Müsavatda başqanlıq problemi yaşanır
Artıq bir ilə yaxındır ki, Müsavat partiyasında başqanlıq məsələsi gündəmdən düşmür. Bir çoxları bu məsələni məqsədli şəkildə daha geniş formada şişirtsə də, əsil həqiqətdə bu problem mövcuddur.
Digər bir maraqlı məsələ isə ondan ibarətdir ki, düşərgədən fərqli olaraq, Müsavat partiyası daxilində daha ilginc proseslər baş verməkdədir. Ola bilsin ki, tam gücünü və mahiyyətini itirmiş müxalifət düşərgəsi ilə müqayisədə Müsavat partiyasında olan proseslər daha pozitiv görünür.
Bunun isə tam fərqli prizmalardan izahları mövcuddur. Çünki Müsavat partiyası birbaşa müxalifət düşərgəsində məhz bu cür ab-havanın yaradılmasında xüsusi rola malikdir. Elə Müsavat başqanı İsa Qəmbərov gecə-gündüz məhz bu işin üstündə baş sındırıb. Ona görə də, düşərgədə bu cür vəziyyətin hökm sürməsi ilə əlaqədar demək olar ki, o, istəyinə çatıb. Bir faktı da qeyd etmək yerinə düşərdi ki, müxalifət düşərgəsində elə şəxslər var ki, onlar məhz problem yaratmaqla məşğuldurlar. Misal olaraq, AXCP (i) sədri Əli Kərimov qarşısına məqsəd qoymuşdu ki, mərhum Əbülfəz Elçibəydən sonra bu partiyanı hissələrə bölüb dağıdacaq. O, bu niyyətinə çatdı. İndi quru adı qalmış rəmzi xarakter daşımaqdadır. Elə onun yaxın "dostu" İ.Qəmbərov da Müsavat partiyasının "dizini yerə qoymağı" bacardı. Daha bu kişilərə kimin nə sözü ola bilər? Onlar öz əməllərilə nümunə olublar. Amma heç kim və heç kəs nədənsə özündən sonranı düşünmür. İ.Qəmbərovun indi düşünməyə kifayət qədər vaxtı var. Çünki görmüş olduğu işlər naminə o, artıq özünün yaxasını bir çox mətləblərdən kənarda saxlamağı bacarmadı. Müsavatda olanlar indi onun üzünü cırırlar. Başqan isə özündən sonra varis kimi Qubad İbadoğlunu elan etsə də, bu məsələ "kişinin" başına bəla oldu. Artıq partiyada hamı ona qarşı mübarizəyə qalxmışdır. Birc Pənah Hüseynov qalmışdı ki, o da Qəmbərovu topa tutub, təqaüdə getməyi msləhət gördü. Onun iddiasından sonra isə partiyada münasibətlər daha da gərginləşdi. Onun ardınca "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da proseslərə təsir etməyə başlayıb. Elə bu səbəbdən də, P.Hüseynovla R.Arifoğlu arasında gərgin münasibət mövcuddur.
Qeyd edək ki, P.Hüseynov, Müsavat deputat qrupunun rəhbəri kimi, proseslərin gedişində onunla hesablaşmağın zəruri olduğunu irəli sürərək, bir çox mətləblərdən onun mövqeyinin keçərli olmasını iddia edib. Həmçinin, bildirib ki, Müsavat partiyasının yenidən bərpasında onun rolu danılmazdır. Bunun üçün tarixi arxivlərə müraciət etməyə lüzum olmadığını qeyd edən Pənah "bəy" "onun mövqeyi ilə hesablaşılsın" prinsipini irəli sürüb. Bütün bunlar isə, Müsavat partiyası daxilində daha böyük ziddiyyətlərə səbəb olduğundan, artıq quruma formal sədrlik funksiyasını yerinə yetirə bilməyən İ.Qəmbərov qaçmaq məcburiyyətində qalıb. Hələlik, onun harada və hansı şəraitdə olması barədə bir xəbər yoxdur. Bir çoxları onun neçə gündür evdən çıxmadığını bildirsələr də, başqa mənbələr Qəmbərovun xaricə qaçmasını iddia edir. Olanlar isə partiyanın sonluğa yaxınlaşmasını bir qədər də sürətləndirir.