Müsavat başqanının Avropa “turne”sinin əsil tərəfləri üzə çıxır
Bu günlərdə İspaniyanın Barselona şəhərində Avropa Liberal Demokratlar İttifaqının (ALDİ) növbəti toplantısı keçirilib. Müsavat partiyası da ötən ildən həmin təşkilata üzv olduğu üçün, başqan İsa Qəmbərovun şəxsində, bu sammitdə iştirak ona da şamil olunurdu. Elə bu səbəbdən də, İ.Qəmbərov Avropada donuz qripinin tüğyan etdiyi bir vaxtda Avropa ölkələrinə səfərə çıxıb. Hər halda, başqanın Avropa dəyərlərinəmi və yaxud, oradakı müəyyən açıq-saçıqlığamı hayil-mayil olması, onun bu səfərinə zəmin yaradıb. Ona görə də, başqan durmadan və fikirləşmədən Avropa Liberal Demokratlar İttifaqının növbəti sammitini əsas gətirərək, hazırkı situasiyada aradan çıxmağı məqbul sayıb. Öncə, qeyd edək ki, ölkəmiz növbəti vacib və əhəmiyyətli bir proses ərəfəsində olduğu zamanlarda müxalifət yetkililəri, başda İ.Qəmbərov, Əli Kərimov, Eldar Namazov, İqbal Ağazadə və Lalə Hacıyeva kimiləri məhz ölkədən uzaqda olmaqla, müəyyən məsələlərdə özlərini sığortalamış kimi görüntü yaratmağa çalışırlar. Əslində isə, bütün bu məqamların arxasında bu tiplərin kənardan nə dərəcədə asılı olduqları tam tərəfləri ilə cəmiyyətə təqdim olunur. Digər bir tərəfdən isə, müxalifət dönə-dönə, dolayısilə də olsa, ölkəmiz üçün əhəmiyyətli məsələlərdə maraqlı olmadığını nümayiş etdirir. Digər tərəfdən isə, müxalifət təmsiləçilərinin bu cür hərəkətləri onların ölkəmiz üçün deyil, şəxsi mənafelər naminə addım atmaqda nə dərəcədə israrlı olduqlarını yenidən aşkarlamış olur. Odur ki, İ.Qəmbərovun Barselonada ALİ-nin sammitində iştirak edib müəyyən şəxslərlə görüşməsi, görünür, onun üçün daha vacib və əhəmiyyətli imiş. Məhz bu səbəbdən də, Müsavat başqanı əlimyandıda Avropaya üz tutub. Baxmayaraq ki, onun, formal olaraq, rəhbərlik etməyə çalışdığı partiyada vəziyyət heç də ürək açan deyil. Artıq başqanın mövcudsuzluğundan istifadə edən Arif Hacıyev, Rauf Arifoğlu və başqaları müəyyən bəyanatlar səsləndirir.
Ümumilikdə götürdükdə isə, başda Müsavat partiyası olmaqla, müxalifət sözün əsil mənasında, həlledici sınaq qarşısında aciz duruma düşüb. Üzdə görüntü naminə ağız dolusu danışıb, həlledici məqamda qaçmaqla işini bitmiş hesab edən müxalifət, budəfəki sınaqdan çətin salamat çıxsın. Çünki qarşıdan gələn bələdiyyə seçkilərində müxalifət zəruri prinsipləri yerinə yetirməyi belə bacarmır.