PDF Oxu

Müxalifət

  • 10

Bələdiyyə seçkilərinə hazırlıq necə gedir?

Bələdiyyə seçkilərinə hazırlıq necə gedir?
Məlum olduğu kimi, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Hazırda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Artıq 1718 bələdiyyə üzrə 30 minə yaxın şəxsin namizədliyi təsdiq edilib. Bəs siyasi partiyaların seçkilərə hazırlıq işi necə gedir? Bu yazıda bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.
Bu ilki bələdiyyə seçkilərində ən çox namizədlə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsil olunacağı proqnozlaşdırılır. Partiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seçkidə partiya şəklində qatılmaq barədə qərar verən YAP üzvlərinin namizədliklərinin irəli sürülməsi prosesi başa çatıb. Proses zamanı YAP namizədləri əngəllərlə üzləşməyib.
"Ümid" partiyasının icra aparatının rəhbəri Nəsimi Məmmədli isə bələdiyyə seçkilərilə bağlı işlərinin yaxşı getdiyini deyir. Onun sözlərinə görə, partiyanın seçki qərargahından bütün bölgələr üzrə nümayəndələr təhkim olunublar: "Hər bir bölgə üzrə namizədlər irəli sürülür. Konkret rəqəm deyə bilmərəm. Ancaq bələdiyyələrin əksəriyyətində və seçkinin keçirildiyi bütün dairələr üzrə namizədlər irəli sürülüb. Onların bir qismi namizəd kimi qeydə alınıb, bir qismi imzatoplama kampaniyası keçirir".
"Ümid" partiyasının sədri İqbal Ağazadə isə, qarşıdan gələn bələdiyyə seçkilərinə münasibət bildirərkən deyib ki, "Bu gün namizədlər siyahısına baxanda "Ümid" partiyasının apardığı təbliğat çox yüksək səviyyədə olmasa da, Azərbaycanı tam şəkildə əhatə etməsək də, partiya kimi əzı azı 900 subyektdə iştirak edəcəyik. Bu da 3 mindən artıq namizədin seçki marafonuna qatılması ilə nəticələnəcək. Hesab edirəm ki, bu sayda ikinci bir müxalifət partiyası seçkidə olmayacaq. Hesab edirəm ki,bələdiyyə seçkilərində hakimiyyətin ən ciddi alternativi "Ümid" partiyası olacaq".
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvləri isə hazırda əsasən imzatoplama kampaniyası ilə məşğuldur. Partiyanın təşkilat şöbəsinin rəhbəri Xəzər Teyyublu artıq bir neçə yerdə namizədlərinin qeydiyyata alındığını deyir: "Məsələn, Sumqayıt və Şamaxı şəhərlərindən qeydiyyata alınan namizədlərimiz var. Namizədlərin irəli sürülməsilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddət bitəndən sonra biz prosesi ümumi şəkildə dəyərləndirəcəyik".
Azərbaycan Demokrat Partiyası (ADP) seçkiyə partiya olaraq qatılmasa da, üzvlərinə sərbəstlik verib. Partiya İdarə Heyətinin qərarına əsasən, istənilən ADP üzvü sərbəst şəkildə bələdiyyəyə namizədliyini irəli sürə bilər. ADP sədrinin müavini Rəşid Mənsurov deyib ki, hazırda ADP-çilər namizədliklərini irəli sürür: "İndiyədək ciddi bir maneə ilə rastlaşmamışıq. Yalnız kiçik süründürməçiliklər olub. Məsələn, DSK-larda adi bir məsələ ilə bağlı get-gələ salıblar. Ancaq ümumilikdə ciddi problem yoxdur. Üzvlərimizə həm hüquqi, həm də sənədlərinin hazırlanması işində köməklik edirik, bundan sonra da onların işinə dəstək verəcəyik".
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qarşıdan gələn bələdiyyə seçkilərində partiya şəkilində iştirak etməməyə qərar verib. Bu barədə SİA-ya AMİP mətbuat və təbliğat katibi Əli Orucov məlumat verib: "Bildiyiniz kimi, seçkidə partiya şəklində iştirak üçün xeyli sayda sənədlər tələb olunur. Bunları bir araya gətirmək üçünsə kifayət qədər maliyə lazımdır. Bizdə isə maddi imkanlar bəllidir. Bu səbəbdən də qərara almışıq ki, üzvlərimiz fərdi şəkildə prosesə qatılsınlar".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) üzvləri də namizədliklərini irəli sürməkdə davam edir. Partiyanın baş katibi, BAXCP Seçki Qərargahının rəhbəri Söhrab Abdullayev bildirib ki, 1000-ə yaxın namizədin irəli sürülüb: "Bu sayda namizəd təxminən 700 bələdiyyə üzrə irəli sürüb. Eyni zamanda, üzvlərimiz arasında namizədliyini fərdi qaydada irəli sürənlər də var. Biz bu işə başlayanda 900 namizəd irəli sürəcəyimizi hədəfləmişdik. Artıq demək olar ki, qoyduğumuz hədəfə çatmışıq. Qurduğumuz plana uyğun olaraq işlərimiz davam edir".
Müsavat partiyası da bələdiyyə seçkilərində partiya şəklində iştirak etməklə bağlı qərar qəbul edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacıyev bildirib ki, artıq bunun üçün lazımi sayda bələdiyyədən namizədlərini müəyyənləşdirərək sənədlərini oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib: "Ancaq bu günə qədər də MSK Müsavatın sənədlərinə baxmayıb, partiyamızın səlahiyyətli nümayəndələrini təsdiq etməyib. Bu da Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirakına maneçilik törədir. Bundan başqa, bir sıra bürokratik əngəllər törədilir. MSK-nın bir sıra təlimatları bu çətinlikləri daha da artırır".
Lakin MSK-nın növbəti iclasında Müsavat yetkilisinin yalan söylədiyi ortaya çıxdı. Məlum olduğu kimi, partiyadan heç bir əlavə sənəd istənilməyib və partiya nümayəndəsi vacib sənədləri quruma təqdim edib.
Yeri gəlmişkən noybarın 3-də keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında bələdiyyə seçkiləri ilə bağlı Müsavat və Liberal Lemokrat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.
MSK katibi Natiq Məmmədov bildirib ki, Müsavat seçki komissiyasına təlimatlarda nəzərdə tutulmuş sənədlərdən çox sənəd təqdim edib. Onun sözlərinə görə, əlavə olaraq partiya adından açıqlama verilib ki, guya MSK nümayəndələri onlardan əlavə sənədlər tələb ediblər: "Mən bu məsələni araşdırdım və onlardan heç bir əlavə sənəd tələb olunmayıb. Onların mətbuatda yaydıqları məlumatlarda belə anlaşılır ki, biz bu partiyanın nümayəndələrinin qeydə alınmasını istəmirik. Əksinə, biz heç kimə maneçilik yaratmırıq, onlara yardım etməyə çalışırıq".
MSK sədri Məzahir Pənahov bildirib ki, yerlərdə namizədlərin qeydə alınması məsələsi müvəffəqiyyətlə davam edir: "Siyasi partiyalar tərəfindən 20-ə yaxın partiya öz adından namizədliyini irəli sürüb. 1718 Bələdiyyə üzrə 28 826 nəfər müraciət edib. Onların hamısına imza vərəqələri paylanıb. 27 728 nəfər imza vərəqələri götürüb. Artıq 7 927 nəfər qeydiyyatdan keçib. Bu qeydiyyatdan keçənlərin arasında 10 partiyanın irəli sürdüyü namizədlər var".
Yeri gəlmişkən, indiyədək 17 siyasi partiya rəsmi olaraq seçki marafonuna qoşulub. Ümumilikdə isə 28 siyasi partiyanın üzvü seçkiyə qatılıb. Bu sıraya yuxarıda adları çəkilən partiyalarla yanaşı Ana Vətən Partiyası, Ədalət Partiyası, Müasir Müsavat Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Kommunist Partiyası, Böyük Quruluş partiyası, Müasir Müsavat Partiyası, Azərbaycan Yurddaş Partiyası və başqaları daxildir. Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.
Siyasi partiyaların seçki hazırlıqlarının normal getdiyi bir zamanda bəzi radikal müxalifətçilər tərəfindən seçkilərin saxtalaşdırılacağı haqda iddialar irəli sürülməsi radikalların hansısa yeni oyuna başlamaq niyyətində olduqlarını göstərir. Gülməlisi isə odur ki, bu adamlar hələ keçirilməmiş seçkinin demokratikliyini şübhə altına almağa çalışırlar. Belə bir analoq dünya təcrübəsində rast gəlinməyən hadisədir. Çünki seçkilər bitməmi? onun nəticələri barədə kimsə nəsə deyə bilməz.
Bəzi funksionerlər bildirirlər ki, bələdiyyə seçkiləri demokratik olamayacaq, ona görə də orada iştirak etmək lazım deyil. Guya müxalifət bu seçkinin nəticələrini tanımayacaq. Lakin, hansısa siyasi qüvvələrin seçkilərin nəticələrini tanıyıb-tanımamaları bütünlükdə xalqın seçkilərə münasibəti demək deyil. Xalq bir nəfər kimi gedib seçkilərdə iştirak edəcəksə, kimin nə mənəvi, siyasi, yaxud hüquqi haqqı olacaq desin ki, yox biz bu seçkilər tanımırıq.
Dəfələrlə qeyd olunub ki, müxalifət uğursuzluğunun kökünü başqa yerdə axtarmasın, son vaxtlar dəb halını almış "xalq günahkardır", "mübarizəyə hazır deyil" kimi deyimlərlə baş qatmasın. Düşərgənin uğursuzluğunun suçu siyasi arenanı tərk etmək istəməyən ənənəvi müxalifət liderlərinin özündədir. Artıq bu həqiqət düşərgənin öz daxilində dərk edilir və ara-sıra dilə gətirilir. Maraqlıdır ki, ənənəvi müxalifət liderlərinin tənqidi elə düşərgənin öz içindən, liderlərə yaxın şəxslər tərəfindən səslənir.
Siyasi dairələrdə diskussiya obyektinə çevrilən söhbətlərdən biri də növbəti seçkilərədək ortaya yeni qüvvələrin çıxması ilə bağlıdır. Amma iri partiyalar öz ətradflarında keçilməz sədd yaradaraq, kiçik partiyaları gündəmdən kənarda saxlamağa çalışırlar. İri partiya liderləri düşünür ki, biz bu boyda partiya ola-ola ətrafımızda cəmi 1-2 yüz adam var, o zaman 5-3 nəfərlik partiyalar bizim nəyimizə lazımdır?
Hazırki siyasi vəziyyəti və cəmiyyətdəki rəyləri nəzərə alsaq, möcüzə baş verərsə bələdiyyə seçkilərində müxalifət ümumilikdə maksimum 1 faiz səsə ümid edə bilər. Beləliklə də, növbəti fiaskoya uğrayan radikal müxalifət siyasi səhnədən tamam silinəcək və yeni konstruktiv müxalifət meydana çıxacaq.

Digər xəbərlər