavatı 50+1 nisbətində təqdim və təbliğ edən yeganə şəxs olub. Ona görə də, Müsavat başqanlığına daha çox onun haqqı var. Proseslərin axarı isə, onu deməyə əsas verir ki, Müsavatın icra aparatının rəhbəri Arif Hacıyev və Ali Məclisin sədri Sülhəddin Əkbər P.Hüseynovu lazımsız iddiaçı hesab edir və iddiaların yayılmasına imkan verməyəcəklərini söyləyiblər. Baxmayaraq ki, onların arasında qatı düşmənçilik münasibəti mövcuddur. Ancaq partiyaya dəxli olmayan iddiaçının meydana çıxması tərəfləri düşmənçiliklərinə müvəqqəti ara verib, iddiaçıya qarşı birgə mübarizə aparmağa sövq edib. Bu isə, onu deməyə əsas verir ki, başqanlıq uğrunda aparılan mübarizə ağır nəticələrə səbəb olacaq. Ən azı Müsavatın buraxılması reallığa çevrilə bilər. Hər halda, Müsavat daxilində baş verən çəkişmələr bunu deməyə əsas verir.