İsa Qəmbərovun Avropa ölkələrinə səfəri rüsvayçılıqla nəticələnib
Özünü "ana müxalifət" adlandıran Müsavatda da vəziyyət hər zamankı kimi ağır olaraq qalmaqdadır. Partiyanın siyasətdən uzaq başqanı İsa Qəmbərov pul yığmaq məqsədi ilə xaricə səfərlərini yenə də davam etdirir. Təbii ki, bu səfərlər, ancaq şəxsi maraqlar, bir də xarici qüvvələrin naminə edilir. İndi də başqan İspaniyaya səfər edib. Yəqin İ.Qəmbərov "bəy" ispanlardan da nə isə qoparmaq istəyir. Təbii ki, bütün bunlar satqınçılıq, ölkəyə, millətə xəyanət hesabına edilir.
Ən çətin durumun hökm sürdüyü partiyalardan biri Əli Kərimovun rəhbərlik etdiyi AXCP (i)-dir. Adıçəkilən partiyanın digər müxalifət partiyaları kimi sosial bazası tamamilə iflic olub. Partiyanın rəhbər heyətində çalışan şəxslərin AXCP (i)-dən uzaqlaşmaları Ə.Kərimovun yarıtmaz siyasətçi olduğunu bir daha üzə çıxardı. Qeyd etdiyimiz kimi, bir zamanlar Ə.Kərimovun müavini Fuad Mustafayev hər vəchlə çalışırdı ki, Ə.Kərimovu partiyadan uzaqlaşdırsın. Ona görə də, adıçəkilən partiyanın qurultayı keçirilmirdi. Sonda isə, F.Mustafayev postu ilə vidalaşdı. Əslində, bu, Ə.Kərimovun çirkin oyununun nəticəsidir.
Bunlar onu göstərir ki, özünü "boss" kimi aparan qüvvələr ya partiyadan uzaqlaşıb, yeni siyasi qurum yaradırlar, ya da partiya daxilində təxribatçı əməllərini davam etdirirlər. Lakin müxalifət liderləri əbədi olaraq partiya sədri olmaq istəyirlər. Sonra da demokratiyadan danışırlar. Ancaq heç kəsə sirr deyil ki, rəhbərlik etdikləri partiyalarda diktatura rejimi yaradan "bəy"lərin siyasi fəaliyyətlərinin sonu çatıb.