“Azadlıq” bloku bölgələrdə igtişaşlar törətməyi planlaşdırır
Zaman-zaman müxalifət düşərgəsində təmsil olunan radikal partiyalar ölkədəki ictimai-siyasi sabitliyi pozmaq üçün müxtəlif vasitə və üsullardan istifadə ediblər. Bu cür faktlarla bağlı kifayət qədər misallar çəkmək olar. Sadəcə, 2003-cü il 15-16 oktyabr iğtişaşlarını, eləcə də, 2005-ci il 26 noyabr qarşıdurmasını göstərməklə, radikal müxalifətin yaramaz və şərəfsiz fəaliyyətinin konkret incəliklərini açıqlamaq olar. Bütün hallarda radikal müxalifət iğtişaşları özlərinin istəyi ilə deyil, xarici anti-Azərbaycan mövqeli qüvvələrin tapşırıqları əsasında həyata keçirməyə çalışıblar. Lakin reallıq ondan ibarətdir ki, xarici maraqlı qüvvələrin əlaltısı rolunda çıxış edən "AXCP" (i), Müsavat, ADP və bu kimi digər xalqdan ayrı düşən pozucu qruplar bəd niyyətlərini həyata keçirə bilməyiblər. Çünki xalq-hakimiyyət vəhdəti pozucu xislətli qüvvələrin terror törətmək əməllərinin reallaşmasına imkan verməyib. Nəticə isə, ondan ibarət olub ki, xalqın radikal müxalifətə olan mənfi münasibəti daha geniş xarakter daşıyıb. Bu isə həmin şərəfsizlərin bütün taleyüklü tədbirlərdə acınacaqlı məğlubiyyətlə üzləşmələrinə səbəb olub. Bu cür mənfi münasibətə baxmayaraq, radikal müxalifət öz çirkin əməllərini davam etdirməkdədir.
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini pozmaq üçün anti-Azərbaycan mövqeli qüvvələrlə radikal müxalifət partiyaları birlik nümayiş etdirməkdədirlər. Verilən məlumatlara görə, maraqlı qüvvələr tərəfindən radikal müxalifətə 187 min dollar maliyyə vəsaiti ayrılıb. Həmin vəsaitin yalnız 35 mininin Müsavat partiyasına çatdığı bildirilir. Yəni vəsaitin əsas hissəsi "Azadlıq" siyasi blokuna verilib. Bu isə, o deməkdir ki, bölgələrdə törədilməsi nəzərdə tutulan iğtişaşarın əsas yükü "Azadlıq" blokunun üzərinə qoyulub.
Qurumdakı mənbəmizin "Səs"in müxbirinə verdiyi məlumata görə, xaricdən verilən tapşırığı yüksək səviyyədə yerinə yetirmək üçün "Azadlıq" blokunun təsisçiləri geniş fəaliyyətə başlayıblar. Sədrlər Şurasının iclasını keçirib, iğtişaşların törədilməsi üçün vəzifə bölgüsü aparılıb. Məlumata görə, qarşıdurmaların yaradılması üçün, ilkin olaraq, 12 qrup yaradılıb. Həmin qrupa rəhbərliyi ALP-nin sədr əvəzi Əvəz Temirxan həyata keçirəcək.
Mənbəmizin, əlavə olaraq, verdiyi informasiyaya görə, gələn həftədən "Azadlıq" blokunda təmsil olunan partiyaların funksionerləri ezam olunacaqlar. Onlar əhali arasında anti-təbliğat kampaniyası aparacaq, dövlət və xalq əleyhinə həqiqəti əks etdirməyən ittihamlar səsləndirəcəklər. Bununla onlar insanlar arasında narazılıq yaradıb, qarşıdurmaların törədilməsinə yol açmağa çalışacaqlar. İstəklərinin reallaşdığı ərəfədə əvvəlcədən müəyyənləşdirilmiş pozucu qrupların üzvləri dövlət əhəmiyyətli binalara hücum edəcək, avtomaşınların və dükanların şüşələrini sındırmağa çalışacaqlar. Bununla da insanlar arasında vahimə yaratmağa cəhdlər göstərəcəklər. Ancaq tam əminliklə demək olar ki, radikal müxalifət xaricdən istənilən maddi və mənəvi dəstək əldə etməsinə baxmayaraq, Azərbaycanda pozucu aktlar keçirməyə nail ola bilməyəcəklər. Çünki Azərbaycanda yaradılan ictimai-siyasi sabitliyin bünövrəsi dərin və möhkəmdir. Xalqın hakimiyyətə olan bağlılığı isə dönməz və əbədidir. Hər hansı bir qüvvənin xalq-hakimiyyət birliyini pozması qeyri-mümkündür. Bu, realdır və mövcudluğu təkzibolunmaz faktlarla sübut edilmişdir.