ADP sədri Sərdar Cəlaloğu həmkarlarını ittiham etdi
Ölkəmizdə keçirilən bütün seçkilərdə müxalifət partiyalarının heç bir uğur qazana bilməməsi artıq onların öz dilindən də etiraf olunur. Buna əsas səbəb kimi, müxtəlif bəhanələr göstərilsə də, reallıq bundan ibarətdir ki, müxalifət partiyaları arasında mütəşəkkillik və birləşmə meyilləri yoxdur. Birlik olmayan yerdə də hər hansısa gücdən danışmaq yersizdir.
Maraqlıdır ki, hər dəfə uğursuzluqları ilə barışan müxalifət partiyaları bunun üçün çıxış yolu tapmağa belə cəhd etmir. Məsələn, uzun illərdir ki, müxalifət partiyalarına rəhbərlik edən şəxslərin öz yerini hər hansı gənc partiya üzvünə verməsi hallarının şahid olmamışıq. Yəni, belə çıxır ki, onlar sədrlik postlarını itirməmək müqabilində belə qələbə qazanmamağa razıdırlar. Təbiidir ki, müxalifət partiyaları daxilindəki çaxnaşmalar onların hər hansı böyük uğuruna imkan yarada bilməz. Hələ, üstəlik, ictimaiyyət arasında nüfuzun çox aşağı olmasını da nəzərə alaraq, bunu əminliklə söyləmək olar. Ancaq hər halda, azacıq da olsa, nailiyyət əldə etmək üçün birliyə mütləq ehtiyac duyulur. Müxalifətin birliyi məsələsinə gəldikdə isə, əksər partiya sədrləri bunun vacibliyini və mütləq baş tutacağını desələr də, bunun gerçəkləşməsinin onların dediyi qədər də asan olmadığı şübhəsizdir. Çünki partiya sədrləri boyunlarından böyük iddialara malikdirlər. ADP sədri Sərdar Cəlaloğlunun qənaətincə, problemin kökündə partiya funksionerlərinin böyük iddiaları dayanır.
"Azadlıq" blokunun dağılmasına Müsavat-"Ümid" funksionerlərinin yüksək iddaları səbəb olduğunu söyləmək olarmı" sualına cavab olaraq, S.Cəlaloğlu reallıqla barışmaq məcburiyyətində olduqlarını söylədi. Onu da qeyd etdi ki, bu iki partiya rəhbərliyi barışmayacağı təqdirdə, siyasətçi olmadıqlarını nümayiş etdirmiş olacaqlar.
"Tükənmiş partiya sədrlərini yeniləri ilə əvəz olunması müxalifətin güclənməsinə və cəmiyyət tərəfindən qəbul edilməsinə yol açan amil ola bilərmi" sualına isə S.Cəlaloğlu məsələni hər bir partiyanın öhdəsinə buraxılmasının vacib olduğunu bildirdi: "Əgər bu gün hansısa gənc mənim postumda oturub, partiyanı idarə etmək istəyərsə, böyük məmnuniyyətlə bunu edərəm. Amma təəssüf ki, bu məsuliyyəti çiyninə götürmək istəyən yoxdur."