Müsavat başqanının yeni fırıldaqları
Bəlli olduğu kimi, müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin daim istifadə etdikləri bircə metodları var ki, bu vasitə ilə daha çox öz imkanlarını genişləndirmək və yolları üstünə çıxmaq istəyən şəxsləri uzaqlaşdırmaqdır.
Maraqlı məqamlar isə ondan ibarətdir ki, bələdiyyə seçkiləri ərəfəsi daha çox düşərgə daxilində özlərini "lider" formasında göstərməyə çalışanlar, nəyin bahasına olur-olsun, təmsil olunduqları partiyalarada daxili əngəllərini aradan çıxarmaq məqsədilə bu prinsiplərdən istifadə edirlər. Elə bu günlərdə "Yeni Müsavat" qəzetinin yubileyi ilə bağlı keçirilən tədbirdə Müsavat başqanı İsa Qəmbərovun "xeyirxahlığı" heç də Rauf Arifoğluya xoş gəlmədi. Bizə yaxın mənbənin verdiyi məlumatına görə, bundan qeyzlənən "Yeni Müsavat"ın baş yazarı başqanın bu hərəkətinə tutarlı cavab hazırladığı bildirilir. R.Arifoğlu bildirib ki, İ.Qəmbərov nüfuz savaşının həyata keçirilməsi üçün kimlərisə qurban vermək məqamı axtarır: "Ancaq başqan bilməlidir ki, onunla 16-17 il yol getmişəm və İ.Qəmbərovun hansı xislətə malik olduğunu da yaxşı anlayıram. Ona görə də bu yolla nüfuz qazanmaq olmaz. Çünki İ.Qəmbərov artıq funksionerlər tərəfindən də qəbul edilmədiyini yaxşı görür".
R.Arifoğlu bələdiyyə seçkiləri ərəfəsi düşərgədə baş verənlərə də aydınlıq gətirərək bildirib ki, aparılan mübarizədə, tam şəkildə demək olmaz ki, bir partiya sədri mütləq qalib olub: "Çünki istənilən uğur müvəqqəti xarakter daşıyıb. Belə ki, müəyyən zaman kəsiyindən sonra nisbətən irəliləyən partiya sədri, sonradan əks-mövqeyinə qayıtmalı olub. Bu, nöqteyi-nəzərdən, müxalifət düşərgəsində hər zaman partiya sədrləri arasında çəkişmələr baş verib. Təbii ki, mövcud qarşıdurmalar, ümumilikdə, müxalifətin ziyanına işləyib. Həmçinin, ictimai rəyin dəstəyindən məhrum olan müxalifət başbilənləri sıravi üzvlərin də onlardan uzaqlaşmalarına səbəb olublar. O cümlədən, Müsavat başqanı İsa Qəmbərov kimilər cəmiyyət üçün qəbuledilməz qüvvəyə çevrilib".
"Yeni Müsavat"ın baş yazarı onu da bildirib ki, əgər əvvəlki seçkilərərəfəsi bəzi məqamları yada salsaq, deyilənlərin nə qədər real olduğunu bir daha görmüş olarıq. Belə ki, cari ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri ərəfəsi də müxalifət liderləri fəallıq nümayiş etdirməyə, zorən ictimai rəyə daxil olmağa səylər göstərirlər. Onlar gah qeyri-ciddi sonluqla nəticələnən toplantılar keçirir, gah da rayonlarda məzhəkələr qurub, şoular yaradırlar. Hərdənbir onlara hakimiyyət tərəfindən təzyiqlərin olduğunu uyduraraq, hay-küy də qoparırlar. Görünür, İ.Qəmbərov bu seçkiərəfəsi çirkin vasitələrin bütün incəliklərindən istifadə etməyə səy göstərmək istəyir".
Deyilənlərlə həfikir olduqlarını bildirən Müsavat partiyasının Sabirabad rayon təşkilatının üzvü Elsevər Hətəmov, Şahin Əliyev və Fərasət Zahidov "Səs" qəzetinə verdikləri açıqlamalarında dedilər ki, istər rayon icra hakimiyyətinin, istərsə də, rayonun hüquq-mühafizə orqanlarının heç bir təzyiqi ilə üzləşməmişik: "Onlar rayon ictimaiyyətinin təzyiqi ilə üzləşirlər. Bir də adamda gərək həya ola! Biz də belə səviyyəsiz və mənəviyyatsızlarla bir yerdə olduğumuza görə həm rayon camaatı, həm də ailəmiz qarşısında başıaşağıyıq. Bu gün bu kəslər meydanda tək qalıblar. 5-10 nəfər ətraflarında olanlar da onlardan üz döndəriblər".
Müsavat funksionerləri bildirdilər ki, müxalifət bölgələrdə seçkilərin təbliğatına start verilməmiş "təşviqat kampaniyası" adı altında, əslində, yalançılıq və qaryaxma ilə məşğul olmaq istəyirlər. Çünki insanlar istər indi, istərsə də, təşviqat kampaniyası zamanı radikal müxalifətin təmsilçilərinin olduğunu başa düşdükdə, onları qəbul etməyəcəklər. Çünki bəzi yerlərdə insanlar radikal müxalifətin onların yaşadıqları yerlərə daxil olmalarını yolverilməz hal kimi qiymətləndirir, bunu özlərinə qarşı təhqir hesab etdiklərini bildirirlər. Göründüyü kimi, baş verən hadisələr onu göstərir ki, radikallar seçki ərəfəsi hay-küy yaratmaqla diqqət mərkəzinə çevrilməyə daha çox səy göstərir. Belə bir prosesə əl atan Müsavat başqanı İsa Qəmbərov da bələdiyyə seçkilərinin vaxtı yaxınlaşdıqca xaricdən aldığı maddi və mənəvi dəstəyə arxalanaraq, hər cür primitiv ideyalarla çıxış etməyə başlayıb. Belə ki, İ.Qəmbərovun "xeyirxahlığ"ının məqsədi də bəllidir. R.Arifoğlunu sözlərinə görə, İ.Qəmbərov bölgələrdə qruplar şəklində iğtişaşlar yaratmaq, mərkəzdə isə, kütləvi aksiyalar keçirilməsinə çalışmaq istəyindədir. İ.Qəmbərov bildirir ki, "biz, heç olmasa, bu seçkilərdən öz maraqlarımızın təminatı üçün yaranan hər cür üsullardan istifadə etməliyik. Müxalifətdən bizə dəstək verən olmasa, onlar xəyanətkar və satqın kimi ifşa olunacaqlar". Bu cür qarayaxmalar, onu deməyə əsas verir ki, İ.Qəmbərov bu günə qədər, siyasi fəaliyyəti ərzində, tətbiq etmədiyi və ya edə bilmədiyi hər cür cəfəngiyyatı bundan sonra həyata keçirmək niyyətindədir".
R.Arifoğlu İ.Qəmbərovun ifrat dərəcədə radikallıq nümayiş etdirməsinin partiya üçün acınacaqlı nəticələrə səbəb olacağı qənaətindədir. Onun sözlərinə görə, cəmiyyət, eləcə də, müxalifət düşərgəsində təmsil olunan sıravi müxalifət üzvləri radikallığı qətiyyətlə rədd edirlər. Ona görə də, İ.Qəmbərovun siyasi fəaliyyət istiqamətini məlum olmayan səbəblərdən daha da kəskinləşdirməsi Müsavat üçün arzuolunmaz nəticələrlə yekunlaşa bilər: "Müsavatın əksər rayon təşkilatları ictimai sifarişə uyğun olaraq, İ.Qəmbərovla birgə siyasi mübarizəyə son qoyacaqları qənaətindəyəm. Bu, reallıqdır, düşünürəm ki, özünü siyasətçi hesab edən hər bir şəxs bu reallığı qəbul etməlidir."