PDF Oxu

Müxalifət

  • 15

Müsavat və “Azadlıq” bloku

Müsavat və “Azadlıq” bloku
Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərində ötən seçkilərdəki kimi məğlubiyyətə uğrayacaqlarını başa düşən radikal müxalifət partiyaları ümidini 2010-cu ildə keçiriləcək parlament seçkilərinə bağlayıb. Onlar, hər seçki prosesində olduğu kimi, parlament seçkilərində də uğur qazanacaqları haqqında iddialar irəli sürməyə başlayıblar. Məsələ burasındadır ki, bələdiyyə seçkilərinə hazırlıq mərhələsində də radikal müxalifət partiyaları öncədən aktivlik nümayiş etdirəcəklərini, vahid mövqe ortaya qoyacaqlarını bildirsələr də, sonradan seçki prosesinə qatılmaqda belə tərəddüd etdilər. İndiki məqamda isə görünən odur ki, onların pərakəndə halda qatıldıqları seçki prosesində qazanacaqları heç də əvvəlkilərdən fərqlənməyəcək.
Bütün seçkilərdə fikir ayrılıqlarının və ziddiyyətlərin kulminasiya nöqtəsinə çatdığı müxalifət düşərgəsində nə qədər birliyin əldə olunacağı bəyanatları verilsə də, əməldə iddialar reallaşmayıb. Müxalifət partiyaları üçün əsil başağrısına çevrilən "vahid mövqe" məsələsi onlar üçün sanki qlobal problemə çevrilib. Maraqlı odur ki, öhdəsindən gələ bilmədikləri bu problemin həllini də düşdükləri vəziyyətdən yeganə çıxış yolu görürlər. Hesab edirlər ki, müxalifət düşərgəsində siyasi aktivliyin yaranmasının əsas şərtlərindən biri aparıcı müxalifət partiyalarının seçkiyə birlikdə qatılması ilə bağlıdır. Hazırkı siyasi situasiyada bunun reallaşması mümkün olmadığından, onların hər hansı bir uğura imza atacaqları da inandırıcı deyil. Hər zaman "Güc birlikdədir" deyən müxalifət partiyalarının hər şeyə rəğmən bir araya gələ bilməmələri liderlər arasındakı buzların da uzun müddətli ərmiməməsinə gətirib çıxarır.
Son zamanlar isə bəzi mətbuat orqanlarında müxalifət partiyalarının yeni birlik formatının yaranacağı haqqında məlumatlar dərc olunur. Bu tip məlumatlara cəmiyyət artıq adət etsə də, bunun baş tutacağına ümidlər sıfıra bərabərdir. Burada konkret söhbət Müsavat partiyası ilə "Azadlıq" blokunun birliyindən söhbət gedir. AXCP (i)-nin sədr müavini Nurəddin Məmmədli açıqlama verib ki, indiki vəziyyətdə real müxalifət qüvvələrinin vahid mövqedən çıxış edərək, bir ideya ətrafında toplaşmasına ehtiyac var. Partiya funksionerinin fikrincə, müxalifətin birləşməsinin bir çox problemli məqamları var və bunun üçün geniş müzakirələrin aparılmasına ehtiyac var.
"Azadlıq" siyasi blokunda təmsil olunan "Vətəndaş və İnkişaf" partiyasının ("VİP") sədri Əli Əliyev müxalifətin seçkiöncəsi yeni seçki blokunun yaradılmasından danışarkən, bildirib ki, mövcud situasiyada müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların ortaya qoyduğu mövqe və prinsiplər "Azadlıq" blokunun mövqeyi ilə üst-üstə düşmür və bunun üçün blokun genişləndirilməsi müzakirə edilmir. Hələlik, blokda təmsil olunmaq istəyi ilə onlara heç bir müraciət daxil olmayıb.
Müsavat partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev də bildirib ki, parlament seçkilərinin əsas mövzusu müxalifətin koalisiyasının yaradılması məsələsi olmalıdır. O, qeyd etdi ki, ölkədə real müxalifət adına iddia edəcək bir neçə siyasi partiya var. Bu partiyaların da yalnız ikisi, ən çoxu üçü real strukturlara və siyasi proseslərə təsir imkanlarına malikdir ki, bu qüvvələr arasında da müəyyən danışıqların aparılması və hansısa koalisiyaların qurulması mümkündür. A.Hacıyev Müsavatın bu istiqamətdə AXCP (i) ilə müttəfiqlik münasibətləri qurulmasında maraqlı olduğunu vurğuladı. Hətta onun sözlərinə əsasən, siyasi qüvvələr arasında hər hansı birliyə nail olunması üçün müzakirələr, öncə, mətbuatda deyil, siyasi partiyalar arasında başlanmalıdır.

Digər xəbərlər