İqbal Ağazədə arzuolunmaz şəxs hesab edilir
Müxalifət düşərgəsində təmsil olunan partiyalar arasında baş verən qarşıdurmalar artıq bloklara da sirayət olunmaqdadır. Ancaq birincilik iddiası nəticə etibarı ilə qurumların parçalanmasına gətirib çıxarır. Məhz "Qarabağ və Respublika Uğrunda Hərəkat" partiya sədrlərinin iddiaları səbəbində dağıldı. Yəni Müsavat başqanı İsa Qəmbərovun "Ümid" partiyasının sədri İqbal Ağazadənin müstəqil siyasət yürütməsini qəbul etməyərək, onu zərərsizləşdirməyə səylər göstərdi. Ancaq daş qayaya rast gəldiyindən, bu mübarizə uzun çəkdi. Müəyyən zaman kəsiyində gah bir tərəf, gah da o biri tərəf uğur qazandı. Sonda Müsavat başqanı İ.Qəmbərov İ.Ağazadənin müqavimət göstərməsini hec cür həzm etməyərək, "Qarabağ və Respublika Uğrunda Hərəkat"dan istefa verdiklərini bəyan etdi.
Məsələni şərh edərkən ADP sədri Sərdar Cəlaloğlu İ.Qəmbərovu iddialarının əsirinə çevrilməkdə günahlandırdı: "İ.Qəmbərov bələdiyyə seçkiləri ərəfəsi "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın parçalanmasına nail olmaqla daxildəki müəyyən qüvvələrdən sifariş aldığını nümayiş etdirdi. Bir qədər sonra İ.Qəmbərov xırda partiyaların iştirakı ilə seçki bloku yaratdığını bəyan edəcək. Bu isə görüntüdən başqa bir şey olmayacaq."
"Milli Birlik Hərəkatı"nın sədri Lalə Hacıyeva və "Vətəndaş və İnkişaf" partiyasının sədri Əli Əliyev də İ.Qəmbərovun "QRUH" parçalanmaqda günahlandırıblar. Ancaq maraqlıdır ki, məsələyə AXCP (i) sədri Əli Kərimov münasibət bildirməyib. Bu isə, onu göstərir ki, baş verənlər "Yurd" şefinin arzu etdiyi proseslərdir. O mənada ki, Ə.Kərimov İ.Ağazədəni əvvəlcədən "QRUH" daxilində görmək istəməyib. Ancaq mövqeyinin müdafiə edilməyəcəyini başa düşdüyündən, İ.Ağazadənin qrumda təmsil olunmasına etirazını bildirməyib. İ.Qəmbərovun İ.Ağazadəyə qarşı sərt mövqeyini göstərən zaman sahib olduğu qəzetlərdə Müsavat başqanına bu və ya digər formada dəstək göstərib. Dünən "Azadlıq" qəzetində dərc olunan məqalələrdə də İ.Ağazadənin Müsavata qarşı iddialarının əsassız olduğu qeyd olunub. Qəzet bəzi rayonlarda bələdiyyələrə "Ümid" adından namizədlər irəli sürüldüyünü iddia edib. Bununla bağlı faktları olduğunu da vurğulayıb.
Bütün bunlara əsaslanaraq, demək olar ki, Müsavat AXCP (i) yaxınlaşması heç də siyasi mövqelərinin üst-üstə düşməsi ilə bağlı deyil. Əsas maraq rəqiblərinin eyni olmasıdır. Yəni İ.Ağazədəni düşmən gözündə gördüklərində onu birgə zərərsizləşdirməyə səy göstərirlər.
Söz yox ki, İ.Ağazədənin arzuolunmaz şəxs hesab olunmasının konkret səbəbləri mövcuddur. İlk öncə, ondan başlayaq ki, hələ 2001-ci ilin fevral ayının 23-də Ə.Kərimovu səyi ilə yenicə siyasi arenaya çıxan "Ümid" partiyası parçalanmaya məhkum edildi. Partiyanın kollegial orqanlarının bir qrup üzvü AXCP (i)-yə keçdiklərini bəyan etdilər. O zaman xaricdə səfərdə olan İ.Ağazadə "Azadlıq" radiosuna verdiyi müsahibəsində Ə.Kərimovu "Ümid" partiyasının "desantnik"ləri vasitəsilə parçalamaqda günahlandırdı. Hətta buna görə, Ə.Kərimovdan qisas alacağını bəyan etdi. Demək olar ki, İ.Ağazadə sonrakı mərhələlərdə Nəsimi Məmmədlini və digərlərini AXCP (i)-dən qopararaq, "Ümid" partiyasına gətirməklə qismən də olsa Ə.Kərimovdan qisas aldı.
2003-cü il 15-16 oktyabr iğtişaşlarından sonra İ.Ağazadənin televziyaya çıxaraq canlı efirdən iğtişaşların törədilməsində, bilavasitə, İ.Qəmbərovun və Rauf Arifoğlunun günahkar oldğunu söyləməsi heç də uzaq keçmişdə olmayan hadisədir. Təbii ki, istər Ə.Kərimov, istərsə də, İ.Qəmbərov İ.Ağazadənin xəyanətini unutmayıblar. Baxmayaraq ki, müəyyən zaman kəsiyində İ.Ağazadəyə əl verib onunla eyni masa arxasında oturmuşlar. Ancaq onların İ.Ağazadəyə olan münasibətləri düşmən xislətindən uzağa getməyib. Məhz bu cür münasibət nəticə etibarı ilə İ.Qəmbərovla Ə.Kərimovun birləşərək İ.Ağazadəni zərərsizləşdirmələrinə gətirib çıxardı.