İsa Qəmbərov xaricdən dəstək axtarır
Bu bir danılmaz faktdır ki, müxalifət düşərgəsində təmsil olunan radikal partiya sədrləri bu və digər formada xarici maraqlı qüvvələrlə iş birliyindədirlər. Yəni xaricdən aldıqları maddi və mənəvi dəstək müqabilində radikal müxalifət onların Bakıdakı təmsilçiləri rolunda çıxış ediblər. Dəfələrlə həmin pozucu müxalifətin ölkədəki ictimai-siyasi sabitliyi pozmaq üçün iğtişaşlar törətməyə cəhd göstərmələri xaricdən verilən tapşırıqların nəticəsi olmuşdur. Ancaq radikal müxalifət bütün vasitə və üsullardan istifadə etməyinə baxmayaraq, öz terror planlarını həyata keçirə bilməyiblər. Çünki xalq-hakimiyyət vəhdəti pozucu qrupların bəd niyyətlərinin reallaşmasına imkan verməyib. Nəticədə görünən proses ondan ibarət olub ki, radikal partiyalarla, anti-Azərbaycan mövqeli qüvvələr arasında ciddi ixtilaflar yaranıb. Daha doğrusu, tərəflər arasında iş birliyinə son qoyulub. Amma maraqların zərurətə çevrilməsi tərəflərin yenidən bir araya gəlmələrinə səbəb olub. Hazırkı mərhələdə AXCP (i) və Müsavatın xarici işbazlarla eyni mövqedən çıxış edən mövqe ortaya qoymaları da məhz zərurətdən doğan məsələ olub. Birincisi, ona görə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi irəliləyişlər müşahidə olunmaqdadır. İkincisi isə, dekabrın 23-də bələdiyyələrə növbəti seçkilər keçiriləcək. Birinci və ikinci amili pozmaq üçün xarici anti-Azərbaycan mövqeli qüvvələr Azərbaycandakı təmsilçilərini yenidən dövriyyəyə buraxıblar. Onlara ayrı-ayrılıqda maliyyə yardımı göstərmələri və Müsavat başqanı İsa Qəmbərov, eləcə də, AXCP (i) sədri Əli Kərimovla telefon əlaqələri saxlamaları da tərəflərin maraqlarının üst-üstə düşdüyünü ortaya qoyur.
Qeyd etmək lazımdır ki, Müsavat başqanı İsa Qəmbərov dünən Avropaya səfərə gedib. Müsavatdakı mənbənin "Səs"ə verdiyi məlumata görə, İ.Qəmbərov səfərinə Türkiyədən başlayıb, İngiltərə və Fransa da olmaqla, Almaniyada başa vuracaq. Müsavat başqanı İstanbulda olarkən, Fransadakı erməni diasporasının nümayəndələri ilə görüşlər keçirəcək. Bu görüşlərdə əsas hansı məsələnin müzakirə ediləcəyi qaranlıq görünsə də, hər halda, görüşün heç də sivil dialoqu əhatə etməyəcəyi şübhəsizdir.
Maraq cəlb edən məqamlardan biri də ondan ibarətdir ki, hazırda Ukraynada olan "ACP" lideri Rəsuli Quliyev də İ.Qəmbərovun keçirdiyi görüşlərə qatılmaq üçün ermənipərst mövqeləri ilə tanınan AKP hakimiyyətinin vəzifəli şəxsləri ilə danışıqlar aparılır. Sızan məlumatlara görə, həmin danışıqlara Fransadakı Azərbaycanda çirkin maraqları olan bəzi vəzifəli şəxslərində dəstək verdiyi bildirilir. O da qeyd olunur ki, növbəti həftənin bir günü R.Quliyevin Türkiyəyə səfər etməsinə AKP-nin razılıq verəcəyi güman edilir.
Digər maraqlı məqam ondan ibarətdir ki, bütün hallarda İ.Qəmbərovun pozucu mövqeyini müdafiə etmiş MHP-dən Böyük Millət Məclisinin üzvü Atilla Kaya bu dəfə fərqli mövqe ortaya qoyub. Məlumata görə, A.Kaya Azərbaycanda xarici maraqlı qüvvələrin sifarişi əsasında iğtişaşların törədilməsinin əleyhinə çıxış edib. O, "biz Azərbaycan xalqına xəyanət edilməsində vasitəçi ola bilmərik" deyə söyləyib.
Verilən məlumata görə, A.Kayanın və digər şəxslərin prisipial mövqelərinə əhəmiyyət verməyən Müsavat başqanı İ.Qəmbərov Azərbaycan xalqından qisas almaq üçün hər cür xarici danışıqlara gedəcəyini bəyan edib. Müsavat başqanın bu cür fikirlər söyləməsi Türkiyədə nəşr olunan "Axşam" qəzetinin müxbirinin nəzərindən yayınmayıb. Qəzet yazarı dostları ilə söhbətində Azərbaycan müxalifətinin nümayəndəsi olan İ.Qəmbərovun soyuq qanlı şəkildə dövləti əleyhinə çıxış etməsində təsirləndiyini qeyd edib.